Abşeron yarımadasında çat dənizə qədər gedə bilər

Aktual

10.11.2020 - 15:20

İnsanları zəlzələ yox, ona davamlılığı olmayan binalar öldürür

 

Məlum olduğu kimi, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən zəlzələ 114 nəfərin həyatına son qoydu, 1035 nəfərin isə müxtəlif dərəcəli xəsarətlərlə fəlakətdən qurtarması ilə nəticələndi. Dağıntılar arasında aparılan araşdırma-qurtarma işlərinin 91-ci saatında xilas edilən 4 yaşlı qız uşağı insanların qəlbində möcüzələrə inam oyatdı.

 

“İnsanları öldürən zəlzələ yox, ona davamlılığı olmayan binalardır”, - deyə səsləndirilən fikirlər elə ilkin araşdırmada öz təsdiqini tapdı. Belə ki, zəlzələnin geniş miqyasda dağıntılara səbəb olması mütəxəssislər tərəfindən araşdırılarkən, ortaya atılan iddialardan biri də bəzi binaların tikintisində seysmik davamlılıq normalarına əməl olunmaması oldu. Son məlumatlara görə, həmin iddia ilə artıq cinayət işi də başlanıb və cinayət araşdırmaları gedişində dağılan binaların tikintisini həyata keçirən podratçı şirkətlərin 9 nəfər vəzifəli şəxsi həbs edilib.

 

İlkin məlumatlarda o da qeyd edilir ki, İzmirdə seysmik normalara cavab verməyən onlarla bina söküləcək. Bəs, görəsən, bizdə ucaldılan göydələnlərlə bağlı vəziyyət necədir? Binalar tikilərkən zəlzələyə davamlılıq nəzərə alınıbmı?

 

Mövzu ilə bağlı AYNA-ya danışan memar Zemfira Budaqova bildirib ki, Bakı seysmik zonada yerləşdiyinə görə bu məqam nəzərə alınır: “Sovet hökumətinin vaxtında beşmərtəbəli binalarda zəlzələyə davamlılıq 7-8 ballıq zəlzələ üçün nəzərə alınmışdı. Lakin 20 yanvar hadisələrindən sonra zəlzələ oldu və ondan bəri binalar tikilərkən 9-10 ballıq zəlzələyə davamlılıq nəzərə alınırdı. İndi isə çox hündür binalarda 11 ballıq zəlzələyə davamlılıq nəzərə alınır”.

 

“Bizdə binalarla bağlı bu istiqamətdə yeganə problem bir-birinə yaxın tikilməsidir. Binalar arasındakı məsafə norması gözlənilmədikdə, onun yerə verdiyi ağırlıq çoxaldığından Abşeron yarımadasını ağırlaşdırır. Artıq neçə dəfə çatlar da müşahidə olunub. Buna görə də biz bu məsələyə diqqətli yanaşmalıyıq, şəhərsalmanın qanununa əsasən, binalar bir-birindən aralı tikilməlidir. Bununla bağlı norma nəzərə alınmasa, çat dənizə qədər gedə bilər, fəlakət qaçılmaz olar”, - Budaqova vurğulayıb.

 

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi Nüsrət Qasımov da mövzu ilə bağlı AYNA-ya danışarkən söyləyib ki, bizdə binaların zəlzələyə davamlılığı nəzərə alınıb: “Bildiyiniz kimi Bakı seysmik zonadır. Bizdə inşa edilən binaların ən az 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınır. Lakin bir problem var ki, binalar bir-birinə çox yaxın tikilir. Bu da heç düzgün deyil”.

 

“Elə binalar var ki, otaqlara demək olar, günəş işığı düşmür, bu da təbii ki, ciddi problemdir. Bəzi bakteriyalar, viruslar günəş işığında ölür. Bina tikilərkən nəzərə alınmalıdır ki, bütün otaqlara günəş işığı düşsün. Əks halda həmin mənzillər yaşayış üçün o qədər də əlverişli hesab edilmir”, - Qasımov əlavə edib.

Müəllif: Aləmdə Nəsib