Erməni-yunan lobbisi “Bayraktar”a qarşı: Lakin arxadan “Akıncı” gəlir

Siyasət

14.08.2021 - 22:35

Engin Özer: “Amerika Türkiyəyə qarşı belə bir addım atmaz, atsa belə, ciddi təsiri olmayacaq”

Erməni lobbisi Türkiyənin hərbi sənaye kompleksini hədəfə alıb. ABŞ-ın 27 konqresmeni "Türk pilotsuz uçuş proqramlarının Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq dənizi və bütün dünyada sabitliyi pozan rolu" ilə əlaqədar rəsmi araşdırma aparana qədər Dövlət Departamentini Türkiyəyə dron texnologiyası ixracat lisenziyalarını dayandırmağa çağırır.

Fakt budur ki, ötən ilin payızında Azərbaycanın işğalçılara qarşı istifadə etdiyi Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının tərkibində ABŞ-da istehsal olunan və ya ABŞ-da törəmə şirkətləri olan firmaların istehsal etdiyi ən azı 10 hissə var.

News.am xəbər verir ki, 27 konqresmen dövlət katibi Entoni Blinkenə göndərdiyi ikipartiyalı bir məktubda, Türkiyənin dron sənayesi ilə bağlı bir hesabat hazırlamasını istəyib. Məktubda deyilir: "Son bir il ərzində Türkiyənin pilotsuz uçuş aparatları Azərbaycan tərəfindən Artsaxdakı mülki əhaliyə, Suriyada İŞİD-ə qarşı və Liviyadakı vətəndaş müharibəsində ABŞ-la əməkdaşlıq edən kürd qüvvələrinə qarşı istifadə edilib”.

Amerika Erməni Milli Konqresinin (ANCA) sədri Aram Hamparyan isə “Türkiyənin məsuliyyət daşıması üçün” bu ikipartiyalı çağırışa qoşulan konqresmenlərə təşəkkür edib: “Türkiyənin dron proqramının Dövlət Departamenti tərəfindən araşdırılması, Azərbaycanın Artsaxın yerli erməni əhalisinə qarşı istifadə etdiyi “Bayraktar” pilotsuz təyyarələrində Amerika texnologiyalarının istifadə edildiyini nəzərə alaraq, zəruridir”.

Yunan Amerika Liderlik Şurasının icraçı direktoru Endi Zemenides də məsələ ilə bağlı açıqlama verib: “Uzun müddətdir ki, Türkiyə ABŞ-ın müdafiə sənayesi ilə olan xüsusi əlaqələrini Amerikanın əsas maraqlarını, dəyərlərini və dünyadakı ortaqlıqlarını gözardı etmək üçün bir yol olaraq görür. Türkiyənin dron proqramı, bu müttəfiq olaraq adlandırılan ölkələrdə Amerikanın maraqlarını təhdid edən və bəlkə də Amerika qanunlarını pozan bir yoldur. Bu təhdidə diqqət yetirdikləri üçün Nümayəndələr Palatasının 27 üzvünü  alqışlayırıq”.

Bəs, Dövlət Departamentinin, erməni diasporunun pul ödədiyi konqresmenlərin bu çağırışına ciddi qulaq asacağı nə dərəcədə realdır? Axı, Departamentdəkilər də  uşaq deyillər və yaxşı bilirlər ki, Azərbaycanda, məsələn, türk pilotsuz təyyarələri işğalçıya və işğalçının texnikasına qarşı istifadə edilib, heç də dinc erməni əhalisinə qarşı deyil. Maraqlıdır, yunan-erməni lobbiçiləri uğur qazana bilərmi?

Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi, türkiyəli politoloq Engin Özer bu barədə fikirlərini AYNA ilə bölüşüb:

“Konqresmenlərin bu məktubunun məqsədindən başlayaq. Birincisi, erməni və ya yunan lobbisinin maraqları naminə Prezident Bayden heç bir qərar verməyə icazə verməyəcək. Baxmayaraq ki, düşünürəm, Co Bayden, necə deyərlər, Türkiyəyə qarşı doğru zamanda siyasi rıçaq kimi istifadə etmək üçün bu müraciəti ehtiyatda saxlaya bilər. Bəli, ABŞ, əlbəttə ki, Türkiyəni ortaq proqramlardan çıxara bilər, hərbi texnikanın bir hissəsinin və ehtiyat hissələrinin ixracını qadağan edə bilər. Amma belə bir addım atılarsa, bu, nə erməni, nə də yunan lobbisinin fəaliyyəti ilə bağlı olacaq.

Və yenə də belə bir qərar Türkiyə istehsalına təsir edə bilməyəcək. “Bayraktar” dövlət deyil, özəl bir şirkətdir, bunu vurğulamaq lazımdır. Amma təbii ki, bu firmanın Türkiyənin hərbi sənaye şirkətləri – “Aselsan” və “Roketsan” kimi dövlət şirkətləri ilə çox sıx əlaqələri var. Yəni özəl və dövlət hərbi şirkətləri arasında yüksək inkişaf etmiş əlaqələr var.

Demək istəyirəm ki, ABŞ-dan “Bayraktar” üçün bəzi ehtiyat hissələrinin tədarükünə qadağa qoyulsa, bu halda iki alternativ var. Məsələn, bu şirkət daha müasir, daha güclü və daha uzun uçuş məsafəsi olan İHA istehsalına başlayıb - buna “Akıncı” deyilir. İkincisi, Türkiyə artıq PUA -lar üçün bir çox ehtiyat hissələrini müstəqil istehsal etməyə başlayıb. Özü istehsal edə bilmədiyi detalları isə Almaniyadan almaq imkanı var.

Həm də Türkiyənin “Aselsan”ın patronajı altında başqa bir tip İHA – “Anka-S” istehsal edən bir dövlət şirkəti var. Və bu, daha avtonom bir döyüş təyyarəsidir. Onun yaradılması ilə Türkiyə dövləti məşğuldur. Yəni bunlar sırf daxili texnologiyalardır, inkişafı türklərin özləri tərəfindən həyata keçirilib.

Bu səbəbdən, “Bayraktar” ilə hər hansı bir problem yaşanacağı təqdirdə Türkiyənin ehtiyat variantları var. Bu, o deməkdir ki, Türkiyənin döyüş pilotsuz uçuş proqramının inkişafını bəzi ehtiyat hissələrinin olmaması problemi dayandıra bilməyəcək. Bu, Ankara üçün böyük bir problem olmayacaq”.

Müəllif: Rauf Orucov