Erməni yalanı ayaq tutsa da, yeriyə bilmədi

Aktual

24.11.2020 - 23:15

Saxtalaşdırılmış yer adlarının siyahısı üzərində iş aparılır

 

Qarabağdakı torpaqlarımız ermənilər tərəfindən işğal olunan zaman, ordakı yer adları dəyişdirilib, saxtalaşdırılıb. Araşdırmalara görə, 700-dən çox yer adı ermənilər tərəfindən dəyişdirilib. Amma bu torpaqların, bu yerlərin əsl adlarının üzə çıxacağı gün uzaqda deyil.

 

AYNA-ya danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi Nazim Mustafa deyir ki, ermənilər istər Ermənistan ərazisində, istərsə də Qarabağda bu adları öz istədikləri kimi dəyişiblər: “Məsələn, Ermənistan ərazisində adların bir çoxunu hərfi tərcümə edirdilər. Armudlu - Tandzut, Daşqala - Karabek və s. Adları tərcümə etmək mümkün olmayanda isə, ona bənzər ad qoyurdular. Məsələn, Ağdam - Akna, Füzuli Varanda, Şuşa – Şuşi. Göründüyü kimi, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda, tarixinə, toponimlərinə də təcavüz edib”.

 

Bu səbəbdən həmsöhbətimiz hesab edir ki, Azərbaycan mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm surətdə tədbirlər görülməlidir: “Bu işdə əlbəttə ki, mətbuat nümayəndələrinin və tarixçilərin üzərinə daha böyük məsuliyyət düşür. Ermənilər bizim təkcə tariximizi, yer adlarımızı dəyişdirməklə kifayətlənməyiblər. Bizim tariximizin izlərini Qarabağdan silməyə çalışıblar. Amma həmişə kimi, yalan ayaq tutsa da, yeriyə bilmədi”.

 

Milli Məclisi yanında Toponimiya komissiyasının üzvü İsa Həbibbəylinin AYNA-ya dediyinə görə, hazırda AMEA-da, Qarabağda mövcud olmuş yaşayış məntəqələrinin adlarının erməniləşdirilənə qədər olan siyahısı üzərində iş aparılır: “Bu iş ona xidmət edir ki, ermənilər yenidən bu məsələyə qayıtsalar, artıq əlimizdə hazır faktlar olsun. Alimlərimiz bu sahədə dəqiqləşdirmə işləri aparırlar və belə bir siyahı tərtib edirik”.

 

“Araşdırmalar müxtəlif mənbələrə əsaslanır. Alimlərimiz tarixi mənbələr, Osmanlı vergi dəftəri, 1903-cü ildə tərəfsiz çap olunan xəritə üzərində tədqiqatlar aparırlar. Azərbaycan həm torpağını azad etdi, həm də saxtalaşdırılan yer adlarını bir-bir əsl adları ilə əvəzlədi. Ermənilər tarixdən nə oğurlamışdılarsa, yenidən əllərindən alındı. Tarix bir daha nə xalq, nə millət, nə də dövlət kimi formalaşa bilən bu topluma dərs keçdi. Amma görünən odur ki, bu dərsdən də sinifdə qaldılar”, - Həbibbəyli bildirir.

Müəllif: Ülviyyə Şahin