Erməni təcavüzündən ziyan görən biznesmenlərin zərərini kim ödəyəcək?

İqtisadiyyat

08.11.2020 - 10:25

Mütəxəssislərin fikrincə, Azərbaycan dövləti ziyan görən biznes sahələrinə kömək etməlidir

 

Ermənistanın Gəncə və Naftalan şəhərlərinə, eləcə də Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi bölgələrinə raket hücumları nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən bir neçə yüz müəssisəyə ziyan dəydi. İlkin hesablamalara görə, sahibkarlara dəyən ziyan milyonlarla manatdır. Bəs, sahibkarların zərərlərini kim kompensasiya edəcək?

 

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə AYNA-ya deyin ki, bu, həll ediləcək məsələlərdən biridir. O, dövlətimizin Ermənistanın təcavüzündən zərər çəkmiş sahibkarları diqqətdən kənarda qoymayacağına və Ermənistanın təcavüzü nəticəsində zərər görən müəssisələrin bərpa olunmasına kömək edəcəyinə əminliyini ifadə edib.

 

“Koronavirus pandemiyası ilə əlaqəli olduğu kimi, ehtimal ki, hərbi əməliyyatlara görə də biznes dövlət tərəfindən dəstəklənəcək. Sahibkarlar koronavirus böhranından təzə çıxıblar və əksəriyyətinin hər şeyi öz hesabına bərpa etmək üçün ehtiyat pulları yoxdur. Təcavüzkar ölkə, əlbəttə ki, raket hücumları nəticəsində dağıdılmış biznes üçün cavab verməlidir. Ermənistan, ümumiyyətlə Azərbaycana vurduğu ziyanı ödəməlidir”, - həmsöhbətimiz bildirib.

 

Quluzadənin sözlərinə görə, düşmənin ölkəmizə vurduğu maddi ziyanın ödənilməsi üçün bir neçə variantı nəzərdən keçirə bilərik: “Hər şey razılaşmalardan asılıdır. İndiyə qədər Ermənistan danışıqlar aparmaq istəmir, amma nəhayət, itkilərinin miqyasını anladıqda, danışıqların vaxtının gəldiyini başa düşəcək. II Dünya Müharibəsindən sonra təslim olan Almaniya qalib gələn ölkələrin şərtlərini qəbul etdi. Eyni tale Ermənistanı da gözləyir. Bugünlər Ermənistanın maliyyə naziri döyüşlərin hər gününün Ermənistan dövlət büdcəsinə 30 milyon dollara başa gəldiyini bildirdi. Ermənistanın müharibəni uzun müddət davam etdirə bilməyəcəyi, bunun üçün kifayət qədər vəsaitin olmadığı aydındır”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də o fikirdədir ki, erməni silahlılarının atəşindən zərər çəkən müəssisə sığortalanmayıbsa, ona dəymiş ziyanı dövlət ödəməlidir: “Konstitusiyamıza görə, dövlətin vəzifəsi əhalinin və əmlakının xarici amillərdən təhlükəsizliyini təmin etməkdir. Dövlət iqtisadiyyatın düzəlməsini istəyirsə, ehtiyatlarından bu məqsədlər üçün vəsait ayıracaq və sonra onları təcavüzkardan tələb edəcək”.

 

UNEC-in professoru, iqtisad elmləri doktoru Elşad Məmmədovun isə AYNA-ya dediyinə görə, söhbət hərbi əməliyyatlar zamanı zərər görən biznesdən gedirsə, o zaman bir çox müvafiq müqavilələrdə hərbi əməliyyatlarla bağlı məsələlər fors-major vəziyyəti adlandırılır: “Və burada kompensasiya ilə bağlı problemlər yarana bilər, çünki hərbi əməliyyatlar, fors-major hallar tez-tez tərəflərin öhdəliklərindən kənara çıxan hallar kimi göstərilir. Eyni zamanda, hökumətin biznesi dəstəkləməsi ilə əlaqəli bir məqam var. Məhz fors-major şəraitində dövlət, düşündüyüm kimi, kompensasiyaedici əks-tarazlıq rolunu oynaya biləcək uyğun güzəştlər, güzəşt mexanizmləri yarada bilər. Xərclər və qalıqlar dövlət tərəfindən çox dəqiq tənzimlənməli və idarə olunmalıdır. Əgər biznes ayaq üstə dura bilmirsə, gələcəkdə iflas həddinə çatacaq və dövlət bundan heç nə qazanmayacaq”.

 

Professorun fikrincə, dövlətin biznesi dəstəkləmək üçün bir çox qolu var - maliyyə rıçaqları, yeni iş yerlərinin açılması və sair: “Ziyana düşən sahibkarları müəyyən bir müddətə sosial və vergi ödəmələrindən azad etmək mümkündür. Ziyan görən müəssisə, məsələn, üç il ərzində bütün vergilərdən azad edilərsə, itkilər hərbi əməliyyatların bitməsindən sonra bir-iki il ərzində böyük ölçüdə ödəniləcək. Sonra iş fəaliyyəti davam edərsə, iqtisadi dividendlər olacaq. Bu ərazilərdə iqtisadi zonalar yarada bilərsiniz və biznes oraya üz tutacaq. Böyük investisiyalar olduğu yerdə əmtəə dövriyyəsi üçün böyük bir potensial, mənfəət baxımından böyük bir potensial var”.

 

Məmmədova görə, bank sektoruna təsir edəcək qədər tənzimləyici və idarəetmə mexanizmi var. Digər tərəfdən, bank sektoru özü sosial məsuliyyətinin fərqində olmalıdır. Mənfəəti hər zaman maksimum dərəcədə artırmaq mümkün deyil, eyni zamanda, bütövlükdə dövlətin inkişafının davamlılığından danışmaq lazımdır. Bu baxımdan bank sektoru da bəzi güzəştlərə getməlidir.

 

“Ümumiyyətlə, məsələyə sistematik yanaşmalısınız. Mövcud həqiqətləri nəzərə alaraq, ölkənin müharibə vəziyyətində olması, icarəyə verənlər də daxil olmaqla, biznesin sosial məsuliyyətini unutmamalıdır. Biznesə dövlət dəstəyi mexanizmləri və sosial məsuliyyət nəticəsində atılan addımlar birləşdirilməlidir. Ermənistana qarşı iddialara gəldikdə, düşünürəm ki, bunlar qaçılmazdır, amma başa düşmək lazımdır ki, buradan qısa müddətdə nəticə gözləmək lazım deyil. Uzun məhkəmə çəkişmələri olacaq və xəsarət alan Azərbaycan biznesinin bir neçə ay, hətta, bir il ərzində erməni tərəfdən təzminat alacağını gözləmək lazım deyil”, - ekspert vurğulayıb.

Müəllif: Elya Belskaya