“Əsas qanunla bağlı referendum parlament seçkiləri ilə eyni vaxtda keçirilməyəcək”
“Yeni Konstitusiya layihəsinin mətni hazırdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.
Onun sözlərinə görə, layihə “Mülki Müqavilə” Partiyasının İdarə Heyəti və parlament fraksiyası tərəfindən müzakirə olunacaq.
"Konstitusiyanın mətnini ən qısa müddətdə dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Yəni ictimaiyyətlə ünsiyyət qurmaq üçün daha çox vaxtımız olacaq", - Qalyan deyib.
Onun sözlərinə görə, məqsəd mümkün qədər çox vətəndaşın sənədin mətni ilə tanış olmasını təmin etməkdir.
Bundan əlavə, müzakirələr Ədliyyə Nazirliyinin bir sıra məsələlərlə bağlı mövqeyini yenidən nəzərdən keçirmək üçün əsas ola bilər.
Daha əvvəl Baş nazir Nikol Paşinyan bildirmişdi ki, yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişəyə səbəb olur.
Ədliyyə naziri Srbuhi Qalyan əvvəllər yeni Konstitusiyanın ilkin mətninin mart ayında dərc olunacağını bildirmişdi.