Dünya liderləri Azərbaycan Prezidentini təbrik ediblər

Xəbərlər

23.12.2024 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyevə təbrik məktubları gəlməkdədir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.

Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.

Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin fəal iştirakçılarından birinə çevrildiyini məmnunluqla qeyd edirəm.

Dünyada ən böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk dəfə olaraq qardaş ölkədə keçirilməsi və yüksək səviyyədə təşkil edilməsi faktı bizi sevindirir.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm".

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.

Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.

Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.

Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.

Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.

Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.

Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksək səviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.

Hörmətli Prezident, Zati-aliləri.

Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram".

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə mühüm konstruktiv rol oynayır. Bu istiqamətdə ardıcıl fəaliyyətiniz Sizə həmvətənləriniz arasında və dünya arenasında yüksək nüfuz qazandırıb.

Ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın hərtərəfli genişləndirilməsinə Sizin daimi diqqətinizi xüsusi qeyd etmək istərdim. Möhkəm siyasi iradə sayəsində biz bu il Tacikistan-Azərbaycan qarşılıqlı münasibətlərini keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik. Qardaş xalqlarımızın köklü maraqlarına uyğun olaraq bu prosesin gələcəkdə də inkişaf etdirilməsinə hazırıq.

Dostluğumuzun və şəxsi münasibətlərimizin etimada əsaslanan xarakterini yüksək qiymətləndirirəm. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də ölkələrimizin çoxtərəfli əlaqələrini yeni quruculuq nümunələri ilə zənginləşdirəcək və əməkdaşlığımızın daha da möhkəmlənməsinə nail olacağıq.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş