Dövlətlər və xalqlar Rusiyaya qarşı: Putinin imzası Kremlə nifrət və qəzəbi artırdı

Aktual

23.02.2022 - 11:20

Daha Rusiyanı müdafiə etmək çətin yox, mümkünsüzdür: işğal və ilhaq siyasəti bəyənilmir

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini kobud şəkildə pozan qərara imza atdı. Belə ki, Kreml rəhbəri Ukrayna separatçılarının 8 il əvvəl yaratdıqları oyuncaq "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın “müstəqilliyi"ni tanıyan sənədi imzaladı. Rusiyanın bu siyasi addımı beynəlxalq aləm tərəfindən sərt etirazla qarşılanıb və əksər dövlətlər rəsmi şəkildə Putinin qərarını pisləyiblər. 

Bəs xarici ölkələrin ictimaiyyətinin qərara münasibəti necədir?

Əcnəbilərin fikirlərini AYNA-ya xaricdə yaşayan həmyerlilərimiz anladıblar: 

Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Vüsalə Abbasova:  “ABŞ ictimayyətində və siyasi elitasında bu xəbər birmənalı qarşılanmadı. Belə ki, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Rusiya Federasiyası tərəfindən pozulması beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməl kimi qəbul edilir. ABŞ hakimiyyəti ən yüksək səviyyədə Rusiya Federasiyasının bu təcavüzünü pisləyir və artıq Avropa tərəfdaşları ilə birlikdə iqtisadi sanksiyaların birinci hissəsini elan edib. Bir neçə gündür ki, ABŞ-ın Dövlət Departamenti və BMT-nin Nyu-Yorkdakı Baş Qərargahı bütün gündəmini Ukrayna ətrafındakı vəziyyətə həsr edib. ABŞ mediasının əsas gündəmi də elə bu məsələyə həsr olunub. Xüsusilə vurğulmalıyam ki, Amerikada böyük rus icması yaşayır və mövcud vəziyyətin cəmiyyətdə də bir qədər çaxnaşma yaratdığını deyə bilərik. Bunu sosial şəbəkələrdə, xüsusilə “Twitter”dəki paylaşımlardan görə bilərik. Eyni zamanda, Amerikadakı beyin mərkəzləri və araşdırma institutları sözügüdən məsələ ilə bağlı müzakirələr təşkil edirlər”.

Ukrayna Azərbaycanlıları Radasinin aparat rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müvini Elşad İbrahimov: “Münasibət çox pisdir. Ukrayna öz sərhədlərini 2014-cü ilə qədər olduğu vəziyyətdə görmək istəyir. Vladimir Putinin "tarixi faktlarla" bağlı çıxışına reaksiya olaraq bildirillər ki, əgər tarixi faktlardan danışsaq, indiki Rusiya Federasiyasının bir çox əraziləri o zaman Kiyev-Rus dövlətinin ərazisi olub.  Müasir dövr xəritəsində bütün sərhədlər artıq müəyyənləşib”.

Moskvada yaşayan telejurnalist, şərhçi Xəyal Tağıyev: “Hazırda söylənilən məsələ ilə bağlı üzdə olan politoloq və siyasətçilər münasibət bildirməkdədirlər. Bu gün ən maraqlı fikirləri “exo Moskva” kanalında politoloq Qleb Pavlovski söylədi, məncə! Hələ ki gündəlik həyatda hansısa dəyişikliklər gözə dəymir. Şəxsən mənim fikrimə görə, Putinin fevralın 21-dəki çıxışı hədəfin ümumilikdə Ukrayna olacağını nümayiş etdirdi. Artıq bunun əlamətləri görünməkdədir. Qondarma "respublika hakimiyyətləri” Kiyevə ultimatum irəli sürür, tələb edirlər ki, Ukrayna öz ordusunu həmin “respublikaların” qalan hissəsindən çıxartmalıdır. Yəni onların iddiasına görə, keçmiş vilayət sərhədləri “respublika” sərhədləri sayılmalıdır. Bu, o deməkdir ki, yaxın günlərdə Ukrayna və Rusiya qoşunlarının toqquşması realdır. Bunun isə hansı nəticələr verəcəyi bir başa Ukraynanın və Qərb ölkələrinin reaksiyasından asılıdır. Hələlik, fikrimcə, Kiyev bir başa hərbi təmasdan ciddi cəhdlə yayınmağa çalışmaqdadır...”.

Niderlandda fəaliyyət göstərən “Time Tv” media qrupun rəhbəri Fikrət Hüseynli: “Nəinki hazırda yaşadığım Nederland Krallığında, eləcə də bütün Qərbi və Şərqi Avropada Rusiyanın işğal və ilhaq siyasəti nifrət və qəzəblə qarşılanır. Bunu mediadan və sosial şəbəkədən də hiss etmək mümkündür. Ötən həftə Münhendə keçirilmiş beynəlxalq konfransda da Nederland siyasətçiləri bu məsələ ilə bağlı mövqelərini ifadə etdilər. Onlar ölkələrin sərhədlərinin zorla dəyişdirilməsinə qarşı olduqlarını söylədilər. Avropa Birliyində Rusiyanın imperialist siyasəti sülhə təhlükə kimi qarşılanır. Rusiyadan maliyyələşən ictimai təşkilatlar həmişə ciddi nəzarət altında olurlar. İndi ötən illərdən fərqli olaraq Rusiyanı Avropada müdafiə etmək çox çətindir. Nederland kimi cəmiyyətlərdə isə mümkünsüzdür”.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov: “Təbii ki, Putinin bu addımı heç kimin xoşuna gəlmədi. İnsanlar bilinməyən bir narahatlıq içindədirlər. Amma bir məsələ var, düşünə bilən hər kəs anlayır ki, 130 minlik ordu ilə Ukrayna sərhədinə gəlib və heç nə əldə edə bilməyən Putin biabırçılıqdan qurtulmaq üçün nəsə etməli idi. Bu tanıma ilə Ukrayna biabırçı Minsk formatından qurtulmuş oldu. De-fakto o ərazilərə nəzərət edən Rusiya indi de-yure də oradadır. Sabah o istiqamətdən Ukrayna ərazisinə atılan hər bir mərminin altında Kremlin imzası olacaq. Ukrayna xalqı anladı ki, güclü hərbi-iqtisadiyyat lazımdır. Daxildəki düşmənləri təmizləmək gərəkdir”. 

Almaniyada yaşayan jurnalist Şəhriyar Əlizadə: “Putinin bəyanat xəbərlərdə verilir, saytlarda yazılır. Sosial platformalarda müzakirə edilir. Təbii ki, alman cəmiyyəti də buna qarşı etirazını bildirir. Çox insan Putinin işğalçı siyasət yeritdiyini deyir. Ötən gün ictimai televiziyada Ukrayna ilə canlı bağlantı edildi. Orada da bildirdilər ki, Putin Ukraynanın Avropa ilə yaxınlaşmasını istəmir, ancaq Ukrayna xalqı bunun əksini arzulayır”.

Müəllif: Aləmdə Nəsib