Bakıdan Ankara və Antalyaya xüsusi reyslər həyata keçiriləcək

Aktual

23.09.2020 - 16:34

Antalyaya xüsusi reyslər hər həftənin çərşənbə günləri olacaq

 

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır. Paytaxt Ankaraya AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub.

 

AZAL-ın Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Antalyaya xüsusi reyslər sentyabrın 30-dan etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcək.

 

Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.

 

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin “www.azal.az” rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir. Pandemiya dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.

 

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə saytında tanış olmaq olar.

 

Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan testdən keçə bilərsiniz: .

 

Nazirlər Kabinetinin Qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

 

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz. 

Müəllif: Ayna.az