Dildə sülh, əldə qan

Siyasət

27.04.2023 - 10:17

Deputat: “Ermənistanda ikihakimiyyətlik hökm sürür və Paşinyan bundan öz xeyrinə yararlanmağa çalışır”

Politoloq: “Hər dəfə bu cür çağırışlardan sonra növbəti təxribatlar törədirlər

Aprelin 22-si axşam saatlarında Şuşa rayonunun Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb.

Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Aprelin 18-də 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabat çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, İran və Gürcüstanla təmasları isə daha da dərinləşdirməlidir. Analitiklər hesab edirləe ki, İranın Azərbaycana təzyiqləri, təxribatları fonunda Paşinyanın İranla əməkdaşlığı dərinləşdirmək çağırışı iki ölkə arasında ədavəti artırmağa xidmət edir. Onların qənaətinə görə, Ermənistan iqtidarının Rusiyaya qarşı davranışları Qərbin regionda yeni münaqişə ocağı yaratmaq niyyətindən qaynaqlanır.

Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Paşinyan sülh danışıqlarında səmimi deyil və məhz elə bu səbəbdən də ziddiyyətli bəyanatlar səsləndirir: “Əslində Ermənistan hökumətinin başçısı imitasiyaya yol verir, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır, digər tərəfdən isə ölkəmizə qarşı təxribatlarını davam etdirir. Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham edir”.

“Əgər onlar doğrudan da regiona sülhün gəlməsindən yanadırlarsa, o zaman sülhyatarma prosesinə uyğun addımlar atmalıdırlar. Sül müqaviləsi imzalamaq, üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə əməl etmək, Zəngəzur dəhlizini açmaq, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını əldə etməsinə yardım etmək İrəvanın atmalı olduğu addımlardır. Paşinyan nə zaman ki, bunlara əməl edəcək, o zaman sülhün əldə edilməsində maraqlı olması təsdiqini tapacaq. İndiki halda isə onun söylədikləri yalnız imitasiyadır”, - deyə həmsöhbətimiz bildirib.

Deputat Ermənistanda ikihakimiyyətliyin hökm sürdüyünü qeyd edib: “Paşinyan bundan öz xeyrinə yararlanmağa çalışır. İddia edirlər ki, Ermənistan ordusunda siyasi hakimiyyətə tabe olmayan, onu qəbul etməyən qüvvələr var. Paşinyan da hər dəfə bu bəhanədən istifadə edir ki, guya onun göstərişlərinə əməl olunmur. Bu, kökündən yanlış və əsassız bir yanaşmadır. Xarici İşlər Nazirliyi siyasi hakimiyyətə tabedir və bu qurumun başında Paşinyana yaxın bir şəxs dayanır - Ermənistan XİN Azərbaycanı etnik təmizləmədə ittiham edir”.

“Bu, o deməkdir ki, onlar Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığı almasına mane olmaq istəyirlər. Paşinyanın əsas məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Onlar Azərbaycanı hədəf göstərməklə, bizi beynəlxalq qurumların qınaq hədəfinə çevirmək, ölkəmizə təzyiqləri artırmaq üçün hər vasitədən istifadə edirlər. Qərbə ümid bəsləyərək hər hansı üstünlük əldə edəcəyini düşünürlər. Avropa İttifaqı mülki missiyasını gətirmək də bu planın parçasıdır”, - deyə  Məmmədov vurğulayıb.

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində Ermənistan hakimiyyətinin ikiüzlü siyasət yeritməsinə toxunub: “Paşinyan dəfələrlə bu cür bəyanatlar səsləndirsə də, real nəticəsi olmur. Çünki səmimi mövqe ortaya qoymur. Məqsədi Ermənistanın guya sülhə hazır olduğunu nümayiş etdirmək, Azərbaycanın beynəlxalq nüfuzuna xələ gətirməkdir. Elə rəy yaradır ki, guya Ermənistan sülh istəyir, Azərbaycan isə buna mane olur”.

“44 günlük Vətən müharibəsində Qarabağ münaqişəsinin taleyi həll olunub. Ölkəmiz tarixi zəfər qazanıb. Necə ola bilər ki, Azərbaycan sülh prosesinin əldə olunmasında maraqlı olmasın? Paşinyan sülh bəyanatlarında səmimi deyil. Hər dəfə bu cür çıxışlardan sonra növbəti təxribatlar törədirlər. Bütün bunlar bir daha göstərir ki, sülh çağırışları onlar üçün yerli və beynəlxalq ictimaiyyətə yalan satmaq, Azərbaycanı aldatmaq cəhdidir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Abbasov əmindir ki, Ermənistan real ikitərəfli əməkdaşlığa maraq göstərmir: “Əgər sülh sazişi bağlanacaqsa, səlahiyyətli nümayəndələr gərək daim təmasda olsunlar, danışıqlar aparsınlar. Hələlik bunlar baş vermir. Ona görə baş vermir ki, Ermənistan sülh prosesinin imzalanmasında maraqlı deyil. Sadəcə ictimaiyyəti aldadır və gözdən pərdə asırlar. Bunun isə real sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Ermənistan ənənəsinə sadiq qalaraq ruporluq ənənəsini davam etdirir və müəyyən beynəlxalq qüvvələrin regionda sifarişlərini icra edir. Paşinyan da hər vəchlə ona etimad göstərən, hakimiyyətə gətirən qüvvələrə xoş gəlməyə çalışır. Onların tapşırıqlarını icra edir və saxta bəyanatlar səsləndirir”.

Müəllif: Azər Niftiyev