Deputatlarla vitse-spikerin fikir ayrılığı, tibbi sığortadan şikayət... – Parlamentdə MÜZAKİRƏ

Cəmiyyət

29.10.2021 - 20:15

“Ağır əməliyyatların limiti dolduğuna görə xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılıb. Uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklə Məcəllədə 28 May Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilib.

Müzakirə zamanı deputat Fazil Mustafa Əmək Məcəlləsinə 18 oktyabr Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü kimi salınmamasına etiraz edib. Onun sözlərinə görə, cəmiyyətdə məsələ ilə bağlı gözləntilər var: “Hesab edirəm ki, Əmək Məcəlləsində bununla bağlı dəyişiklik olunmalı idi".

Vitse-spiker: “Əli müəllim, siz 18 oktyabrı indiyə kimi peşə bayramı kimi qəbul etmisiniz?”

Deputat Əli Məsimli də F.Mustafanın fikirlərini dəstəkləyib: "Müstəqillik Günü dəyər olduğu üçün müstəqilliyin bərpası da dəyərdir. Birinin dövlət, birinin peşə bayramı səviyyəsində qeyd edilməsi qəbuledilməzdir. Ola bilsin ki bu gün qəbul edilməz. Qeyri-iş günləri sayının çox olması deyilirsə, Novruz bayramında 5 gün qeyri-iş günü var. Həmin günlər 4 günə salına bilər. Bir gün Müstəqilliyin Bərpası günü qeyri-iş günü kimi təqvimə salınmalıdır".

Deputat Sabir Rüstəmxanlı da çıxışında 18 oktyabrın qeyri-iş günü olmasının vacibliyini vurğulayıb.

Birinci vitse spikeri Əli Hüseynli isə səslənən fikirlərlə razılaşmayıb: “Sizin çıxışlarınızdan belə başa düşülür ki, indiyə qədər dövlətimiz, xalqımız bu günə ehtiramsız yanaşıb?! Bizim etdiyimiz sadəcə adların dəyişdirilməsidir. Əli müəllim, siz 18 oktyabrı indiyə kimi peşə bayramı kimi qəbul etmisiniz? Bu dövlət bayramıdır".

İclasda Azərbaycanda COVID-19-la mübarizə, icbari tibbi sığortada problemlər də qaldırılıb.

Deputat: “Bu suala cavabı Əhliman müəllimdə varsa, versin. Olmasa, TƏBİB bu suala aydınlıq gətirsin”

“Pensiyaçılar, əlillər, hamilə qadınlar və digər həssas qruplara daxil olan insanlarla bağlı Prezident İlham Əliyevin sərəncamı var”. Bu sözləri iclasda deputat Musa Quliyev səsləndirib. Deputat bildirib ki, bu xidmətlər pullu olandan sonra həmin kateqoriyadan olan insanlar yenə də bu xidmətlərdən pulsuz istifadə etməlidirlər: “Ancaq bu qanunda məsələ nəzərdə tutulmayıb. Bu suala cavab Əhliman müəllimdə varsa, versin. Olmasa, TƏBİB bu suala aydınlıq gətirsin”.

Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov isə qeyd edib ki, əlillər, tələbələr, pensiyaçılar, hamilə qadınların gələcəkdə hansısa vəsait ödəməsi nəzərdə tutulmur: “Bu gün bunlar dövlət qayğısı ilə əhatə olunub. Musa müəllim sizin suala cavabı birbaşa TƏBİB sədrindən almışam”.

Komitə sədri Prezidentin sərəncamı ilə icbari tibbi sığorta xidmətlərindən pulsuz yararlanan şəxslərin (pensiya alanlar, şəhid ailələri, hamilələr, uşaqlar, tələbələr və s.) Xidmətlər zərfinə aid olan 1500 pullu xidmətdən istifadə qaydalarına da aydınlıq gətirib: "Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunub. Əminliklə bildirilib ki, dövlət büdcəsindən sığortası qarşılanan şəxslərin müalicələri bundan sonra da pulsuz olaraq davam edəcək".

“Peyvəndləmə yaşının aşağı endirilməsi barədə qərar qəbul olunmalıdır”

Deputat Qüdrət Həsənquliyev deyib ki, peyvəndləmə yaşının aşağı endirilməsi barədə qərar qəbul olunmalıdır”. Onun sözlərinə görə, bu gün yoluxma artmaqda davam edir: “İnsanlar peyvəndlənməyə təşviq edilməlidir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib ki, vaksinasiya problemi, koronavirusa qarşı vaksinasiyadan imtina etmə problemi ötən gün Milli Məclisdə keçirilən dinləmədə çox geniş müzakirə edilib.

Komitə sədri qeyd edib ki, peyvəndləmə yaşının azaldılması ilə bağlı məsələyə baxılır: “Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi də müzakirə edilir”.

“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu nə deməkdir?”

“İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır”. Bu sözləri isə deputat Qənirə Paşayeva deyib. Xanım millət vəkili bildirib ki, limit məsələsinin müzakirə edilməsinə ehtiyac var: “Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu nə deməkdir? Bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var. Bölgələrdən problemlər bizə çatdırılır, müraciətlər edilir. Bu təsisata inamın cəmiyyətdə zəifləməsi başqa problemlərin əsasının qoya bilər. Əgər problem büdcə ilə bağlıdırsa, hansı xəstəlik növündə bu limit tez dolursa, büdcədən bu istiqamətə daha çox pul ayrılmalıdır. Ağır əməliyyatların limiti dolduğuna görə xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”.

Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanov isə qeyd edib ki, bu il icbari tibbi sığorta ilə bağlı ayrılan pullar artmaqdadır: “İllik limitin dolması ilə bağlı problemlər vəsait çatışmazlığından yaranır. Bu məsələlər dinləmədə daha geniş müzakirə ediləcək”.

"Gələn il icbari tibbi sığorta üzrə xidmətlər zərfində 3700 xidmət olacaq"

“Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik”, - deyən Ə.Əmiraslanov vurğulayıb ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə daxil edilməsini düşünürük. Ancaq kosmetoloji xidmətlər, stomotoloji xidmətlərin bir hissəsi heç vaxt xidmətlər zərfinə daxil edilməyəcək. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.

Ə.Əmiraslanov qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəsisələrinə göndərəcək".

Müəllif: Anar Bayramoğlu