“Bakı Nəqliyyat Agentliyi ya xətt sahibləri ilə şərikdir, ya da onlara gücü çatmır”
“Dövlət büdcəsinə 100 milyon dollara başa gəlmiş Nəqliyyatın İntelektual İdarə Sistemi işləmir. Avtobusların hərəkət saatları barədə tablolarda məlumat yoxdur, çünki maketləri qalıb. Bundan başqa, ictimai nəqliyyat bərbad gündədir, bir çox marşrutlar ənənəvi qaydada işləyir”.
AYNA xəbər verir ki, bu barədə jurnalist Elçin Rüstəmli sosial şəbəkədə paylaşım edib.
“Bu gün Gənclik - Binəqədi marşrutu üzrə işləyən 133 saylı avtobusa minmişdim. Avtobus 30-40 dəqiqədən bir işləyir, avtobusda kart sistemi yoxdur, dəhşətli sıxlıq yaranır, nəfəs almaq mümkün olmur. Çünki marşrutun sahibi vəzifəli adamdır, kart sisteminə keçməyə imkan vermir. Nəticədə əziyyəti sadə insanlar çəkir, marşrut sahibləri isə yaxşı qazanırlar. Bakı Nəqliyyat Agentliyi ya bu işə şərikdir, ya da onlara gücü çatmır, baş verənləri kənardan izləməyə məcburdur”, - jurnalist bildirib.
O, qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bu işləri səhmana salmaq əvəzinə gəlirli işin qulpundan yapışıb: “Kameralar və əməkdaşları vasitəsi ilə ucdantutma bütün sürücüləri cərimələyir. Bu işdən milyonlarla gəlir əldə edilir. Əhali isə bir qrup mafiozun əlində əsir-yesir qalıb. Paytaxtın nəqliyyat sisteminin abıra salınması üçün büdcədən xərcələnən yüzmilyonların taleyi qaranlıq qalır”.
Məsələyə münasibət bildirən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyib ki, Nəqliyyatın İntelektual İdarəetmə Sistemi (NİİS) BNA-dan öncə yaradılıb: “Bu sistemin bizə hansı durumda miras qalması barədə dəfələrlə açıqlama vermişik. Hazırda bu sistemin dayanıqlı proqram təminatı ilə vətəndaşlara xidmət göstərməsi üçün mühüm işlər görülür. Yaxın bir neçə ayda bunun nəticəsini də görəcəksiniz”.
Mətbuat xidmətinin rəhbəri 133 nömrəli marşrut xətti haqqında isə bunları qeyd edib: “Qoyulan tələblərə cavab verməyən istənilən daşıyıcı marşrut şəbəkəsindən kənarlaşdırılacaq. “Bakı Nəqliyyat Agentliyi bu işdə şərikdir, gücü çatmır” kimi ifadələr mənasızdır. Gündəlik olaraq avtobuslarla iki milyon yarım insan daşınır. Bu sistemdə yenilik etmək bir qədər ağır prosesdir. Gedə-gedə dəyişiklər edilir. Yeni avtobuslar xəttə buraxılandan sonra bu kimi çətinliklər də aradan qaldırılacaq. Kart sisteminə keçidə gəlincə isə, bu da yaxın aylarda - ən geci noyabrda reallaşacaq”.