Sərnişinlərə bu dünyada "cəhənnəm əzabı" yaşadılan məkandan yeni xəbərlər var

Cəmiyyət

08.07.2019 - 16:26

Həkimlər Klinikalar SEO Xidməti

Yay fəsli ilə əlaqədar olaraq Bakı Metropoliteni yay qrafikinə keçib. Bununla da qatarların hərəkətindəki interval 30-40 saniyəyə qədər uzadılıb.  

 

Təbii ki, bu dəyişiklik metro istifadəçilərinin ciddi narazılığına səbəb olub. Sərnişinlər dəqiqələrlə qatar gözləməsi və mənzil başına yubanması problemin bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, qatarların gec gəlməsi günün müəyyən saatlarında sərnişin sıxlığına səbəb olur. Bu da onsuz da havalandırma sistemi normal işləməyən qatarlarda dözülməz vəziyyət yaradır. Qatarları isti və sıxlıqla üzləşmiş sərnişinlərin üfunət qoxusu bürüyür. Kondisioner sistemi olmayan qatarlarda isə  vəziyyət daha da dözülməzdir.

 

Görəsən, bu vəziyyətdə qatarların hərəkət qrafikini dəyişmək mütləq idimi? "Bakı Metropoliteni"nin səlahiyyətli şəxsləri qatarlardakı dözülməz vəziyyəti nəzərə alaraq hərəkət qrafikini yenidən dəyişə bilərmi?

 

AYNA-nın əməkdaşının problemlə bağlı suallarına  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov aydınlıq gətirib.

 

B.Məmmədov bildirib ki, metroda yay qrafikinə hər il müxtəlif vaxtlarda keçirilir: “Yay qrafikinə keçməzdən öncə monitorinqlər aparılır. Bundan sonra yay qrafikinə keçmək barədə qərarı verilir. Məsələn, son iki ildə yay mövsümünə iyul ayının 1-dən keçilib. Ondan əvvəlki illərdə isə elə olub ki, iyulun 1-dən tez, bəzilərində isə bir qədər gec yay mövsümünə keçilib. Bu, monitorinqin nəticələrindən asılı olur”.

Картинки по запросу Bəxtiyar məmmədov

Qurumun sözçüsü qeyd edib ki, monitorinqlər davamlı şəkildə aparılır və nəticələrə uyğun olaraq "Bakı Metropoliteni" istənilən dəyişikliyə hazır olur. Bu il monitorinqin nəticələrinə görə, iyun ayında “Bakı Metropoliteni”nin sərnişinlərinin sayı 120 min nəfər azalıb.

 

Müsahibimiz onu da bildirib ki, monitorinq metroya sərnişinin daxil olması ilə deyil, başqa parametrlərlə də ölçülür: “Qış mövsümü ilə yay mövsümü arasında yarım dəqiqəlik fərq var. Bu da çox böyük vaxt deyil. Ən çox sərnişin müşahidə olunan "28 May" metrostansiyasında belə, bu gün gözlə görüləcək qədər sərnişin azalması var. Yay mövsümünə keçəndən ilk 14 gün ərzində bizə müraciət edənlərin sayı çox olur. Daha sonra isə zənglər azalır”.

 

B.Məmmədovun sözlərinə görə, iyul və avqust aylarında metrodan istifadə edən sərnişinlərin sayında artım olacaq: “Hər il belə olur. Bunun səbəbi isə tələbə qəbulu və ya şəhərdə böyük tədbirlərin keçirilməsi ilə bağlı olur”.

 

O, konkret olaraq sualımıza cavabında isə bildirib ki, qatarların hərəkət qrafikində, ancaq zərurət yaranacağı halda dəyişiklik oluna bilər: “İyul ayında Bakıda keçiriləcək V Avropa Yay Olimpiya Gənclər festivalı ilə əlaqədar planlarımız var. Hazırda bu barədə işlər aparılır. Yaxın günlərdə mətbuata açıqlama verəcəyik”.

 

Bəxtiyar Məmmədov stansiyalarda edilən yenilik barədə də danışıb: “İki stansiyada ventilyator yenilənib. Müasir tələblərə cavab verən ventilyatorlar quraşdırılıb. Hazırda iki stansiyada da dəyişdirilir. Yaxın günlərdə daha 3 ventilyator dəyişdiriləcək”. 

 

"Bakı Metropoliteni" sözçüsü “Xətai” stansiyasının nə zaman açılacağı ilə bağlı sualımızı da cavablandırıb: “Stansiya avqust ayında sərnişinlərin istifadəsinə veriləcək. Artıq tamamlama işləri aparılır. Eskalatorlar quraşdırılıb və tənzimləmə işləri həyata keçirilir. Stansiyanın təmir prosesi də yekunlaşmaq üzrədir”.

Müəllif: Təranə Xudabaxşiyeva

Simurq

Dünən, 16:45 Mədəniyyət