Qubad İbadoğlu: “Deputatın maaşının artırmazdan qabaq aztəminatlı vətəndaşların gəlirləri, pensiyalar inflyasiyaya uyğun olaraq indeksləşdirilməlidir”
Nemət Əliyev: “Əhalinin böyük hissəsi 250-300 manat maaşla dolanmaq məcburiyyətindədirsə, belə bir vəziyyətdə deputatların əməkhaqlarının artırılması barədə düşünmək insafsızlıqdır”
Azərbaycanda deputatların maaşının artırılması barədə mətbuatda yayılan xəbərlərdən sonra jurnalistlərin suallarını cavablandıran deputatlar bildirdilər ki, digər ölkələrlə müqayisədə Azərbaycanda deputat maaşı hazırda o qədər də yüksək deyil, hazırkı əməkhaqqını orta hesab etmək olar. Eyni zamanda depuatların fikrincə, məlum inflyasiyanın fonunda onların da əməkhaqlarının artırılması təbiidir.
Bəs ekspertlər necə düşünürlər, deputatlar bu əslandırmalarında nə dərəcədə haqlıdırlar?
İqtisadçı alim Qubad İbadoğlu mövzuya dair AYNA-nın suallarını cavablandırarkən deyib ki, inflyasiya daha çox istehlak xərcləri ərzağa yönəlmiş əhalini vurur: “Ölkədə inflyasiyanı komponentlər üzrə qiymətləndirəndə bəlli olur ki, ən çox bahalaşma ərzaq məhsulları səbətindədir. Bu isə o qənaətə gəlməyə imkan verir ki, inflyasiya istehlak xərclərini daha çox ərzağa yönəldən əhalini vurur. Bunlar isə aztəminatlı hesab edilən, əksər pensiyaçılar, sosial müavinətlərlə yaşayanlar, minimum əməkhaqqı ilə işləyənlər, eləcə də orta aylıq əmək haqqından aşağı maaş alanlardır”.
Həmsöhbətimizin fikrincə, daha məntiqli olan öncə həmin qrupların maaşlarının, pensiyalarının inflyasiyaya uyğun olaraq indeksləşdirilməsidir: “Amma mən bütövlükdə Azərbaycanda əməkhaqlarının aşağı olmasını əsas götürərək, digərlərinin, o cümlədən də deputatların maaşlarının artımının əleyhinə deyiləm. Çünki hazırkı inflyasiya hamını vurur”.
“Amma artımlar elə həyata keçirilməlidir ki, disporsiyalar yaratmasın, yəni orta aylıq əməkhaqqından kənarlaşmalar çox yüksək olmasın. Əslində bu gün həlli vacib olan əsas məsələ orta aylıq əməkhaqqından aşağı maaş alanların – müəllimlərin, həkimlərin əməkhaqlarını orta aylıq əməkhaqqı səviyyəsinə qaldırmaqla median əməkhaqqı göstəricisini yüksəltməkdir”, - deyə Qubadoğlu bildirib.
İqtisadçı ekspert Nemət Əliyev isə hesab edir ki, hazırda Azərbaycanda əhalinin böyük hissəsi 250-300 manat maaşla dolanmaq məcburiyyətindədirsə, belə bir vəziyyətdə deputatların əməkhaqqının artırılması barədə düşünməyin özü belə, insafsızlıqdır: “Deputatların vəzifə maaşı bir qayda olaraq hər zaman yüksək olub. Hazırda Azərbaycanda əmək qabiliyyətli əhalinin böyük hissəsi 250-300 manat əməkhaqqı ilə dolanmağa məcburdur. Əgər həmin deputatlar təmsil etdikləri dairənin seçicilərinin təmsilçiləri olsaydılar, onların özləri də məsələyə elə bu cür yanaşardılar. Əhalinin qəpik-quruşla dolandığını, çətinlik içərisində qaldığını, ağır dövrdə olduğunu deyər, seçicilərinin maksimum 400 manat əməkhaqqına möhtac qaldığı bir zamanda özlərinin 2500-3000 manatlıq əməkhaqlarının artırılmasını gündəmə daşımaqdan abır-həya edərdilər”.
“Mən, prinsip etibarı ilə, bahalaşma fonunda əməkhaqqının artırılmasının tərəfdarıyam. Əməkhaqqı ilə ölkədaxili bahalaşma səviyyəsi arasında bir hormoniya olmalıdır. Bir qayda olaraq əməkhaqqının artım səviyyəsi bahalaşmanı üstələməlidir. Bu düsturu hər zaman gözləmək lazımdır. Qiymətlər qalxırsa, hamının, o cümlədən də deputatların alıcılıq qabiliyyəti zəifləyir. Bu zəifləmə olmasın deyə əməkhaqlarının artırılmasına zərurət yaranır. Əks halda alıcılıq qabiliyyətinin zəifləməsi nəticəsində həyat səviyyəsi də pisləşər”, - deyə müsahibimiz söyləyib.
Mütəxəssisin sözlərinə görə, ölkədə əhalinin böyük hissəsinin əməkhaqqı qəpik-quruş səviyyəsində artırılırsa və o artımlar hazırkı yüksək bahalaşmanı kompensasiya etmək gücündə deyilsə, belə bir şəraitdə deputatların maaşının 40 faizdən çox artırılması ayrı-seçkilikdir: “Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, bu ilin beş ayı ərzində orta aylıq əməkhaqqı 11-12 faiz artıb. Mətbuatda gedən xəbərə görə isə deputatların əməkhaqqının 42-43 faiz artırılması nəzərdə tutulub. Qeyd edim ki, Komitənin bahalaşma səviyyəsi haqqında açıqlaması yalandır. Bizim hesablamalarımıza görə, ölkədə minimum 37 faiz bahalaşma olub. Bu halda, deməli, hökumət deputatların əməkhaqqını bahalaşmadan artıq həddə artırdığına görə, onların həyat səviyyəsi pisləşməyəcək, amma muzdlu çalışanların, pensiya alanların həyat şəraiti haqqında bunu demək mümkün deyil. 37 faiz bahalaşma qarşısında muzdlu işləyənlərin əməkhaqqı 11-12 faiz, pensiya isə 9-10 faiz artıb. Biz burada diskriminasiyanı aydın şəkildə görə bilirik. Hökumət bu məsələlərə diqqət yetirməli idi”.
“Azərbaycan hökumətinin atdığı bu addımı təqdir etmirik. Əməkhaqqı artırılırsa, birinci növbədə, əmək cəbhəsində çalışan böyük toplumun maaşı, pensiyalar, müavinətlər, ünvanlı sosial yardım da 40-45 faiz səviyyəsində artırılmalıdır”, - deyə iqtisadçı vurğulayb.
“Bəs hökumətin buna imkanları varmı?” sualına isə Əliyevin cavabı belə olub: “Neftin qiyməti kifayət qədər artıb. 2021-ci ildə xam neft və neft məhsullarının bahalaşması hesabına 13 milyard manat gəlir əldə olunub. Bu, yalnız bahalaşma hesabına götürülən gəlirdir. Bu il neft-qazın qiyməti bir az da artıb. Deməli, gəlirlər xeyli dərəcədə artıb. Azərbaycan hökumətinin neft və qazın satışından əldə etdiyi milyardlar hesabına həm kifayət qədər iş yerləri (yüksək əməkhaqqı təminatı verən iş yerləri), həm də pensiya, əməkhaqqı, müavinət, sosial yardımları yetərincə artırmaq üçün imkanları var. Hökumət artırdığını deyə bilər, lakin əvvəldə də qeyd etdiyim kimi, bu, yetərsizdir. Bu artım hazırkı bahalaşmanın çoxdan yeminə çevrilib. Əhalinin həyat səviyyəsi hədsiz dərəcədə pisləşib, alıcılıq qabiliyyəti aşağı düşüb. Belə halda əhalinin elliklə narazı qalması üçün yetərincə səbəb var”.