Çoxdan gözlənilən sülh sazişi, yoxsa daha bir nəticəsiz görüş? - Diqqət Kişinyova!

Aktual

31.05.2023 - 18:10

Ərəstun Oruclu: “Kişinyovda hansısa anlaşma imzalanarsa, bu, Bakı və İrəvanın tərəf tutması deməkdir”

Tofiq Abbasov: “Moskva görüşündə olduğu kimi, Kişinyov görüşündə də hansısa dönüş gözlənilmir”

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Məlumata görə, Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak edəcək. Liderlərin Kişinyov görüşündə sülh müqaviləsi ilə bağlı çərçivə sazişinin imzalanması gözlənilirdi. Hətta bir neçə gün bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında ümid etdiyini bildirmişdi ki, iyunun 1-də Kişinyovda, nəhayət, sülh müqaviləsi imzalanacaq: “Bu fürsəti qaçırmaq olmaz”.

Lakin Paşinyanın mayın 29-də verdiyi açıqlama hansısa sənədin imzalanmasının mümkün olmayacağının anonsu idi. Ermənistan Baş naziri bildirib ki, Bakıya sülh sazişi ilə bağlı təkliflər göndərilib, lakin hansısa şərh almayıblar. Paşinyan ortada sənəd olmadan sülh sazişinin imzalanmasını mümkün hesab etməyib.  

Kişinyovda ciddi razılaşmanın gözlənilmədiyini ekspertlər də bildirirlər. Analitiklərin qənaətincə, bir neçə amillər – İrəvanın sülhə hazır olmaması, Rusiyanın Qərbin vasitəçiliyi ilə razılaşmaya mənfi münasibəti, hazırkı proseslər tezliklə sülh sazişinin imzalana biləcəyi fikrini söyləməyə mane olur.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya bildirib ki, Kişinyovda sənəd imzalanmasını gözləmir: “Xatırladım ki, bundan əvvəl, mayın 25-də Moskvada görüş oldu və heç bir nəticə əldə edilmədi. Diqqət edirsinizsə, hər dəfə Brüsseldə, Vaşinqtonda, yəni Moskvadan kənar platformada sülh anlaşmasına təşəbbüs göstərilirsə, Kreml aktiv şəkildə prosesə müdaxilə edir. Aydındır ki, Rusiyanın niyyəti heç də sülhə nail olunması deyil. Moskva prosesi nəzarətə götürməyə, digər gücləri qabaqlamağa çalışır”.

“Əslində Vaşinqton-Brüssel cütlüyünün, digər tərəfdən Moskvanın Bakı-İrəvan danışıqlarına vasitəçilik yarışı keçirməsi sülh əldə olunmasını arxa plana keçirir. Açıq görünən odur ki, qlobal güclər münaqişədən istifadə etməklə geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Bu, təbiidir, çünki istənilən münaqişənin arxasında geosiyasi amil dayanır. Ona görə də hesab edirəm ki, Kişinyovdakı görüş də Moskva görüş kimi nəticəsiz olacaq”, - Oruclu əlavə edib.

Politoloq xatırladıb ki, Moskva görüşündən əvvəl də optimist informasiyalar var idi: “Deyilirdi ki, guya iki sənəd imzalanacaq. Amma heç bir sənəd imzalanmadı. Kişinyovda da nəsə əldə olunacağı inandırıcı deyil. Ona görə ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən məmnun deyil. Tərəflər hansısa sülh anlaşmasının Moskvanın iştirakı ilə əldə olunmasını istəmir. Digər tərəfdən, Kişinyovda hansısa anlaşma imzalanarsa, bu, Bakı və İrəvanın tərəf tutması deməkdir. Ümumiyyətlə, hansı vasitəçi ilə anlaşma əldə olunması, faktiki olaraq Azərbaycan və Ermənistanın indiki geosiyasi vəziyyətdə tərəf tutmasıdır. Bakı və İrəvan isə güclər arasında tərəf tutmaqdan yana deyillər. Ona görə də Kişinyov görüşündə hansısa ciddi razılaşmanın olacağını gözləmirəm”.

Politoloq Tofiq Abbasov da AYNA-ya bildirib ki, Kişinyov görüşündə hansısa bir irəliləyişin olacağı gözlənilmir. Onun sözlərinə görə, ilk növbədə rəsmi İrəvan sülh sazişini imzalamağa hazır deyil: “Nəticələrin olmaması ilk növbədə Ermənistanın danışıqlar prosesində tutduğu mövqe və onu çökdürmək cəhdindən irəli gəlir. Ermənistanın proseslə bağlı dəqiq planı və hazırlığı yoxdur. Paşinyan sülhün imzalanmasında yox, prosesin uzadılmasında maraqlıdır. O, hakimiyyəti itirməkdən qorxur, bilir ki, sülh müqaviləsi imzalasa, onu ya devirəcəklər, ya da şəxsinə qarşı terror təşkil edəcəklər. Paşinyan sadəcə yüngül taktika ilə prosesi ləngidir”.

“Nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət İrəvanı qane edir. Amma bu taktika sonadək davam edə bilməz. Siyasətdə strateji xətt yoxdursa, taktika əvvəl-axır strategiyası olana təslim olur. Bunu Ermənistanın aqibətində gördük”, - analitik vurğulayıb.

“Hesab edirəm ki, Moskva görüşündə olduğu kimi, Kişinyov görüşündə də hansısa dönüş gözlənilmir. Paşinyan çalışır ki, yüngül taktikasını qüvvədə saxlasın. Onun son açıqlaması da Kişinyovda sənəd imzalanmayacağı proqnozunu gücləndirir”, - T.Abbasov fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu