“Azadlıq Qalxanı” təlimləri avqustun 19-dan 29-dək keçiriləcək
Cənubi Koreya və ABŞ gələn həftə birgə hərbi təlimlər keçirəcək. AYNA xəbər verir ki, bu barədə “Renhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə (JCS) istinadən məlumat yayıb.
“Azadlıq Qalxanı” (UFS) təlimləri avqustun 19-dan 29-dək keçiriləcək və kompüter simulyasiyasına əsaslanan əsas komanda-qərargah təlimləri, eyni vaxtda səhra təlimləri və mülki müdafiə təlimlərini əhatə edəcək.
JCS-də qeyd edilib ki, builki təlimlərdə Şimali Koreya raketləri, GPS tıxacları, kiberhücumlarla bağlı təhdidlər, eləcə də son silahlı münaqişələrdən əldə olunan dərslər daxil olmaqla, bütün sahələrdə təhlükələr əks olunacaq.
“Xüsusən, Koreya Respublikası və ABŞ-ın alyansı kütləvi qırğın silahlarından çəkindirmə və mühafizə üzrə potensialını və mövqeyini gücləndirməkdə davam edəcək”, - qeyd olunub.
Təlimlərdə Cənubi Koreya və Amerika hərbçiləri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Komandanlığının (UNC) üzvləri olan bir neçə ölkənin hərbi qulluqçuları da iştirak edəcək.