Paytaxtdakı məşhur binanın sakinlərindən dövlət başçısına müraciət: “Bizi psixoloji cəhətdən hazırlamaq istədikləri təəssüratı yaranır ki, onların hazırladıqları planları səssizcə qəbul edək”
Bakı şəhəri, Füzuli küçəsi 39 ünvanında yerləşən binanın sakinləri Prezident İlham Əliyevə açıq müraciət ediblər. AYNA-nın redaksiyasına ünvanlanan müraciətdə deyilir:
“İlk növbədə, uzun illərdir hər bir azərbaycanlını, hər bir Azərbaycan vətəndaşını narahat edən bir məsələ olan doğma Qarabağ məsələsinin həlli ilə əlaqədar Sizə səmimi təbriklərimizi və dərin minnətdarlığımızı bildiririk. Vətənimizin bir hissəsinin işğalına son qoyulduğuna, düşmənin torpaqlarımızdan qovulduğuna və əcdadlarımızın qədim ata-baba torpaqlarını geri qaytardığımıza görə Sizə sonsuz minnətdarıq.
Azərbaycanın iqtisadi, siyasi və hərbi uğurlarını artıraraq onu regionun güclü inkişaf etmiş dövlətinə çevirdiniz. Sizin rəhbərliyiniz altında ölkəmizin daha da yüksək zirvələrə çatacağına əminik. Bu güvəni, ölkəmizin son illərdə şahidi olduğumuz uğurları bizə verir.
Cənab Prezident! Dövlətimizin gələcəyi üçün strateji məsələlərin həllinə həsr etdiyiniz dəyərli vaxtınıza hörmətlə yanaşaraq, kömək xahişi ilə Sizə müraciət etməyə məcbur olduq. Müəyyən məsələləri həll etmək məqsədilə səlahiyyətli məmurlara birbaşa müraciətlərimiz cavabsız qaldığından Sizi narahat etmək məcburiyyətindəyik.
Sizə Füzuli küçəsi, ev 39 ünvanında yerləşən tarixi və memarlıq abidəsi olan evin sakinləri müraciət edir. Bildiyiniz kimi, Sizin sərəncamınızla 2013-cü ildə bu memarlıq abidəsinin relokasiyası (köçürülməsi) baş tutub. Binanın köçürülməsinin iki məqsədi var idi: tarixi əhəmiyyətli memarlıq abidəsinin qorunması və Füzuli küçəsinin genişləndirilməsi. Memarlıq abidəsinin relokasiyası bu sahədə uzun illər təcrübəsi olan Hollandiyanın “Bresser Eurasia” şirkəti tərəfindən həyata keçirilib.
Biz, Füzuli küçəsi, ev 39 ünvanında yerləşən binanın sakinləri, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən tarixi binanın yer dəyişdirilməsini qlobal miqyaslı möhtəşəm bir layihə hesab edirik ki, bunun nəticəsində tarixi-memarlıq abidəsi şəhər və gələcək nəsillər üçün qorunur.
Lakin bizə məlum olmayan səbəblərdən tarixi binanın bərpası layihəsi tamamlanmadı və müəyyən məsələlər təəssüf ki, hələ də öz həllini gözləyir. Maliyyələşdirilməsi üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılan təmir və bərpa işləri hələ də tam başa çatmayıb, görülən işlərin keyfiyyəti arzuolunmazdır.
Dövlət başçısının tapşırığına əsasən, bina köçürüldükdən sonra Bakı şəhəri İH Mənzil İstismar Sahəsi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində, R.Rza küçəsinə çıxan tərəfdən, binanın bədii və tarixi dəyəri olan giriş qapıları və qədim metal darvazalar sökülüb. Metal darvazanı, eləcə də qapıları sökərkən evin sakinlərinə, onları təmir məqsədi ilə aparıldıqlarını, sonra geri qaytarılacağını və binaya quraşdırılacağını söylədilər. Təəssüf ki, bina sakinlərinin çoxsaylı müraciətlərinə və suallarına baxmayaraq, orijinal darvazalar və qapılar yerlərində quraşdırılmadı və bizə ancaq onların kimin şəxsi mülkünü bəzəyə biləcəyini təxmin etmək qalır.
Binanın giriş və pilləkənləri təmir olunmayıb, həyətə baxan giriş qapıları qoyulmayıb və təmir edilməyib. R.Rza küçəsinə baxan eyvanlar təmir olunmayıb. Tarixi binanın dörd xarici üzündən yalnız Füzuli və R.Rza küçələrinə baxan iki fasad təmir edilib. Evin digər iki tərəfi isə XX əsrin 90-cı illərində olduğu kimi qalıb. Səkkiz ildir ki, Mİ işlər üzrə Departament rəsmiləri tarixi bina üzrə bitirmə işlərinin aparılmasını, təmir-bərpa işlərinin başa çatdırılmasını zəruri hesab etmirlər.
Binada icra edilən işlərin keyfiyyəti bizi narahat edir. Yeni adlandırılan dam binaya keyfiyyətsiz şəkildə quraşdırılıb. Tarixi binanın damının bərpası zamanı istifadə olunan materiallardan, xüsusən də o vaxt Departament tərəfindən sökülən digər yaşayış binalarının damlarından çıxarılan taxta materiallardan istifadə edilib.
Damın metal örtükləri zəif quraşdırılıb, boşluqlar var. Hər il güclü küləklər nəticəsində metal damın böyük parçaları aşağı düşərək həyətimizə, eyni zamanda maşınlar və insanların getdiyi R.Rza küçəsinə çırpılır. İnsanların həyatı üçün real xətər yaradan bu vəziyyətin potensial təhlükəsi barədə yazılı və telefonla şəhər icra hakimiyyətinə, habelə Mənzil İstismar Departamentinə müraciətlərimizə cavab verilir ki, təmir-bərpa işlərinin həyata keçirulməsi üçün maliyyə imkanları yoxdur. Lakin mətbuatdan öyrənirik ki, Bakı şəhərindəki binaların damlarının təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb və müraciətlərimizin niyə nəzərə alınmadığını başa düşmürük.
Binanın bilavasitə arxasında yerləşən sahə indiyə qədər təmir olunmayıb və abadlaşdırılmayıb. Bizə məlum olmayan səbəblərdən artıq səkkizinci ildir ki, R.Rza küçəsinin bu hissəsində qeyri-rəsmi avtomobil dayanacaq kimi istifadə edilən meydança hasarlanaraq qalıb. Şəhərin mərkəzində, Qış Bulvarından bir neçə metr aralıqda yerləşən bu sahənin hansı məqsədlə baxımsız qaldığı bizə aydın deyil, halbuki orada ətrafında skamyalar quraşdıraraq uşaqlar üçün kiçik oyun meydançası təşkil etmək mümkün olardı.
Binanın köçürülməsi zamanı kommunikasiya xətləri, xüsusən də borular düzgün çəkilib quraşdırılmayıb: icra edilən işlərin xoşagəlməz nəticələri məmurların öz vəzifələrinə münasibətini əks etdirir.
Biz - binanın sakinləri Departament rəsmilərinin sökülmüş giriş qapılar və darvazalarının (R.Rza küçəsinə çıxan) qaytarılmasını, girişlərin daxili qapılarının quraşdırılmasını və yarımçıq qalan işlərin tamamlamasını xahiş edirik və gözləyirik. Bir neçə ildir ki, binanın bütün xarici və daxili girişlərinin müasir texnoloji mühafizə və təhlükəsizlik vasitələri ilə təchiz olunmasını gözləyirik. Məmurların vəzifələrini yerinə yetirməməsi səbəbindən, giriş qapısı olmayan, texniki cəhətdən qorunmayan, həyəti gündüz və gecə açıq qalan bir binada, biz və uşaqlarımız hər zaman meydana gələ biləcək potensial təhlükə hissi ilə yaşayırıq.
Texniki mühafizə vasitələri və videomüşahidə ilə təchiz olunmayan tarixi bina, giriş qapıları olmayan açıq həyəti gündəlik həyatda üzləşməli olduğumuz müxtəlif cinayətlər üçün şərait yaradır. Məlum faktlardan, sakinlər tərəfindən qarşısı alınan bir qızın intihar cəhdini, naməlum şəxslərin narkotik istifadə etməsi üçün sığınacaq olaraq açıq qalan girişlərdən istifadə etməsini və s. halları göstərmək olar.
Uzun illərdir ki, Bakı İcra Hakimiyyətinin məmurlarına vəzifələrini yerinə yetirmək məqsədilə müraciət cəhdlərimiz uğursuz olaraq qalır. Bələdiyyəyə telefon və yazılı müraciətlərimiz Departamentə yönəldilir və bu qurumdan 2013-cü ildə tamamlanmalı olacaq işləri başa çatdırmaq üçün vəsaitlərinin olmadığı barədə cavab alırıq.
Vəziyyətdən narahat olan, məmurların hərəkətsizliyini görən bir qrup sakin şəxsi vəsait toplayaraq, müəyyən təmir işlərini icra edib. Füzuli küçəsi tərəfindən binanın girişinin daxili məkanı, o cümlədən daxili divarların təmiri, həmçinin pəncərə çərçivələrinin dəyişdirilməsi, kodlu kilidi olan qapıların quraşdırılması, binanın bəzi daxili girişlərində qismən metal qəfəsliklərinin quraşdırılması işləri də sakinlər tərəfindən həyata keçirilib. Məlumdur ki, hər il dövlət binaların təmiri və bərpası üçün müəyyən miqdarda vəsait ayırıb və ayılmaqdadır və biz sakinlər, şəhər İcra Hakimiyyəti tərəfindən lazımi işlərin icra edilməsini haqlı olaraq gözləyirik. Məmurların birbaşa vəzifələrini yerinə yetirməməsi, lazımi işlərin tamamlanmamasının səbəbi bizə aydın deyil. Axı Departamentin mövcud problemləri həll etmək üçün kifayət qədər vaxtı var idi.
Məmurların işi başa çatdırmaqda nəinki maraqlı olmadıqları təəssüratı yaranır. Üstəlik, bir çox müşahidələr əsasında, bina sakinlərində belə təəssürat yaranır ki, vəzifələrinə görə hər şeydən əvvəl dövlət mənafelərini, xüsusən də tarixin qorunması haqqında düşünməli olduqları halda, məmurların dövlətin böyük sərmayə qoyduğu binanın müəyyən proseslər nəticəsində yararsız hala düşməsində müəyyən maraqları ola bilər.
Ağlımızda bir sual yaranır: bəlkə də məmurlar 2013-cü ildə uğursuz cəhdlərini təkrarlayaraq, binanı qəzalı elan edib, sakinləri və ictimaiyyəti aldadaraq cüzi pul müqabilində onları şəhərin mərkəzindəki tarixi binada evləri ilə vidalaşmağa məcbur edə biləcəklərini xəyal edirlər?
Hər halda, bu düşüncələr təkcə məmurların səkkiz il ərzində hərəkətsizliyindən deyil, həmçinin 41 saylı Mənzil İstismar İdarəsinin əməkdaşlarının binamızın tezliklə qəzalı elan ediləcəyi ilə bağlı "şayiələr və versiyalarından" qaynaqlanır. Bizi psixoloji cəhətdən hazırlamaq istədikləri təəssüratı yaranır ki, bəzi məmurların hazırladıqları planları səssizcə qəbul edək.
Biz bina sakinlərində təəssürat yaranır ki, məmurlar hələ də qəzalı vəziyyət elan etməyi və ya bəlkə də bu yerdə başqa bir gəlirli yeni bina tikmək üçün onu yararsız vəziyyətə salmağı ümid edirlər. Bəlkə də elə buna görə binada videomüşahidə və texniki təhlükəsizlik avadanlıqları quraşdırılmır?
Hörmətli cənab Prezident! Sizə müraciət edərək, məmurların ehtimal olunan cinayət planlarından bizi qorumağınızı xahiş edirik. Departamentin məsul işçilərinin nəhayət birbaşa vəzifələrini yerinə yetirmələri və tarixi binanın yarımçıq qalmış təmir-tikinti işlərini başa çatdırmaları üçün Sizdən kömək istəyirik.
2013-2014-cü illərdə biz sakinlər Sizə, dövlət başçısına üç dəfə müraciət etməli olduq və yalnız Sizə müraciətlərimizdən sonra məmurlar birbaşa vəzifələrini yerinə yetirməyə başladılar. Bina müvəffəqiyyətlə köçürüldükdən dərhal sonra, biz 41 saylı Mənzil İstismar İdarəsinə çağırıldıqda və Bakı İcra Hakimiyyəti Katibliyinin müdiri Zülfəli İsmayılovun binamızın yaşamaq üçün yararsız olduğunu, vəziyyətinin qəzalı kimi qiymətləndirilə biləcəyini və mənzilləri təcili satılmalı olacağımızı söylədikdə ilk dəfə Sizə müraciət etmək məcburiyyətində qaldıq. R.Mehrəliyevin rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil İstismar Departamentinin məsul işçiləri binanın qəzalı vəziyyətdə olması faktına əsaslandıraraq, sakinlərə mənzillərimizin hər kvadrat metrini 1500 manat qiymətinə təcili alqı-satqı prosesini həyata keçirmək niyyətində olduqlarını bildirdilər.
Ancaq bu qədər yolverilməz ədalətsizliklə barışa bilmədik və mətbuatda dərc edilən açıq məktubla Sizə müraciət edərək, dövlət başçısından kömək istədik. Sizə ünvanladığımız məktubda belə yazmışdıq: “Cənab Prezident, Siz həmişə vurğulayırsınız ki, vəzifəli şəxslərin işində insan amili əsas yer tutmalı, vəzifələrə təyin olunarkən peşəkarlıq və insani keyfiyyətlər nəzərə alınmalıdır. Məqsədlərinə çatmaq üçün məmurların arqument olaraq istifadə etdikləri məlumatlar nəinki həqiqətdən uzaqdır, həm də ölkəmizin beynəlxalq nüfuzuna və dünyada məşhur bir şirkətin nüfuzuna xələl gətirən, sadə vətəndaşların mülkiyyət hüquqlarını pozan hərəkətləri apardığınız siyasətə nə qədər uyğundur? Evlərimizə tez qayıtmağımızın və mülkiyyət hüquqlarımızın qorunmasının təminatına kömək etməyinizi Sizdən xahiş edirik”.
Cənab Prezident, Sizə sonsuz minnətdarlığımızı bildiririk ki, Azərbaycan vətəndaşlarının Sizə, dövlət başçısına kömək üçün müraciəti cavabsız qalmadı. Bizə, sadə vətəndaşlara, məmləkətimizdə qarantı dövlət başçısı olan unudulmaz bir təhlükəsizlik hissi yaşamaq və hiss etmək imkanı verdiniz!
Məmurların sözlərindən narahat olan biz, evin sakinləri, o zaman meriyanın nümayəndələrinin binanın qəzalı vəziyyətdə olması ilə bağlı dediklərini şərh etmək xahişi ilə Hollandiya şirkətinin rəhbərinə də müraciət etmişdik. Müraciətimiz nəticəsində şirkət rəhbəri təcili olaraq mətbuat konfransı çağırdı və orada, tarixi binanın qarşısında xəbər agentliklərinin və televiziya kanallarının nümayəndələrinə yayılan şayiələrin əsassız olduğunu və şirkətin rəhbəri kimi, binanın daha yüz il dayanacağına zəmanət verdiyini bildirdi.
Sakinlər arasında ən azından çaşqınlığa səbəb olan məmurların açıqlamasından dərhal sonra “Bresser Eurasia”nın rəsmi açıqlaması ictimaiyyətə çatdırıldı. Açıqlamada eləcə də şirkətin keçirdiyi mətbuat konfransında "binada qəza təhlükəsi olmadığı və sakinlərin evlərində təhlükəsiz yaşamasına şitkətin zəmanət verdiyi" vurğulandı. “Bresser Eurasia” rəhbəri binanın təhlükə altında olmadığını, üstəlik yeni bir təmələ köçürüldükdən sonra, köçürmə işlərindən əvvəlki vəziyyətdən daha etibarlı olacağını təsdiqlədi.
“Bresser Eurasia”nın rəhbəri Leon Sveihers və “Bresser Eurasia”nın qurucusu Herman Bresser Bakıda keçirdikləri mətbuat konfransında işlərinə 100% zəmanət verdiklərini söylədilər. “Bresser Eurasia BV” şirkətinin rəhbəri Leon Sveikers mətbuat konfransında "Köçürmə işlərinin uğurla başa çatmasından çox məmnunuq və gələcək nəsillər üçün memarlıq və tarixi dəyərə malik olan bu binanı qoruyub saxlamağımızdan qürur duyuruq" dedi.
Yerli media qurumları öz araşdırmalarını apardıqdan sonra, “Bresser Eurasia BV” nümayəndələrinin evin vəziyyətini qiymətləndirdiyi, binanın qəzalı vəziyyətdə olmadığını və ola bilməyəcəyi qənaətində olan materiallar nəşr etdilər. Kütləvi informasiya vəsitələrinin dövlət başçısına müraciəti, habelə Hollandiya şirkətinin binanın təhlükə altında olmadığı qənaəti və zəmanətləri yayımlandıqdan sonra Prezidentə kömək üçün müraciətə cavab olaraq, biz sakinləri binanın qəza vəziyyətində olması ilə qorxudan, bələdiyyə binasına dəvət edən və bu görüşdə şəhərin keçmiş icra başçısı H.Abutalıbov bizi evdən çıxarmayacaqlarını bildirdi.
Beləliklə, cənab Prezident, Sizin köməyiniz nəticəsində sakinlərin qanunsuz olaraq evdən çıxarılması məsələsi həll edildi. Sonradan məmurların vəzifələrinə laqeyd münasibət göstərmələri səbəbindən yenidən Sizi, dövlət rəhbərini narahat etməyə məcbur olduq. Və yenə də dövlət başçısı bizim müraciətlərimizi diqqətsiz qoymadı və məmur özbaşınalığına son qoyulması üçün göstəriş verdi.
Hörmətli cənab Prezident! Yaranmış şəraitdə ümidlərimizi yalnız Sizə bağlayırıq. Bu problemin həllində bizə dəstək olmağınızı xahiş edirik. Dəfələrlə ədalət prinsiplərinə və insani dəyərlərə hörmətinizin şahidi olmuşuq və mülkiyyət hüquqlarımızın qorunması, evimizdə normal şəraitdə yaşamaq və təhlükəsiz yaşamaq hüququnun təminatında kömək etməyinizi xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk”.
P.S. Müraciət sözügedən binanın 26 nəfər sakini tərəfindən imzalanıb.