Salah deyib ki, Allahın mərhəmətini qazanmaq üçün bu qərarı veriblər
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının ailəsi cinayəti işləyənləri bağışlayıb. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, vəhşicəsinə öldürülən jurnalistin oğlu Salah Qaşıqçı Səudiyyə Ərəbistanında birlikdə yaşadığı ailəsinin adından sosial şəbəkədə açıqlama yayıb.
Ataları Camal Qaşıqçının qatillərini bağışladıqlarını bildirən Salah deyib ki, Allahın mərhəmətini qazanmaq üçün bu qərarı veriblər.
“Bir pisliyin qarşılığı ona uyğun davranışdır. Amma bağışlamaq yolunu tutarsan, sənin mükafatını Allah verər. Heç şübhə yoxdur ki, Allah haqsızlıq edənləri sevməz”, deyə - Qaşıqçı Şura surəsindən bir ayə misal gətirib.
Bundan əvvəl açıqlamalarında atasının ölümünün siyasiləşdirilməsini istəmədiyini deyən Salah, Kral Salman bin Əbdüləzizin ona başsağlığı verərkən, çəkilən narahat görüntüləri ilə mediada tanınmışdı.
Qeyd edək ki, Kral Qaşıqçının oğlanları Sehl və Salahı paytaxt Ər-Riyaddakı “Yemame Sarayı”nda qəbul etmişdi.
Xatırladaq ki, 2018-ci il oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".
Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf etmişdi.