Camaat Allahın ümidinə buraxıldı...

Cəmiyyət

04.08.2020 - 20:20

Operativ Qərargahın son qərarını mütəxəssislər təhlükəli hesab edirlər

 

“Karantin yumşaldıldı, SMS icazəsi yığışdırıldı, çimərlik mövsümi açıq elan edildi. Amma yenə də bağlı qalan iş yerlərinə, qadağan olunan toy və yas tədbirlərinə görə dövlət üzərinə nə vətəndaşlar, nə də sahibkarlar qarşısında heç bir öhdəlik götürmədi, məsuliyyəti bölüşmədi”.

 

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkə paylaşıb. O bildirib ki, xərclər yenə də ailə başçılarının, işə götürənlərin, sahibkarların üzərində qaldı: “Hətta, 190 manatı belə, işsizlərə və aztəminatlılara çox görən hökumət yenə də nə etdiyinin fərqində deyil. Baxın, ayın 5-dən SMS icazəsi yığışdırılandan sonra görün, nələr baş verəcək. Əhali yenə də küçələrə çıxacaq, iş axtaracaq, dolanışıq dalınca ora-bura qaçacaq, həm özü yoluxacaq, həm də başqalarını yoluxduracaq, sonra da yenidən xəstəxanalara düşmək Sovet dövründə ali məktəblərə girmək qədər çətinləşək. Nəticədə də xəstələlərin sayının çoxalması səhiyyə xərclərini artıracaq”.

“Bu səbəbdən də 2020-ci ilin büdcəsində edilən düzəlişlərdən biri də səhiyyə xərclərinin 369 milyon manat artırılmasıdır. Diqqət edin, 600 min nəfərə 190 manat birdəfəlik yardım üçün 114 milyon manat vəsait tələb olunur. Karantin rejimi sərtləşdirilmiş şəhər və rayonlarda isə 287 min nəfər üçün 55 milyon manat ödəniş edilib. Əgər həmin ödənişi iyul və avqust ayları üzrə də davam etdirsələr, büdcədən 110 milyon manat xərclənər. Bu halda əhali də evdə oturub, kasıblığını edər, həm özünü, həm də ailəsini virusdan qoruyardı. Amma 110 milyon manata qıymayan hökumət əhalini virusa yoluxmağa məcbur edir və onları sağaltmaq üçün də 369 milyon manat ayırır. Belə olanda həm canımız gedir, həm də pulumuz. Bütün bunlara görə həkimlərimiz də virusa yoluxur və həyatlarını itirirlər. Bir həkimin yetişməsi üçün dövlətin nə qədər vəsait xərclədiyini hesablasaq, itkilərimiz daha böyük məbləğlərlə ifadə olunar. Bütün bunları hansı ağılla edirlər?!”, - İbadoğlu vurğulayıb.

 

İqtisadçı-ekspert Rəşad Həsənov da Q.İbadoğlunun fikirləri ilə razıdır. O AYNA-ya açıqlamasında deyib ki, bu, yeni bir məsələ deyil: “Əslində bilirik ki, sahibkarlıq subyektlərinə dəstəklə bağlı proqramlar iki aylıq oldu. Fiziki şəxslərə, sadəcə birdəfəlik maliyyə dəstəyi göstərildi, hüquqi şəxslər və əməkhaqqı fondu ilə bağlı yardım proqramı aprel-may aylarını əhatə etdi. Bundan sonrakı dövrdə, xüsusilə də ölkənin bir sıra rayonlarında, o cümlədən də iqtisadiyyatın təxminən səksən faizini formalaşdıran Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtda karantin tədbirləri davam etdirilirdi və bunun müqabilində də sahibkarlıq subyektlərinə hər hansı maliyyə dəstəyi göstərilmədi, hətta iaşə sektorunda iyun ayında dövriyyənin azalması dörd dəfə olmuşdu. Yəni bu, kifayət qədər böyük göstəricilərdir və bu subyektlər üçün çox ciddi zərər formalaşdırır. Həmçinin, turizm sektorunun ayrı-ayrı sahələrində çox ciddi zərərlər var. Eyni zamanda qeyd olunduğu kimi kütləvi tədbilərin təşkili ilə bağlı (yaslar, toylar və s.) fəaliyyət sahələri artıq altıncı aya keçir ki, işləmir”.

Onun sözlərinə görə, belə olduğu təqdirdə də hökumət bu sahələr üçün müvafiq dəstək proqramı təmin etməli və birbaşa maliyyə yardımları göstərilməlidir: “Əks halda bu subyektlər çox ciddi şəkildə zərərlə üzləşəcək. Və bunların, əslində işdən çıxarmadığı işçilərin böyük əksəriyyəti faktiki olaraq əməkhaqqı almır. Bizdə olan məlumata görə, administrativ təzyiqdən qorxaraq bu subyektlər işçiləri işdən çıxarmasa da, onların xərcləri yalnız, məhz həmin işçilərin sosial sığorta haqlarının ödənilməsi istiqamətindədir. Əməkhaqqının digər hissəsini isə vətəndaşlara ödəmirlər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, sadalanan sektorlarda illeqal əmək bazarı da geniş inkişaf etmişdi. Bu da o deməkdir ki, minlərlə insan faktiki olaraq, ümumiyyətlə heç bir təminatı olmadan işdən kənarlaşdırılıb və günəmuzd işləyənlərin bir çoxu işdən uzaqlaşdırılıb. Bu istiqamətdə hər hansı bir dəstəyin olmaması həmin insanların maliyyə və təssərrüfat fəalyyətinin çox acınacaqlı vəziyyətə gəlib çıxmasına səbəb olub”.

 

Həsənov həmkarının ikinci yanaşmasını da doğru hesab edir: “Bu yumşalmalar həm dünya, həm də Azərbaycan təcrübəsində onu göstərir ki, yumşalmalar xüsusilə də sosial müdafiə tədbiləri daha az olan, eyni zamanda ictimai məsuliyyət nisbətən zəif etmiş ölkələrdə yoluxma sayının sürətlə artmasına gətirib çıxarır. Ümid edək ki, bu, baş verməyəcək. Amma faktiki olaraq əgər ailələrin sosial təmnatının gücləndirilməsi ilə bağlı hər hansı tədbirlər keçirilmirsə, insanlar məcburən iş axtarmağa başlayacaqlar və qeyd edildiyi kimi, bu da kütləvi hərəkətin artmasına və xəstəliyin yayılmasına şərait yaradacaq”

 

“Avqustun 5-də parlamentin növbədənkənar iclası çağırılıb. Ola bilərmi ki, bütün bu məsələlərlə bağlı hansı bir təşviq paketi təqdim olunsun?” iqtisadçı belə cavab verib: “Bunun olacağını düşünmürəm. Çünki bizdə parlamentin təşəbbüskarlıq səviyyəsi çox aşağıdır. Parlament, əsasən icra strukturlarından gələn qanunlara münasibət bildirir və hətta onlara göndərilən qanun layihələrinin böyük əksəriyyətini belə, oxumayacaqlar. Bunu əminliklə deyirəm ki, bu müzakirələrdə də aktiv iştirak etməyəcəklər. Bir neçə deputat tərəfindən, xüsusilə də iqtisadi blokda olan deputatlar tərəfindən müəyyən təkliflərin səsləndirilməsi gözləniləndir, amma qərar qəbul etmək çoxluq prinsipi əsasında formalaşır. Və buna görə də bu təkliflər həyata keçirilməyəcək.Ən sonda  bu müzakirələr fonunda hökumətin göndərdiyi büdcə təsdiqlənəcək”.

 

Hökumətin 110 milyon manata qıymamasına gəldikdə, ekspert hesab edir ki, hökumət xərclərin istiqamətini dəyişdirməklə fərqli, zəruri sahələrə yönəldə bilərdi: “Nəzərə alaq ki, bizim büdcədə sosial xərclər cəmi 40-41 faiz ətrafındadır. Bu, o deməkdir ki, hökumətin kifayət qədər xərc istiqamətlərində manevr, dəyişiklik etmək və vəsaitləri sosial, səhiyyə xarakterli istiqamətlərə yönəltmək imkanları genişdir. Nəzərə almaq lazımdır ki, həmin 369 milyon manat sadəcə bundan sonrakı dövrdə səhiyyə xərclərinin maliyyəşdirilməsi ilə deyil, ümumiyyətlə 2020-ci il büdcəsində nəzərdə tutulan səhiyyə xərclərinin həcminin dəyişdirilməsi ilə əlaqədardır. Ki, artıq ötən dövr ərzində bu vəsaitlərin böyük əksəriyyəti xərclənib, sadəcə büdcəyə düzəliş zamanı rəqəmlər korrektə edilir. Yəni həmin vəsaitlər o demək deyil ki, bundan sonra da götürülüb, səhiyyə istiqamətinə yönəldiləcək”.

 

“Amma onu nəzərə almaq lazımdır ki, bir xəstənin saxlanması dövlət üzərində kifayət qədər böyük maliyyə yükü formalaşdırır. Və ona görə də dövlət digər alternativ vasitələrdən istifadə edərək, o cümlədən birbaşa maliyyə yardımları göstərməklə, insanların məcburiyyət qarşısında qaydaları pozmamasına, kütləvi toplanmaların qarşısının alınmasına stumil verməlidir. Bu mexanizmlərdən istifadə edərək, xəstəliyin sayının azalması və yoluxma hallarının qarşısının alınması həmin vəsaitlərin də tibbi ləvazimatlara, dərman vasitlərinə deyil, daha məqbul istiqamətlərdə ailələrin təsərrüfat fəaliyyətinə, ailə büdcələrinin gücləndirilməsinə, kommunal xərclərin ödənilməsinə və s. kimi istiqamətlərə yönəltməklə vəziyyəti daha yaxşı idarə etmək olardı”, - Həsənov vurğulayıb.

Müəllif: Ülviyyə Şahin