Buraxılış imtahanında şagirdlərə niyə zülm verirsiniz - <font color=red> FOTO, VİDEO</font>

Cəmiyyət

01.03.2020 - 14:00

Saatlarla uşaqları soyuqda küçədə gözlədən Dövlət İmtahan Mərkəzi belə pərakəndə, nizamsız imtahanı nə üçün  keçirir?

 

Bu gün ölkədə doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir. AYNA əməkdaşı, Bakının Xətai rayonunda yerləşən 264 saylı məktəb-liseydə olub, orada baş verənlərə şahidlik edib. 


Əvvəl qeyd edək ki, imtahana buraxılış vərəqələrində qeyd olunduğuna görə, şagirdlər səhər saat 9-dan gec olmayaraq imtahan keçirilən məkana gəlməlidirlər, baxmayaraq ki, imtahan saat 11-də başlayır.

 

Məktəbin həyətinə toplaşan şagirdlər arasında sorğu keçiriləndə məlum oldu ki, hətta uzaqdan gələn şagirdlər 9-un yarısından obyektin həyətində idilər. Soyuq havada saatlarla gözləyən və içəri buraxılmayan uşaqların təqsiri nə idi?

 

Asayişi qorumaq üçün məktəb qapısında dayanan polislərlə söhbətdə aydın oldu ki, onlara da belə tapşırıq verilib. Polislərin özləri də vəziyyətdən narazı idilər.


Başqa məsələ isə odur ki, saatlarla uşaqları soyuqda küçədə gözlədən Dövlət İmtahan Mərkəzi (DİM) belə pərakəndə, nizamsız imtahanı nə üçün  keçirir? Ölkədə koronavirusla bağlı təşviş olan zamanda uşaqların soyuqda, kütlə içində saxlanılması nə qədər doğrudur? Axı uşaqlarımızın soyuqdan qorunması vacibdir ki, virusa təslim olmasınlar.


Şagirdlərin içəriyə buraxılması da maraqlı idi -nəzarətçilərin üzlərində maska, əllərində əlcək... Məqsədi nədir? Əgər koronavirusdan qorunmaq tədbiridirsə, bəs uşaqlar üçün bu, niyə nəzərdə tutulmayıb? Bir də imtahan keçirilən məktəbin dezinfeksiya olunması barədə məlumat niyə verilmir?


Nəzarətçilərin uşaqları dəfələrlə yoxlamalarına isə heç bir məna vermək olmur. Bu, sərhəd-keçid məntəqəsi deyil, sadəcə imtahandır!


Belə çıxır ki, nəzarətçi xəstələnməsin amandır, amma şagirdlərin canı cəhənnəmə?!


DİM, elə valideynləri də bu qədər gərginlikdə saxlamaqda məqsədiniz nədir? Saat 9-dan küçədə dayanan, 11-də imtahana buraxılan və saat 2-də imtahandan çıxan bu şagirdlərdən hansı yüksək göstəricini gözləyirsiz?

Müəllif: Raminə Eyvazqızı