Qonçar: “Bu ilin yanvar-may aylarında ticarət 2022-ci ilin eyni dövrü ilə müqayisədə 86% artaraq 2,3 milyard dollar təşkil edib”
Cari ilin yanvar-may aylarında Ermənistanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə rekord həddə artıb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
Qonçar Ermənistanın Rusiyanın ən yaxın müttəfiqlərindən biri və Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşı olaraq qaldığını vurğulayıb.
“Moskva və İrəvan arasında qarşılıqlı fəaliyyətin lokomotivi isə həmişə liderlər arasında etimadlı dialoq, eləcə də hökumət, nazirlik və idarə başçıları arasında intensiv təmaslar, parlament xətti ilə əlaqələrdir. Qlobal təlatümlərə baxmayaraq, ölkələrin ticarət-iqtisadi sferasında kifayət qədər müsbət mənzərə qeydə alınıb - əməkdaşlıq həm ikitərəfli formatlarda, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində davamlı şəkildə inkişaf edir", - diplomat vurğulayıb.
Ötən il qarşılıqlı ticarətin bütün rekordları qıraraq 5 milyard dollara çatdığını deyən Qonçar bu il də müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb: “Belə ki, yanvar-may aylarında ticarət 2022-ci ilin eyni dövrü ilə müqayisədə 86% artaraq 2,3 milyard dollar təşkil edib. Eyni zamanda, Ermənistanın Rusiyaya ixracı rekord həddə 3,3 dəfə artıb ki, bu da Rusiya bazarının prioritet olduğunu deməyə əsas verir”.
Qonçar əlavə edib ki, iyunun ortalarında Yuxarı Lars keçid məntəqəsinin keçid qabiliyyəti genişləndirildiyi üçün ticarət dövriyyəsinin artımının davam edəcəyi gözlənilir.
Bundan əlavə, iyulun sonunda Batumi ilə Novorossiysk arasında bərənin yükgötürmə qabiliyyəti təxminən 12 min ton olan müntəzəm dəniz konteyner daşımalarına başlanılıb.
Diplomat qeyd edib ki, Ermənistan iqtisadiyyatına yatırılan bütün xarici sərmayələrin demək olar ki, yarısı Rusiya təsərrüfat operatorlarıdır.
“Ermənistan Aİİ-də iştirakdan əsas benefisiarlardan biridir. 2022-ci ildə Ermənistanın ittifaq ölkələrinə ixracının həcmi 2021-ci illə müqayisədə 1,6 milyard dollar, demək olar ki, 3 dəfə artıb. Aİİ üzvləri ilə qarşılıqlı ticarətdə ixracın artım tempi isə tədarükün artım tempindən yüksəkdir”, - deyə dördüncü idarənin rəisi bildirib.