İsveç XİN başçısı: “Avropa Komissiyasının sədrliyi ilə iclasda Türkiyə və Suriya sakinlərinə yardım mövzuları müzakirə olunacaq”
İsveç hakimiyyəti Türkiyədə zəlzələlərdən zərər çəkənlərə 37 milyon kron (təxminən 3 milyon 558 min dollar) maliyyə yardımı ayırıb. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billstrom deyib.
Nazir genişmiqyaslı fəlakət nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İsveç xalqının Türkiyə və Suriyanın ağrısını paylaşdığını vurğulayıb.
“İsveç bu faciəyə biganə qalmadı. 37 milyon kron məbləğində maliyyə yardımı göstərdik və bölgəyə xilasedici qruplar göndərdik”, - Billstrom qeyd edib.
Nazir əmin edib ki, İsveç təbii fəlakət bölgəsində zərərçəkənlərə yardımı davam etdirəcək: “Avropa Komissiyasının sədrliyi ilə Brüsseldə iclas keçiriləcək və iclasda Türkiyə və Suriya sakinlərinə iqtisadi və sosial yardım mövzuları da müzakirə olunacaq”.