Seçkilərin nəticəsini tanımayan müxalifət qüvvələri etirazlara başlayıb
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində müxalifətlə polis arasında qarşıdurmalar yaşanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, müxalifət partiyalarının nümayəndələri paytaxtın mərkəzi Manas meydanında toplaşıblar. Bu zaman təhlükəsizlik işçiləri ilə etirazçılar arasında qarşıdurma yaranıb.
Etirazçıların özləri arasında da insident baş verib, bir-birlərinə şüşə və daş atıblar. Mətbuatın məlumatına görə, bəzi etirazçılar hadisə yerindən qaçıblar. Bildirilir ki, Sooronbay Atambayev və Omurbek Babanovun tərəfdarlarının əksəriyyəti Manas abidəsindən uzaqlaşıblar. Sadıra Japarovun tərəfdarları isə meydandadırlar.
Qeyd edək ki, Oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçkidə iştirak edən 16 partiyadan 4-ü lazım olan baryerini keçib. Seçkilərin nəticələrini tanımayan müxalif qüvvələr etiraz aksiyalarına başlayıblar. Nümayişçilər Qırğızıstan Parlamentinin binasını və Prezidentin iş otağını ələ keçirərək keçmiş dövlət başçısı Almazbek Atambayev və digər siyasətçiləri həbsxanadan buraxdırıblar.
Xatırladaq ki, etiraz aksiyaları səbəbindən Prezident Sooronbay Jeenbekovun sərəncamı ilə paytaxt Bişkekdə fövqəladə vəziyyət tətbiq edilib. Fövqəladə vəziyyətə uyğun olaraq polis və ordu şəhərə daxil olub. Daxili İşlər nazirinin müavini Almazbek Orozaliev paytaxtın komendantı təyin edilib.