Hazırkı dövlət bayrağını endirib, yerinə ağ-qırmızı-ağ bayraq taxanlar cəzalandırılacaqlar
Belarusun Qomel şəhərindəki meydanda hazırkı dövlət bayrağının ağ-qırmızı-ağ rəngli bayraqla dəyişdirilməsi haqqında cinayət işi açılıb. AYNA-nın məlumatına görə, Belarus İstintaq Komitəsi bildirib ki, avqustun 16-da naməlum şəxslər bayraq dirəyindən hazırkı qırmızı və yaşıl rəngdən ibarət bayrağı endirib, yerinə ağ-qırmızı-ağ rəngdən ibarət bayrağı asıblar.
Bununla bağlı “Dövlət rəmzlərinin təhqir edilməsi" maddəsi ilə cinayət işi başladılıb.
Qeyd edək ki, Belarusda etirazçılar ağ-qırmızı-ağ rənglərdən ibarət bayraq qaldırırlar. Ağ-qırmızı-ağ bayraq 1991-1995-ci illərdə Belarusun dövlət bayrağı olub. 1995-ci ildə keçirilən referendumda, belarusların əksəriyyəti, bayrağı keçmiş BSSR bayrağını xatırladan qırmızı-yaşıl rənglə əvəz edilməsinə səs verib.
Xatırladaq ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz aksiyaları keçirilir. Artıq 9 gündür davam edək aksiyalarda Prezident Aleksandr Lukaşenkonun istefası və yeni seçkilərin keçirilməsi tələb edilir.