Lukaşenko Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə müvafiq dəyişiklikləri təqdim edib
Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ əldə ediblər. Bu barədə AYNA “Moscowtimes.ru”ya istinadən bildirir.
Qeyd olunub ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə müvafiq dəyişiklikləri təqdim edib.
Dövlət başçısı sənədin 11-ci maddəsinin dəyişdirilməsi barədə göstəriş verib. Sənədin yeni redaksiyasında deyilir ki, hərbi qulluqçular onlara həvalə edilmiş tapşırıqları yerinə yetirərkən “mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdirlər.
Bundan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir. Gecikmənin hərbçilərin özlərinin və ya digər vətəndaşların həyatı üçün təhlükə yaratdığı və ya “digər ağır nəticələrə” səbəb ola biləcəyi hallar istisna olmaqla, pozucudan qeyd olunan tələbləri yerinə yetirmək üçün kifayət qədər vaxt da tələb olunur.
Silahdan istifadə nəticəsində “vətəndaşın xəsarət alması və ya ölümü” barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular “ümumi hərbi nizamnamələrin tələblərinə uyğun” hərəkət etdikdə vurduqları “zərər”ə görə məsuliyyət daşımayacaqlar.
Əvvəllər 11-ci maddədə deyilirdi ki, “Hərbi qulluqçular tərəfindən səlahiyyət həddini aşaraq fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə etmələri qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.