Baş nazir Milli Məclisdə bahalaşmadan danışdı: “İnflyasiya təzyiqləri ilə üzləşirik”

İqtisadiyyat

09.12.2022 - 14:04

Əli Əsədov: “Hazırda ölkədə ərzaqla bağlı problem yoxdur və olmayıb. 90 günlük mal ehtiyatları yaradılıb”

Milli Məclisin payız sessiyası çərçivəsində bu gün keçirilən iclasında gündəliyə daxil edilmiş 29 məsələ müzakirə olunub. Toplantıda gələn ilin dövlət büdcəsi ilə bağlı layihə üçüncü oxunuşda qəbul edilib.

İclasda iştirak edən Baş nazir Əli Əsədov hökumətin gələn il üçün prioritetlərindən danışıb. Baş nazir bildirib ki,  Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır: “Hamımız böyük fəxr və qürur hiss edirik ki, 2 il bundan əvvəl işğal altındakı torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq, milli prioritetləri təsdiq edib. Milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır. Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək”.

“Son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”

“Milli prioritetlərin icrası iki dövrə bölünür. Birincisi, 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Ə.Əsədov qeyd edib.

Baş nazir vurğulayıb ki, ilkin hesablamalara görə, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur: “Bunun 58 faizi azad edilmiş ərazilərə yönəldiləcək. Son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib”.

Baş nazir: “Azərbaycan inflyasiya təzyiqləri ilə üzləşir. İdxal malların qiymətində artım qeydə alınıb”

Ə.Əsədov dərman çatışmazlığı və qiymətləri məsələsinə də toxunub: “Ölkədə dərman çatışmazlığı ilə bağlı məsələ qaldırılıb. Bu məsələni hökumət dərhal nəzarətə götürüb. Hazırda həyati əhəmiyyəti daşıyan dərmanlarla bağlı problem müşahidə olunmur. Bununla yanaşı, hər bir şəxs zəruri olan dərmanları öz şəxsi istifadəsi üçün ölkəyə gətirə bilər. Bunun miqdarının müəyyən edilməsi üçün Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara tapşırıqlar verilib. Milli Məclisin Səhiyyə komitəsini də bu istiqamətdə öz təkliflərini verməyə dəvət edirik”.

“Son dövrlər müşahidə olunan regional və geosiyasi gərginlik, Rusiya-Ukrayna münaqişəsi, bununla bağlı sanksiyaların tətbiqi, istehsal zəncirində qırılma, logistikanın kəsilməsi inflyasiyaya və ərzaq qıtlığına səbəb olub. Prezidentin dediyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən proqnoz etmək çətindir. Amma aydındır ki, bu, fevraldan əvvəlki kimi olmayacaq”, - Baş nazir əlavə edib.

Ə.Əsədov bildirib ki, qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir: “İdxal malların qiymətində artım qeydə alınıb. İnflyasiya ərzağın bahalaşması sayəsində olub. Azərbaycan dərman vəsaitlərinin 95 faizini idxal edir. Bunun böyük hissəsi Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Böyük Britaniyanın payına düşür. Dərman qiymətlərinin tənzimlənməsi Taarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 276 dərman adına tətbiq edilib, bu da ümumi dərmanların cəmi 2 faizidir. Bu dərmanlar əsasən Rusiya, Ukrayna, Belarusdan idxal olunur”.

Əli Əsədov: “Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur”

“Millət vəkilləri müzakirələr zamanı seçildikləri rayonlarda kommunal, su, qaz, yollarla bağlı problemlərin həlli və digər istiqamətlərdə təkliflərlə çıxış ediblər. Bu məsələlərin çoxu investisiya proqramları çərçivəsində həll edilməsi üçün ardıcıl işlər görülür və bundan sonra da görüləcək. Hesab edirəm ki, 2023-cü il büdcəsi hazırkı dövrün problemlərini və aktual çağırışlarını özündə əks etdirir. Büdcədə ehtiyaclar və imkanlar düzgün balanslaşdırılmalıdır. Büdcəni qəbul edərkən makro iqtisadi və maliyyə sabitliyi, eləcə də strateji valyuta imkanları diqqətdə saxlanılıb”, - deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir əlavə edib ki, şəhid ailələri, qazilərin sosial durumnun yaxşılaşdırılması nəzərdə tutulur və bu davamlı olacaq: “Azərbaycan dövlət büdcəsinin 67 faizi sosial yönümlü xərclərdir. Bu rəqəmlə 15,2 milyard manat edir. Qeyd edim ki, bütün bunlar Prezidentin qiymət artımına həssas yanaşdığını, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün addımlarını göstərir”.

“Hazırda ölkədə ərzaqla bağlı problem yoxdur və olmayıb. 90 günlük mal ehtiyatları yaradılıb, başlıca məqsəd əhalini əsas ərzaq məhsulları ilə təmin etməkdir. Əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması məqsədilə inflyasiya təsirlərinin azaldılması üçün zəruri tədbirlər görülür, bundan sonra da görüləcək”, - Baş nazir qeyd edib.

Deputat Baş nazirə təşəkkür etdi

Deputat Sabir Rüstəmxanlı çıxışı zamanı Baş nazirə təşəkkür edib: “Deputat seçildiyim Neftçala rayonunda içməli su problemi mövcud idi. İki il əvvəl məsələ qaldırıldı və qısa müddətdə bu problem həllini tapdı. Hazırda kəndlərin içməli su problemi həll olunur. Hazırda orada yeni bənd çəkilir və ərazinin torpaqlarının şoranlaşmasının qarşısını alınır. Seçildiyim rayonda bir sıra başqa istiqamətdə də işlər aparılır. Bu işlərin dayanmamasını istərdim. Qaz problemi də var. Xahiş edirəm ki, bu məsələyə də diqqət ayrılsın. Görülən işlərlə bağlı Baş nazir Əli Əsədova və digər nazirlərə təşəkkür edirəm”.

Müəllif: Anar Bayramoğlu