“Arxamda hərəkət edən əşyaları görə bilərsiz”
Yeni Zelandiyada 5.9 bal gücündə zəlzələ baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ baş verən zaman bir televiziya proqramının canlı yayımında qonaq olan Baş Nazir Jacinda Ardernin hadisəyə ciddi reaksiya verməməsi diqqətləri cəlb edib.
Belə ki, paytaxt Vellinqtondakı parlament binasından proqrama qoşulan Baş Nazir koronavirusla bağlı suallara cavab verən zaman zəlzələ baş verib. Lakin Ardern əvvəlcə təəccüblənsə də, sakitliyini pozmayıb: “Hazırda zəlzələ baş verir. Arxamda hərəkət edən əşyaları görə bilərsiz”.
Yerli mətbuatın məlumatına görə, təxminən 15 saniyə davam edən zəlzələnin episentri paytaxt Vellinqtondan 30 kilometr şimal-qərbdə yerləşən Levin şəhəri olub.