Bal kimi fürsət: bu imkanı dəyərləndirə bilirikmi – Ritorik sual

İqtisadiyyat

04.12.2022 - 10:27

Arıçılıq məhsullarının ixracının həcmini artırmağa nə və kim mane olur?

Azərbaycanda bal istehsalı artır və ekspertlərin fikrincə, bu həcmlər məhsula olan daxili tələbatı ödəmək üçün kifayətdir. İşğaldan azad edilən ərazilərdə arıçılığın inkişafı ilə ölkədə bal daha çox olacaq. Amma həm istehsalçılarımızı qorumaq, həm də bu məhsulların ixracının qayğısına qalmaq lazımdır. Ancaq indi Azərbaycan balı xaricdə az tanınır, baxmayaraq ki, bununla yaxşı pul qazana bilərsiniz.

2021-ci ildə qlobal bal ixracının dəyəri 2,673 milyon dollar təşkil edib. Bu sahədə Yeni Zelandiya, Çin və Argentina liderdir.

“Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov yerli mətbuata deyib ki, Azərbaycan balının ixracı ilə bağlı konsepsiya hazırlanmalıdır: “Hazırda ölkəmizdən bal ixracının həcmi çox aşağı səviyyədədir. Bu, bir sıra səbəblərlə bağlıdır. Bazarları öyrənmək, Azərbaycan balını tanıtmaq lazımdır. Bundan başqa, Avropa bazarı Azərbaycandan heyvan mənşəli məhsulları qəbul etmədiyi üçün Avropa ölkələrinə bal ixrac edilmir. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi artıq bu məsələ ilə bağlı danışıqlara başlayıb, Avropa bazarı sabit və bahalı bazardır”.

Həsrətovun sözlərinə görə, Azərbaycan balı premium məhsuldur: “Məsələn, ərəb ölkələrində Azərbaycan balı ilə eyni keyfiyyətdə bal 100 dollardan bahadır, amma biz balı ancaq az sayda ölkəyə ixrac edirik”.

Mövzunu AYNA-ya şərh edən Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, arzu olunarsa, Azərbaycan balının müxtəlif ölkələrə ixracını təşkil etmək o qədər də çətin deyil: “Sual olunur ki, niyə aidiyyatı strukturlar bununla xüsusi maraqlanmır? Ancaq nəzərə almalıyıq ki, bir çox ölkələrdə bal bizim baldan daha ucuzdur. Biz balımızın maya dəyərini aşağı salmayana qədər və ya keyfiyyətcə xarici baldan qat-qat yüksək olduğunu istehlakçılara sübut etməyənə qədər, xaricdə ona böyük tələbat olmayacaq”.

“Balın istehlakçıları kimlərdir? Fiziki şəxslər və qənnadı sənayesi. Və onların ehtiyaclarına güvənmək lazımdır. Arıçılıq kifayət qədər yüksək gəlir gətirir, lakin maksimum qazanc əldə etmək istəyənlər də var. Lakin işğaldan azad edilmiş ərazilərdə daha çox bal istehsal olunanda, rəqabət daha da artacaq və o zaman bu məhsulun qiyməti düşə bilər”, - deyə Ağayev bildirib.

Arıçı Oleq Baqrov AYNA ilə söhbətində söyləyib ki, Qarabağ balının ixracı ilə bağlı planlar haqqında eşidib və bu, brend olacaq: “İndi artıq Laçında, Kəlbəcərdə də bal alırlar. Balımız hazırda bəzi ərəb ölkələrinə və Yaponiyaya ixrac olunur. Məsələn, Azərbaycan balını Rusiyaya ixrac etməyin mənası yoxdur, onların öz balları kifayət qədərdir. Sonradan başqa ölkələrdə satışa çıxarmaq üçün ölkədən topdan balı almaq istəyənlər var, amma problem çox aşağı alış qiyməti təklif etmələrindədir. Bəziləri balı maya dəyərindən aşağı qiymətə almaq istəyir ki, bu da real deyil. Eyni zamanda, daha sonra bu balı çox baha qiymətə satacaqlar”.

“Arıçıların maraqlanması üçün normal qiymətə balın topdan satışı olmalıdır. İndi hər şeyin qiyməti artıb, arıçı nə iləsə  dolanmalıdır, ailəsini dolandırmalıdır. Çoxlu xərclər var. Arıçı qazancın böyük bir hissəsi arıçılığın inkişafına yönəldir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Baqrovun dediyinə görə, Azərbaycana külli miqdarda balın başqa ölkələrdən gətirilməsi yerli arıçıların həyatını xeyli çətinləşdirir: “Bizə bal İrandan, Gürcüstandan, Rusiyadan və s. yerlərdən gətirlir. Eyni zamanda, bal çox vaxt eyni adda və ya ən ucuz növlərdən olur ki, burada baha satılır. Azərbaycan balı çox keyfiyyətlidir. Və qiymətlər çeşiddən asılı olaraq dəyişir. Müxtəlif bölgələrdə balın dadı fərqlidir. Türkiyədə olduğu kimi Azərbaycanda da yerli bal istehsalçılarının maraqları qorunsa, düzgün olardı”.

Qeyd edək ki, Türkiyə hökuməti ölkəyə bal idxalına 38,5% rüsum tətbiq edir.

Müəllif: Elya Belskaya