“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”

İqtisadiyyat

01.08.2019 - 11:45

Vüqar Bayramov: “Yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”

 

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən, dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov şəxsi “Facebook” hesabında paylaşım edib. “Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED qərarını elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəz bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”, - deyə o yazıb.

Ayna.az