İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub: hadisə zamanı xəsarət alan olmayıb
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
"Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5kv.m. sahədə deformasiya edib. Yataqxana binası yanğından mühafizə olunub. Xəsarət alan olmayıb", - məlumatda vurğulanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib: “FHN-in yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır".