Koronavirusa yoluxan şəxslərin 52,1 faizi Bakı üzrə qeydə alınıb
"Hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var".
AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı bildirib ki, onlardan 20-si reanimasiyadadır: "Onlar da əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub".
Ramin Bayramlı Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəricilərini də açıqlayıb: "40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib".
Onun sözlərinə görə, ölkədə virusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır: "Virusa yoluxanların 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir".
O, bölgələr üzrə koronavirusa yoluxma halları üzrə statistikanı da açıqlayıb: "Koronavirusa yoluxan şəxslərin sayı 52,1 faizi çoxu Bakı üzrə qeydə alınıb. Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16 %, Aran zonasında 6,88 %, Lənkəranda 8,28 %, Abşeronda 5,54 %, Gəncə- Qazax zonasında 7,62 %, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07 %, Şəki- Zaqatalada 1,27 %, Dağlıq Şirvanda 1,4 %, Naxçıvanda 0,27 % təşkil edib".
R.Bayramlı Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikasını da təqdim edib: "Ən yüksək nəticə Yasamal rayonundadır, yəni 22,65% təşkil edir. Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanovda 6,27%, Xətaidə 5,81%, Abşeronda 5,69%, Nizami və Suraxanıda 5,11%, Xəzərdə 4,53%, Sumqayıtda 3,72%, Qaradağda 3,02%, Səbaildə 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb".
Səhiyyə nazirinin müavini Viktor Qasımov isə bildirib ki, bəzi regionlar artıq koronavirusdan təmizlənib: "Artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir".
Onun sözlərinə görə, hazırda 12 rayonda xəstəliyə yoluxma halı var.
Viktor Qasımov onu da bildirib ki, Azərbaycanda ev şəraitində karantində olan 3000-ə yaxın insan var.