736 mindən çox şəxs yaşa, 380 min nəfərdən çox şəxs isə əlilliyə görə pensiya alır
2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiya alanların sayı 1 milyon 260 min nəfər təşkil edib. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub. Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 milyon manat çox olmaqla, 2 milyard 250 milyon manat təşkil edib.
“2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müraciət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə elektron qaydada pensiya təyin olunub”, - deyə məlumatda qeyd edilib.