Azərbaycan səhiyyəsində maraqlı yenilik: amma nəticə verəcəkmi, bilinmir...

Cəmiyyət

10.10.2021 - 15:10

Adil Qeybulla: “Əcazçılıq firmaları bunun da bir çarəsini tapacaq, bu yolla neqativ halları aradan qaldırmaq mümkün olmayacaq”

Araz Bayramov: “Özünə hörmət edən həkimlər maddi maraq qarşısında resept yazmırlar”

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə Azərbaycanın elektron resept sisteminə keçid edəcəyini bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Səhiyyə Nazirliyi ilə bu istiqamətdə məsləhətləşmələr aparır: “Respublikamızda da bu işə nəzarət artıq ciddi tədbirlərlə həyata keçiriləcək. Vacib olan məqam odur ki, artıq xəstəxanalarımızda elektron resept sisteminə keçiriləcək. Bu da həkimlərimizi kağız üzərinə yazılmış reseptlərdən qurtaracaq. Apteklər yazılmış elektron resept üzərindən vətəndaşlara dərmanları təqdim edəcək. Bu da antibiotiklərin və digər reseptsiz satışa icazəsi olmayan dərmanların satışının qarşısını almağa gətirib çıxaracaq”.

Azərbaycanda əczaçılıq firmalarının həkimlərlə əlbir olaraq xəstələri bahalı dərmanlarla “yükləməsi”, bunun qarşılığında həkimlərə qeyri-rəsmi ödənişlər etdiyi barədə müzakirələr yeni deyil. Təsadüfi deyil ki, əksər şirkətlər bu məqsədlə çoxlu sayda tibbi nümayəndələr işə götürür və onlar həkimlərlə gizli sövdələşmələrə nəzarəti həyata keçirirlər. Bu isə öz növbəsində, onsuz da çətin maddi şərtlər altında yaşayan əhalinin sosial durumuna təsirsiz ötüşmür.

Bəzi ekspertlər elektron resept sisteminin bu sahədə hərc-mərcliyi aradan qaldıracağını bildirsələr də, əks qənaətdə olanlar, əczaçılıq firmalarının elektron sistem vasitəsilə də bu prosesi davam etdirəcəyini söyləyənlər də var.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AYNA-ya açıqlamasında deyib ki, elektron reseptlər ənənəvi reseptlərin bir formasıdır: “Hesab edirəm ki, bu addımın atılması vacibdir. Hətta deyərdim ki, kifayət qədər gecikmişik də. Müasir dövrdə vətəndaşlara bütün xidmətlər elektron qaydada aparılmalıdır. Beynəlxalq təcrübə belə deyir. Azərbaycanda da bunun kifayət qədər örnəkləri var. Nəinki reseptlərin, epikrizlərin, bütün tibbi vasitələrin elektronlaşdırılması günün tələbidir. Bu, həm tibb ictimaiyyətinə, həm də xəstələrə istədiyi məlumatları əldə etmək hüququ verəcək. Daha uzun arxiv araşdırmalarına da ehtiyac qalmayacaq”.

Professorun sözlərinə görə, bu sistemə keçid üçün xüsusi proqram tələb edir: “Nəticədə bu proqram şəbəkə şəklində işləyir. Bütün bu məsələlər isə mərkəzi proqramda cəmlənir. Elektron reseptlərin də istifadəsi ənənəvi reseptlər kimi rahat olacaq. Onların sayəsində istənilən vaxt həmin reseptə müraciət edərək, nə vaxt, nə dərmanın qəbul edilməsini öyrənmək mümkün olacaq. Statistik bazanın yaradılması biz həkimlərin də işini asanlaşdıracaq. Lakin bütün bunları tətbiq etməzdən öncə maariflənmə işləri aparılmalıdır. Xüsusən regionlarda elektron sistemə keçidi təmin etmək istiqamətində səylər gücləndirilməlidir”.

Qeybulla əlavə edib ki, bununla həkimlərin əlyazmalar etməsinə də ehtiyac qalmayacaq: “Dəfələrlə şikayətlər alırıq ki, həkimlər səliqəsiz respet yazırlar və onları oxumaq mümkün olmur. Elektron resept sisteminə keçid bu problemləri də aradan qaldıracaq. Lakin bunun hazırda mövcud olan neqativ halları aradan qaldıracağını düşünmürəm. Yəqin ki, əczaçılıq firmaları bunun da bir çarəsini tapacaq”.

“Buta” klinikasının direktoru, Fransada təhsilli uroloq-androloq Araz Bayramov da AYNA-ya söyləyib ki, Avropada uzun illərdir elektron respet sistemindən istifadə edilir: “Sözsüz ki, Azərbaycanda da bunun tətbiqinə ehtiyac var. Düşünürəm ki, bu günə qədər artıq bu proses baş verməliydi. Müasir dünyada bunun müxtəlif formalarından istifadə edilir. Misal üçün, Estoniyada apteklərdə bütün xəstələr e-şəxsiyyət vəsiqələrini təqdim edir və əczaçı xəstənin informasiyalarını e-ID vasitəsilə götürür və e-resepti doldurur. Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar. Bu sistem əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədi daşıyır”.

Doktorun dediyinə görə, Azərbaycanda bunun necə həyata keçiriləcəyi barədə məlumatsızdırlar: “Təşəbbüs olaraq bu səslənib. Lakin necə və hansı formada həyata keçiriləcəyinə dair heç bir informasiya yoxdur. Nəzərə almaq lazımdır ki, bir proses o zaman uğurlu olur ki, A-dan Z-yə bütün məqamlar dəqiqləşsin. Əgər TƏBİB doğrudan da bu sistemə keçidi nəzərdə tutubsa, bunun necə həyata keçiriləcəyini də bəyan etməlidir. Maarifləndirmə işləri aparılmalı, video-çarxlar hazırlanmalıdır. Gözləmək ki, sistem işə düşsün və zaman-zaman aktuallıq qazansın, bu, kökündən yanlış yanaşmadır. Məhz çox zaman belə etdiklərinə görə, uğurlu nəticələrə də nail olmaq mümkün olmur”.

“Özünə hörmət edən həkimlər maddi maraq qarşılığında əczaçılıq firmaları ilə əməkdaşlığa getmirlər. Həkim öz üzərində işləməlidir. O bilməlidir ki, protokollar nədir, hansı yeniliklər baş verir, hansı tərkibli dərmanlar bazara daxil olur, hansılar ölkəmizə gətirilib və s. Yaxud şirkətlərin əməkdaşları onlara müəyyən informasiya verə, diskussiyalar aparıla bilər. Burada qəbahətli bir şey yoxdur. Lakin bunu maddi maraq qarşılığında həyata keçirmək və xəstələri “yükləmək” konkret cinayətdir. Müvafiq qurumlar bu kimi hallara qarşı sərt tədbirlər görməlidirlər”, - deyə Bayramov fikirini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev