Qocalar evinə yerləşməyə yaşı imkan vermir, sığınacağa üz tutmağa səhhəti
Redaksiyamıza zəng edərək özünü Nigar Aliyeva kimi təqdim edən xanım yardımımıza ehtiyacı olduğunu bildirirdi. Xahiş etdi ki, küçədən tapdığı bir kişiyə kömək əlimizi uzadaq. AYNA-ya pənah gətirmiş qadının xahişini cavabsız qoymayıb həmin zəngin ardınca getdik.
Nigar Aliyeva bizi "Nizami" metrostansiyasının arxasındakı ara küçələrin birində yerləşən həyət evində qarşıladı. Ev o qədər kiçik idi ki, bir çarpayı, kiçil stul, balaca televizorla dolmuşdu. İstidən evdə nəfəs almaq mümkün deyildi.
Qadının dediyinə görə, artıq 3 aydır ki, bu evi Akif Əliyevin yaşaması üçün kirayələyib. Bunun müqabilində isə ayda 150 manat kirayə haqqı ödəyir.
O, Akif Əliyevi soyuq yaz aylarının birində küçədən tapdığını bildirir. Yeriyə bilməyən, səhhətində problemlər olan, 62 yaşlı A.Əliyev yaxınları tərəfindən tərk edilib.
N.Aliyeva A.Əliyevi həkimə aparıb, müayinələrdən keçirdib. Məlum olub ki, o, Hipatit C xəstəsidir, ayaqları tutulub, üstəlik alsgeymerdən əziyyət çəkir: “Həkim hələlik müalicəsi üçün 250 manatlıq dərmanlar yazıb. Ancaq ala bilmədim. 240 manat MRT-yə verdim. Gündəlik yeməyinə 7-10 manat xərcləyirəm. Kirayə pulu, pampers xərci də bir yandan”.
Nigar xanım deyir ki, artıq A.Əliyeva baxmağa maddi imkanı yol vermir: “Çox çətindir. Dostlar, tanışlar maddi yardım göstərdiyi üçün 3 ay saxlaya bildim. Artıq pul da bitib. Kirayə haqqının da vaxtıdır. Növbəti ay üçün ödəməyə isə pul yoxdur. Bilmirəm, nə edəcəyik”.
Akif Əliyevlə söhbətimiz əsnasında bəlli olur ki, zamanında vətən üçün kifayət qədər işlər görüb. Dediyinə görə, Kiyevdə Xarici İqtisadiyyat Akademiyasını bitirib. Oradan təyinatla Tumen şəhirində yerləşən Geologiya Universitetinə işləməyə gedib.
1986-1987-ci illərdə Yamalda neft-qaz sektorunda çalışıb. 1990-cı ildə isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. 1993-cü ildə Qarabağ müharibəsində iştirak edib.
Sonra Mingəçevirdə işləyib. Oradan da Bakıya təyinat alıb, Sənaye və Tikinti Nazirliyində çalışıb. 1996-cı ildən başlayaraq Rusiyadan Yunanıstana xəz-dəri xammalı ixrac edib. 2002-ci ilə kimi Yunanıstanda yaşayıb, orada şirkət sahibi olub. 2002-ci ildə Bakıya geri dönüb. Amma ailəsi Yunanıstanda qalıb.
2006-cı ildə müflis olan A.Əliyev bankdan kredit götürüb. 2012-ci ildə krediti ödəyə bilmədiyi üçün Bakıda olan evini sataraq krediti bağlamağa məcbur olub. 2016-cı ilə kimi müxtəlif yerlərdə işləyib, fəhləlik edib. 2016-cı ildə ayaqları tutulduğu üçün iş qabiliyyətini itirib və küçələrdə qalmağa başlayıb.
A.Əliyevdən ailəsi haqqında da soruşuruq. Öyrənirik ki, 2 qızı, 1 oğlu və 1 nəvəsi var. Amma onlarla sonuncu dəfə 2016-cı ildə telefon vasitəsilə əlaqə saxlayıb. Övladlarından niyə kömək istəmədiyini soruşduğumuzda isə gözləmədiyimiz cavabı alırıq: “Bəzi problemlər olduğu üçün onlarla danışmıram. Hətta danışanda qızım mənə pul göndərmək istədi. Razı olmadım”.
Onun bir istəyi var – qocalar evinə yerləşmək. Buna isə onun yaşı imkan vermir. Qocalar evinə ancaq 65 yaşı tamam olmuş şəxslər qəbul edilir: "Xəstəxanalarda da 3-4 gün qalandan sonra deyirlər ki, “çıxarın, aparın, mülicəsini evdə davam etdirin. Evim də yoxdur. Bu qədər iş gördüyüm halda qocalar evini də mənə çox görürlər”.
Nigar Aliyeva deyir ki, yardım olmasa, Akif Əliyevi yenidən küçəyə atmalı olacaq: “Maddi yardım olmasa, baxa bilməyəcəyik. Qocalar evinə isə yaşı çatmır. İndi əlimizdən ancaq o gəldi ki, sizə müraciət edək, bu məsələni işıqlandırasınız”.
Akif Əliyevin qocalar evinə yerləşdirilməsinə yardımçı olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. O bildirdi ki, A.Əliyevin yaşı qocalar evinə yerləşdirilməsinə imkan vermir: “Qocalar evinə 65 yaşı tamam olandan sonra yerləşdirə bilərik. Akif Əliyevin isə hazırda 63 yaşı olduğu üçün onu ancaq iki ildən sonra qocalar evinə yerləşdirmək mümkündür”.
Nazirliyin sözçüsü qeyd etdi ki, A.Əliyevin kimsəsizlər və evzislər üçün nəzərdə tutulmuş sığınacağa yerləşdirilməsi də mümkün deyil: “Səhhətində ciddi problem olduğuna görə kimsəsizlər və evzislər üçün olan sığınacağa yerləşdirə bilmərik. Sığınacaqda tibbi persanal yoxdur. Həm də bu sığınacaq müvəqqətidir. Akif Əliyev daimi orada qala bilməz”.
Belə olan halda, yenə də ümid imkanlı şəxslərin insafına qalır. Akif Əliyevə yardım etmək istəyənlər üçün hesab nömrəsi və əlaqə telefonu var.
Aparat Milliön unibank debet kart online müdaxil
5117 7622 2265 9405 məbləg
kartin son 8 rəqəmi
2265 9405
Bitme tarixi 04/22
Kart to kart köçürməsi üçün 5117 7622 2265 9405
Əlaqə nomrəsi: 0552054047