“Azərbaycan Krım Platformasına ona görə qatılmadı ki…”

Siyasət

24.08.2021 - 17:13

Natiq Cəfərli: “Gürcüstan Cənubi Osetiya və Abxaziyadan, Moldova isə Dnestryanı bölgədən ümidini kəsib”

 

Qabil Hüseynli: “Azərbaycan sammitdə iştirak etsəydi, Rusiya erməniləri silahlandıracaq, müxtəlif təxibatlar törədəcəkdi”

 

Kiyevdə Krım Platforması zirvə toplantısı öz işinə başlayıb. İki gün davam edəcək sammitdə 46 ölkə və blokun rəsmiləri, eləcə də NATO-ya üzv olan 30 ölkənin hər birinin nümayəndəsi iştirak edir. ABŞ-ın nümayəndə heyətinə energetika naziri Cennifer M.Qranholm başçılıq edir.

 

Konfrans Krım yarımadasının Ukrayna hökumətinin nəzarətinə qaytarılması yollarını müzakirə etmək məqsədi ilə keçirilir. Xatırladaq ki, Rusiya yarımadanı 2014-cü ildə, Ukraynadakı inqilabdan sonra ilhaq edib və bu, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

 

Azərbaycan ən yüksək rəsmi səviyyədə Ukrayna xalqının müstəqilliyinin 30 illiyini təbrik etsə də, sammitdə iştirak etmir. Bəzi müxalifət təmsilçiləri isə Azərbaycanın bu sammitdə iştirak etməməsini sərt tənqid edirlər.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Respublikaçı Alternativ” (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Kreml bu tədbirdə iştirak edənlərə qarşı amansız olacaq: “Bu səbəbdən Azərbaycanın sammitdə iştirak etməməsi başadüşüləndir. İddia edirlər ki, Gürcüstan və Moldova bu tədbirdə iştirak etdiyi halda Azərbaycan niyə iştirak etmir? Əvvəla ona görə ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyadan, Moldova isə Dnestryanı bölgədən ümidini kəsib. Azərbaycanda isə vəziyyət fərqlidir. Yəni, bizim hələ də Xankəndi və ətrafı məsələsini həll etmək imkanlarımız qalır. Qeyd etdiyim ölkələrdə isə artıq bu şans yoxdur. Rusiya ilə müzakirə imkanlarını tamamilə itiriblər”.

 

Həmsöhbətimizin sözlərinə görə, Türkiyənin forumda iştirakı mühüm hadisədir: “Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan Ukrayna ilə əməkdaşlığı artırmalıdır - necə ki, bunu edir. Lakin açıq şəkildə Krım Forumunda iştirak Rusiya ilə bütün körpüləri yandırmaq deməkdir. Buna getmək isə hazırkı şəraitdə məqsədəmüvafiq deyil. Kiyevə yardım etmək sammitdə iştirak etməkdən daha faydalıdır. Xüsusən geopolitik siyasətdə praqmatik yanaşma ortaya qoymaq vacibdir. Bunu unutmaq olmaz. Yaxşı olardı ki, rəsmi Bakını bu məsələdə ittiham edənlər daha soyuqqanlı düşünsünlər. O zaman görərlər ki, əslində düzgün qərar verilib”.

 

Cəfərli hesab edir ki, mövcud şəraitdə Moskva ilə gərginlik Bakıya lazım deyil: “Kifayət qədər həssas məqamdır və belə bir məqamda münasibətləri gərginləşdirən addımlara yol vermək olmaz”.

Image result for qabil Hüseynli

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya şərhində bildirib ki, sammitdə iştirak etməklə Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmiş olardı: “Bilirsiniz ki, Azərbaycan Krım məsələsində Ukraynanın yanında olduğunu dəfələrlə bəyan edib. Bu gün bizim Ukrayna ilə münasibətlərimiz yüksək səviyyədədir. Qarşılıqlı etimad şəraitində münasibətlərimiz yüksələn xətlə inkişaf edir”.

 

“Təbii ki, Azərbaycanın Krım Platformasında iştirakı müsbət hal olardı. Lakin bir məqam da var ki, bundan sonra Kreml ökəmizə qarşı hücumları artıracaq. Onsuz da son dövrlər təzyiqlər artıb və bunu hər fürsətdə həyata keçirirlər. Belə bir məqamda Moskva ilə açıq gərginliyə getmək olmazdı”, - deyə ekspert vurğulayıb.

 

Politoloqun bildirdiyinə görə, Krım Platfoması Kremlə qarşı təzyiqlərin başlanğıcıdır: “Onlarla ölkə və beynəlxalq təşkilat bir araya gələrək Rusiyanın işğalçılıq siyasətinə etiraz etdi. Artıq Moskva postsovet məkanına nəzarəti itirir. Gürcüstan və Moldovanın da sammitdə iştirakı bunu misaldır. Təbii ki, Rusiyaya qarşı təzyiqlər daam edəcək. Bu səbəbdən rəsmi Kreml də hiddətlidir”.

 

“Azərbaycan olduqca düzgün qərar verib. Əgər biz sammitdə iştirak etsəydik, çox ciddi təpkilərlə üzləşərdik. Rusiya Ermənistanı silahlandırmağa, sülhməramlı missiyasından sui-istifadə etməyə, münaqişəni gərginləşdirməyə, “suyu bulandırmağa” çalışardı. Məsələyə emosional yanaşmaq lazım deyil. Türkiyənin sammitdə iştirakı bizim də mövqeyimizi ifadə edir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev