Maliyyə nazirləri Ukraynaya maliyyə yardımı göstərməyə hazır olduqlarını təsdiqləyiblər
İyunun 5-də Avroqrup ölkələrinin maliyyə nazirləri “Böyük yeddilik” (G7) sammiti ərəfəsində virtual görüş keçirib və Ukraynaya xüsusən də Avropa İttifaqında (Aİ) dondurulmuş Rusiyanın maliyyə aktivlərindən əldə olunan gəlirlər hesabına bundan sonra da maliyyə yardımı göstərməyə hazır olduqlarını təsdiqləyiblər.
AYNA "Ukrinform"a istinadən xəbər verir ki, bunu Avroqrupun prezidenti, İrlandiyanın dövlət xərcləri və islahatlar naziri Paskal Donoxoe görüşün yekunlarına dair bəyanatında qeyd edib.
“Biz Ukraynaya davamlı dəstəyimizi bir daha təsdiqləmişik və Ukraynaya yaranan maliyyə ehtiyaclarına cavab verməyə köməyə sadiqik. İclas iştirakçıları keçən ay bütün Aİ-yə üzv dövlətlərin Avropada bloklanmış Rusiya aktivlərindən əldə edilən artıq gəlirlərin Ukraynaya yönəldilməsi ilə bağlı yekdil qərarına toxunublar. Bununla əlaqədar olaraq, müzakirələrdə nazirlər G7 tərəfdaşlarına konstruktiv fəaliyyətlərinə görə minnətdarlıqlarını bildiriblər, həmçinin onun davam etdirilməsinə tam dəstəyini ifadə ediblər”, - qeyd edib.
Qeyd edək ki, bu virtual görüş zamanı Avroqrup ölkələrinin nazirlərinə G7 liderlərinin iştirakı ilə sammit öncəsi İtaliyanın Stresa şəhərində G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərləri səviyyəsində keçirilən müzakirənin nəticələri barədə məlumat verildiyi bildirilir.