Ursula van der Leyen: “Zorakılıq edənlərə əlavə sanksiyalar tətbiqinə ehtiyac var”
“Avropa Birliyi Belarusda demokratik prinsipləri pozanlara qarşı sanksiya tətbiq etməlidir”. AYNA xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula van der Leyen deyib.
Onun sözlərinə görə, Belarusda nümayiş iştirakçılarına qarşı zorakılıq edənlərə əlavə sanksiyalar tətbiqinə ehtiyac var.
“Əminəm ki, Aİ Xarici İşlər nazirlərinin müzakirəsi müsbət nəticələnəcək, Belarusdakı insanların vətəndaş azadlıqları və demokratik hüquqlarına güclü dəstəyimizi nümayiş etdirəcəyik”, - deyə Leyen bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. Rəsmi açıqlamaya görə, hazırkı ölkə başçısı Aleksandr Lukaşenko seçicilərin 80 faizdən çoxunun səsini qazanıb. Seçkinin nəticələri ilə razılaşmayan belaruslar, kütləvi həbslər və təhlükəsizlik qüvvələrinin sərt zorakılığı ilə müşayiət olunan kütləvi etiraz aksiyalarına başlayıblar. Artıq 6 gündür ki, ölkədə etiraz aksiyaları keçirilir.