Arzuolunmaz hadisələrin siqnalı - “Lənət” yüksəlir

İqtisadiyyat

16.04.2024 - 18:04

Yaxın Şərqdə gərginlik artdıqca qızıl niyə bahalaşır?

Aprel ayında investorlar üçün ənənəvi təhlükəsiz sığınacaq olan qızılın qiyməti maksimum səviyyəyə qalxdı. İqtisadçıların fikrincə, kəskin qiymət spiralının səbəbi riskli aktivlərdən imtina edərək daha stabil investisiya alətinin xeyrinə seçim edilməsidir. Maraqlıdır ki, qiymətli metalın qiyməti İranın İsrailə hücumu ərəfəsində kəskin artmağa başlayıb və bu hadisədən sonra qiymətlər rekord həddə yaxınlaşır.

Beynəlxalq ticarət məlumatlarına görə, qiymətli metalın qiyməti bir troy unsiyası üçün 2400 dollara yaxınlaşır. İyun qızıl fyuçerslərinin qiyməti aprelin 14-dən sonra Nyu-Yorkun “Comex” birjasında daha 25,3 dollar bahalaşıb. İndekslərin artımı neft bazarına da təsir edib – “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,357% artaraq bir barel üçün 90,48 dollara, WTI markalı neftin may fyuçersləri isə 0,28% artaraq 85,69 dollara çatıb.

Aprelin 14-nə keçən gecə İran İsrailə qarşı dron hücumları həyata keçirib. İran silahlı qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Buna səbəb aprelin 1-i axşam saatlarında İranın Suriyadakı Baş Konsulluğunun binasına İsrail tərəfindən hava zərbəsi endirilməsidir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun 7 zabiti öldürülüb. Onların arasında iki yüksək rütbəli baş müşavir də var.

Yaxın Şərqdə proseslərin kəskinləşməsi fonunda qiymət dəyişkənliyi ay ərzində böyüməyə davam etdi və 12 apreldə Amerika rəsmilərinin cümə günü hazırlanan “İranın İsrailə böyük hücumu” barədə məlumatı ilə kəskin şəkildə yüksəldi. Lakin qarşıdurma qorxusundan qaynaqlanan qiymət artımı bu ilin fevral ayının ortalarından başlayıb. Bundan əlavə, bazarda yüksəliş əhval-ruhiyyəsi FED-in faiz dərəcəsini endirməsi ilə mütənasib olaraq artdı - faizsiz qızıl inflyasiyaya uyğunlaşdırılmış real faiz dərəcələrinin aşağı düşməsindən faydalandı.

İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, qiymət artımı yaxşı əlamət deyil, çünki qızıl hər zaman irimiqyaslı şoklardan əvvəl qalxır: “Müharibələr və böhranlar ənənəvi olaraq bu aktivə tələbi və qiymətləri artırır. Qiymət piklərinin yeganə obyektiv iqtisadi səbəbi Amerika Mərkəzi Bankının yenidən faiz dərəcəsini aşağı salmağa başlayacağı gözləntisidir, çünki bu, ucuz və uzunmüddətli pulların meydana çıxması deməkdir”.

“Bank faizlərinin dolayı yolla aşağı düşməsi fond bazarlarına və qızıla daxil olacaq sərbəst vəsaitlərin yaranmasına səbəb olmalıdır. Bununla belə, inflyasiya riskləri FED-in pul siyasətinin əhəmiyyətli dərəcədə yumşaldılmasına kömək etmir, ona görə də Amerika tənzimləyicisinin faiz endiriminin dinamikası əhəmiyyətsiz olacaq. Bu səbəbdən də bu vəziyyətin qızıl qiymətlərinə təsiri hələlik minimaldır”, - deyə həmsöhbətimiz bildirib.

Bu mənada mütəxəssis hesab edir ki, investisiya tələbinin və qızılın qiymətinin kəskin artması geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır: “Yüksək qiymət artımı ilə qızıl bazarı müharibə gözləntilərinə, ən əsası isə irimiqyaslı maliyyə və iqtisadi şoklara reaksiya verir. Axı, xatırlayırsınızsa, pandemiyanın sərt zamanlarında mərkəzi banklar dünya bazarlarına 17-18 trilyon dollar əlavə likvidlik tökdü. Pul mətbəəsinin zəhməti hədər getmədi. Bütün bunlar qlobal iqtisadiyyatın və qlobal logistikanın qəsdən çökməsi ilə yanaşı, müharibələr və ciddi iqtisadi böhranla nəticələnəcək”.

“Qüsurlu anti-COVID tədbirlərinin vurduğu ağır iqtisadi zərbə bəşər tarixində görünməmiş cinayətə çevrildi. Qızılın qiymətinin artması yeni şokdan xəbər verir. Bu gün dünya artıq ağır böhran vəziyyətindədir və qiymətli metal üçün kotirovkaların artması onun dərinləşməsinin əlamətidir. Ölkəmizin qurduğu siyasi və diplomatik əlaqələr, ciddi və funksional müttəfiqliklər baxımından Azərbaycan güclü mövqedədir. Lakin primitiv iqtisadi model respublikanın “Axilles dabanı”dır. O, müasir qlobal çağırışlara cavab vermir, ona görə də əsas vəzifə iqtisadi transformasiyadır, lakin bu da siyasi və idarəetmə islahatları olmadan mümkün deyil”, - deyə Cəfərli vurğulayıb.

Müəllif: Emma Rzayeva