Məlumata görə, Kanadadan qayıdan İran əsilli 60 ABŞ vətəndaşı sərhəd keçid məntəqələrində saxlanılıb
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaranan gərginlik artmaqda davam edir. AYNA Britaniya mediasına istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti (CBP) tərəfindən, Kanadadan qayıdan İran əsilli 60 Amerika vətəndaşı sərhəd keçid məntəqələrində nəzarətə götürülüb.
Saxlanılan İran əsilli şəxslərdən biri, onun və ailəsinin, eləcə də onlarla iranlının 8 saatdan çox nəzarət altında qaldığını bildirib. Sorğulanan digər bir şəxs isə, nəzarətə götürülənlərin əksəriyyətinin ABŞ vətəndaşı olduğunu deyib: “Bizi nə üçün nəzarətə götürdüklərini soruşduq. Verilən sualların heç biri etdiyimiz səyahətlə bağlı deyildi. Sadəcə, “üzr istəyirik, bu, sizin üçün münasib zaman olmadı” - deyərək bizə cavab vedilər”.
Amerika-İslam Münasibətləri Şurasının direktoru Məsihi Fouladi də baş verənləri təsdiqləyib. Onun sözlərinə görə, bəzi İran əsilli Amerika vətəndaşları, təxminən 10 saat gözləmə salonunda nəzarətçilər tərəfindən sorğu-suala tutulublar.
ABŞ-da fəaliyyət göstərən beynəlxalq İran-Amerika Şurası (NIAC) isə sərhəddə, təxminən 150 nəfərin tutulduğunu açıqlayıb.
ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin sözçüsü Mayk Friel isə iddiaları təkzib edib. O bildirib ki, sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri artırılsa da, İran əsilli heç bir ABŞ vətəndaşı nəzarətə götürəlməyib.