“Altılıq platforması”na doğru ilk addım: Moskvada qurulan masadan GÖZLƏNTİLƏR

Aktual

10.12.2021 - 10:16

İlqar Vəlizadə: “Türkiyə və Azərbaycan prezidentləri "3+3" formatı ideyasını irəli sürməklə qonşu dövlətlərə çağırış etdi: "gəlin, özümüz öz problemlərimizi həll edək!". Rusiya və İran bunu dəstəklədi”

Bu gün Rusiyanın paytaxtı Moskvada "3+3" formatı da adlandırılan “Altılıq platforması”nın ilk iclası keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçiriləcək. İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılacaq.

Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva yerli mediaya açıqlamasında bildirib ki, “Altılıq platforması”nın iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bugünkü toplantıya “3+3" formatı ölkələrindən biri olan Gürcüstan qatılmayacaq. Qonşu ölkənin XİN-inin yaydığı məlumatda bildirilib ki, Gürcüstan tərəfi formatda iştirakla bağlı öz mövqeyini dəfələrlə təkrar edib. 

"Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan XİN "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstanb dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə XİN-in yaydığı məlumatda vurğulanıb. 

Qeyd edək ki, "3+3" formatı ilə bağlı yerli və xarici ekspertlər adətən pessimist mövqe sərgiləyiblər. "Altılıq platforması" ideyasının "ölü doğulmuş" ideya olduğunu qeyd edən əksər analitiklər hesab edirlər ki, "3+3"də təmsilçiliyi nəzərdə tutulan ölkələrin bir-biri arasında siyasi və iqtisadi münasibətləri gərgin olan, hətta düşmən ölkələr var. Bu isə onu deməyə əsas verir ki, "Altılıq platforması" reallaşması qəliz olan məsələdir. Lakin bu gün sözügedən platforma ilə bağlı ilk iclasın keçirilməsi, ilkin addımların atıldığı reallığını ortaya qoyur.

 

Moskvadakı toplantıdan gözləntiləri AYNA-ya müsahibəsində şərh edən politoloq İlqar Vəlizadə deyib ki, bəzən ictimaiyyət nümayəndələri rəsmi açıqlamalara, siyasi proseslərə dırnaqarası baxırlar:

- Bəzən deyirlər ki, görüşlər mənasızdır, sadəcə protokol qaydasıdır və s. Əslində isə belə deyil. Boş-boşuna heç nə baş vermir. Baxın, son həftələr ərzində "3+3" formatı ilə bağlı siyasi məsləhətləşmələr, telefon danışıqları var idi. Yüksək səviyyəli təmaslarda bu məsələ qaldırılırdı. Məsələn, Türkiyənin XİN başçısı İran Prezidenti ilə görüşdə "Altılıq platforması" məsələsini gündəmə gətirdi. Rusiya tərəfi İran tərəfi ilə ali səviyyədə məsələni qaldırdı. Azərbaycan lideri, Türkiyə lideri müntəzəm olaraq "3+3" formatının yaradılması, bunun əhəmiyyəti haqqında fikirlər bildirib. Bunları ona görə deyirəm ki, heç bir siyasi ideya "ölü doğulmuş" sayılmamalıdır. Buna qarşı çıxan ölkənin - Ermənistanın Baş naziri, XİN başçısı və başqa rəsmiləri məcbur olub "Altılıq platforması" haqqında fikirlər səsləndirib. İrəvanın bu proses ürəyincə olmasa da, ona təzyiqlər var və məcburiyyət qarşısında prosesə qoşulur. Bunlar onu deməyə əsas verirdi ki, tərəflər "3+3" formatını hazırlayırdılar. Nəticə isə göz önündədir, bu gün Moskvada ilk iclas keçirilir. 

Bilirsiniz, "3+3" ideyası havadan yaranmayıb, cari və strateji məqsədlər, maraqlar var. Bölgədə yeni reallıqlar yaranıb. Bu region kifayət qədər mürəkkəb regiondur. Regiondan kənar ölkələr, güclər çalışırlar ki, bölgəyə təsir etsinlər, öz təsir güclərini formalaşdırsınlar, yaxud da olan güclərini artırsınlar. "3+3" formatı bu təsirləri azaltmaq, digər oyunçuların bölgəyə müdaxiləsinin qarşısını almaq üçün atılmış addımdır. Türkiyə və Azərbaycan prezidentləri "3+3" formatı ideyasını irəli sürməklə qonşu dövlətlərə çağırış etdi: "gəlin, özümüz öz problemlərimizi həll edək!". Rusiya və İran bunu dəstəklədi. Çünki Rusiya da, İran da istəmir ki, regiona kənar güclər daxil olsun, burada at oynatsınlar. Moskva və Tehran anlayır ki, bölgədə siyasi nüfuzunu saxlamalıdır. Məsələn, İran istəmir ki, Minsk Qrupu Qarabağla bağlı bundan sonrakı proseslərə qoşulmaq adı ilə regionda nüfuzlarını saxlasın. Biz də istəmirik. Azərbaycan da gördü ki, daha faydalı əməkdaşlıq platforması regiondaxili platformadır. Necə ki, 44 günlük müharibədə digər oyunçuların məsələyə qarışmasına imkan vermədik -  Rusiya və Türkiyə əsas rol oynadı. 

Region "Altılıq platforması"nın yaranmasını tələb edir. Siyasi situasiya bunu istəyir. Bu gün "3+3" formatı ilə bağlı keçirilən iclas formatın mahiyyətini açıqlayacaq. Sadəcə olaraq, prosesi diqqətlə izləmək, görüşün nəticələrini gözləmək lazımdır. 

- "Altılıq platforması"nın reallaşmasına doğru ilk addım atılır. Bu görüş ümidvericidirmi?

- Əlbəttə, ümidvericidir. Ona görə ki, burada təmsil olunan dövlətlər öz resurslarına - həm siyasi, həm iqtisadi, həm hərbi resurslarına güvənirlər. Bu baxımdan, platformanın yaranması daha realdır. Burada tərəddüd edən Gürcüstan və Ermənistandır. Bunun da səbəbi var. Rəsmi Tiflis bu cür böyük qərarları daha çox Qərblə məsləhətləşdikdən sonra verir. Qərb isə "3+3" platformasında maraqlı deyil. Daha doğrusu, sözügedən platforma Qərbin maraqlarına uyğun deyil.  Ermənistanın tərəddüdünə gəlincə, İrəvan Türkiyə və Azərbaycanın təmsil olunduğu yerdə olmaq istəmir. Lakin İrəvanın öz sözü olmayıb, ipi Rusiyanın əlindədir. Ermənistanın bu tərəddüdləri getdikcə əriyəcək. Nüfuzuna arxalanan ölkələr isə bu platformaya "hə" deyirlər. 

- Gürcüstan bəyanat verib ki, iclasa qatılmayacaq. Amma maraqlıdır ki, "Altılıq platforması"nda ən çox maraqlı olan ölkədən biri Gürcüstan olmalı idi. Ola bilərmi ki, rəsmi Tiflis indi yox, gələcəkdə formatda təmsil olmaq qərarı versin?

- Dediyim kimi, Gürcüstan strateji qərarları Qərblə məsləhətləşərək verir. Düzdür, Gürcüstan əsas gətirir ki, Rusiya ərazi bütövlüyünü pozub, ona görə təmsil olunmur. Amma digər faktlar və mənzərəyə baxaq. Biz Qarabağ işğalda olduğu zaman Ermənistanla bağlı bu mövqeni sərgiləyirdik. Ermənistanın olduğu platformalara işğal səbəbindən qoşulmurduq. Və dialoqlarda olmamağa, əməkdaşlıq etməməkdə haqlı idik. İndi Gürcüstan da həmin mövqeyi sərgiləyir. Demirəm ki, Tiflis haqsızdır. Bəli, ərazi bütövlüyü pozulub, bu həllini tapmalıdır. Lakin Azərbaycanın keçmiş mövqeyi ilə Gürcüstanın indi tutduğu mövqe arasında oxşarlıq olsa da, fərqlər də var. Fərq ondadır ki, biz ümumiyyətlə Ermənistanla heç bir münasibətdə deyildik. Amma bu gün Gürcüstanla Rusiya arasında ticarət mübadiləsinin həcmi bir milyard yarımdır. Rusiya bu gün Gürcüstanın üçüncü ən iri ticarət partnyorudur. Bakı-İrəvan əlaqələri ümumiyyətlə, yox idi. Tiflislə Moskva arasında əlaqələr var axı?! Bakı-Tiflis-Qars vasitəsilə Gürcüstan ərazisindən Türkiyəyə xeyli mal gedir, Rusiya da tranzit pulunu Gürcüstana verir. Bu, münasibətlər deyil? Yaxud da, Ermənistandan Rusiyaya, Rusiyadan Ermənistana Gürcüstan üzərindən daşınmalar həyata keçirilir. Hər il Rusiyadan Gürcüstana bir milyondan çox turist gəlir. Eyni zamanda, Rusiya-Gürcüstan-Ermənistan arasında yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi layihəsi var. Azərbaycan-Ermənistan arasında bu cür münasibətlər yox idi, indi də yoxdur. Demək istədiyim odur ki, Rusiya ilə Gürcüstan arasında münasibətlər var. Belədirsə, gizlənqaç oynamağa nə ehtiyac var ki?! Gələcəkdə Tiflis bu formata qoşula bilərmi, açığını deyim ki, nəsə demək çətindir.

- Belə anlaşılır ki, Gürcüstanın "3+3" formatına qoşulmasını əngəlləyən Qərbdir...

- Düzdür, Gürcüstanın Rusiyaya iradları var və haqlı iradlardır. Biz bunu anlayırıq, başa düşürük. Ərazi bütövlüyü toxunulmazdır. Amma Tiflisin "3+3" formatında iştirakdan imtinasına bunlar əsas deyil. Dediyim kimi, münasibətlər var. Təyyarələr gedib-gəlir axı. Eyni zamanda, Gürcüstan "Altılıq platforması"na qoşulmaqla ərazi bütövlüyünü bu platformada qaldıra bilməzmi? Bu halda bizdən də, Türkiyədən də dəstək ala bilərlər. Biz "Şərq Tərəfdaşlığı" proqramına qoşulmuşduq, Ermənistan da orada idi. Lakin biz orada da bəyan edirdik ki, Ermənistan işğalçı dövlətdir, ərazilərimizi tərk etməlidir. Hansısa da cavablar alırdıq və s. Gürcüstan da belə edə bilər. Bəs niyə etmirlər? Çünki Qərbin marağında deyil, Qərb bu platformada yoxdur. 

Müəllif: Anar Bayramoğlu