“Almaniya dağılmır, sadəcə, əhali İspaniya əvəzinə Çexiyada dincəlməyə məcburdur”

Dünya

13.09.2022 - 22:14

Ramil İbrahimov: “Ukrayna müharibəsi və bunun yaratdığı bahalaşma səbəbindən, yüksək yaşayış standartlarına öyrənmiş almanlar bu standartları itirməkdən qorxurlar”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən dolayı Qərb Rusiyaya qarşı kəskin sanksiyalara başlayıb. Bu, rus iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqla yanaşı, Avropanın özündə də ciddi sıxıntılar yaradıb – xüsusilə, enerji sektorunda.

Belə ki, Rusiyadan ciddi enerji asılılığında olan Almaniyada enerji böhranı yaşandığı haqda məlumatlar gəlir. Qeyd olunur ki, qarşıdan yaxınlaşan soyuq aylar səbəbindən, artıq indidən almanlar qış təlaşına düşüblər: ağac parçalarına və odun sobasına qayıdış müşahidə olunur.

Almaniyada yaşanan bu və digər hadisələr barədə AYNA-ya danışan bu ölkədə yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimovun sözlərinə görə, yaşadığı ölkədə qaz, su və  elektrik enerjisinin qiymətlərindəki artımın fonunda  hökumətin  əhaliyə  qənaət çağırışları davam edir: “İqtisadiyyat naziri Robert Habeck “Rusiya tərəfindən təbii qaz verilişi tam dayandırılsa belə, anbarlarda qaz var, 20% qənaət sayəsində qış mövsümünü problemsiz keçirmək mümkündür” – açıqlamasını verib. Qaz və elektrik enerjisi ilə yanaşı  digər məhsulların qiymətlərində də bahalaşma özünü göstərir - xüsusilə, ərzaq məhsullarında. Məsələn, kərə yağı, günəbaxan yağının qiymətlərində 2 dəfəyə qədər bahalaşma müşahidə olunur.  Almaniyanın nüfuzlu “Bild” qəzetinin  avqustun  30-da yazdığı xəbərə görə, illik inflyasıya 7,9% təşkil edir və bu, son əlli ilin ən yüksək inflyasiyasıdır”.

“Bu günlərdə benzinin qiymətində 40 sentə qədər bahalaşma baş verdi. Yay mövsümündə Almaniya daxilində ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulan 9 avroluq biletlərin istifadə müddəti də sentyabr ayından etibarən bitdi. Düzdür, ucuz biletlər də öz növbəsində problemlərə səbəb oldu. Səyahət edənlərin sayı çoxaldı. Əsasən də qəfil yüklənməyə hazır olmayan Almaniya dəmir yollarında qatarların gecikməsi, xarab olması halları çoxaldı. Ancaq biletlər ucuz olduğundan əksəriyyət 9 avroluq biletin tətbiqindən razı idi. Sentyabr ayından isə səyahət etmək istəyənlər yenidən baha qiymətlərlə bilet almaq məcburiyyətindədir”, - deyə həmkarımız bildirib.

Onun sözlərinə görə, əhali olaraq, bahalaşan qiymətlərdən narahatdır: “Elə bizim ailənin kommunal xərcləri də ötən illə müqayisədə 25% artıb. Amma bunun məşhur “Almaniya dağılır” və ya “Avropada vəziyyət ağırdır” mənasında başa düşülməsini də istəmirəm. Məsələ bundan ibarətdir ki, yüksək yaşayış standartlarına öyrənmiş almanlar bu standartları itirməkdən qorxurlar.  Bir neçə gün əvvəl sosial şəbəkədəki bir səhifədə son bahalaşma ilə bağlı paylaşımın altında belə bir şərh vardı: “İlin əvvəlində sevgilimlə yay mövsümündə İspaniyada dincəlməyi planlamışdıq. Amma qiymətlər çox bahalaşıb, bunu edə bilmədik, daha ucuz başa gələn Çexiyaya səfər etməyə məcbur olduq”. Fərqi anlamaq üçün deyim ki, mən Azərbaycanda yaşayanda, indikindən fərqli olaraq, xarici ölkədə dincəlməklə bağlı nəinki plan, heç xəyal da qurmamışdım”.

İbrahimovun sözlərinə görə, yüksələn  qiymətləri kompensasiya etmək üçün alman hökuməti əmək haqlarını artırmaqla yanaşı, qışdan əvvəl işləyən əhaliyə birdəfəlik yardımlar da edəcək: “Belə ki,  oktyabrdan etibarən minimum əmək haqqı hər saat üçün 9.80 avrodan 12 avroya qaldırılacaq. Bu da  gəlirlərin 20 faizdən çox artması deməkdir. Üstəlik, yenə oktyabr ayında, işləyən hər kəsə 300 avro birdəfəlik yardım edilməsi qərarı var. Nazirlər Kabinetinin avqust ayındakı son iclasından sonra hökumət yardımların daha da genişləndiriləcəyini və qışa yaxşı hazırlaşdıqlarını açıqlayıb”.

“Odun sobalarına tələbatın artması məsələsinə gəldikdə, Almaniyada alternativ yanacaq kimi odundan istifadə Rusiya-Ukrayna müharibəsindən əvvəl də mövcud idi. 2021-ci ilin statistikasına görə, istifadə olunan odun sobası sayı 11,5 milyon ədəd idi. Müqayisə üçün bildirim ki, 2010- cü ildə bu rəqəm 17,2 milyon olub”, - deyə həmsöhbətimiz vurğulayıb.

Jurnalist onu da əlavə edib ki, əhalinin əksər hissəsi bahalaşmanın Rusiya-Ukrayna mühaibəsi ilə bağlı olduğu qənaətindədir: “Gündəlik həmsöhbət olduğum insanlar bu fikri tez-tez səsləndirirlər. Müharibəyə münasibət də fərqlidir. Rusiyaya qarşı sanksiyaların Almaniyaya ziyan verəcəyi fikrində olanlar da var, Rusiyaya qarşı Ukraynaya daha çox dəstək verilməli olduğu düşüncəsini bölüşənlər də var. Amma nəticə nə olursa olsun, sıravi Almaniya vətəndaşı bu müharibənin alışdıqları yüksək yaşayış standartlarına mənfi təsir edəcəyindən narahatdır”.

Müəllif: İsmayıl Məmmədli