Ali təhsilin problemləri: hər kəs narazıdır - nazir də, rektorlar da, deputatlar da

Cəmiyyət

13.03.2023 - 18:02

Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirildi: qanun arzulara yox, gerçəklərə uyğun olmalıdır

Bu gün Milli Məclisdə elm və təhsil nazirinin, universitet rektorlarının, deputatların iştirakı ilə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilib. Dinləməni Milli Məclisin Elm və təhsil komitəsi ilə Elm və Təhsil Nazirliyi birgə təşkil ediblər. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ictimai dinləmədə “Ali təhsil haqqında” qanun layihəsinə edilmiş təkliflərin sayını açıqlayıb. Komitə sədri bildirib ki, layihədə 301 təklif nəzərə alınıb.

“Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir. Onu da bildirim ki, layihədə doktorantura təhsilinə əsaslı dəyişiklik üçün kifayət qədər yer verilib”, - B.Əliyev vurğulayıb.

Komitə sədri onu da bildirib ki, elm və təhsilin inkişafı üçün İnvestisiya Fondu yaradılmalıdır: “Dövlət büdcəsindən bunun üçün 50 milyon manat ayrılmalıdır. Bu vəsaitin hansı formada xərclənəcəyi barədə mexanizmlər müəyyənləşdirilməlidir. Bundan sonra elm və təhsilin inkişafından danışmaq olar. Əgər elmin inkişafı üçün investisiya qoyulmursa, onun inkişafından da danışmaq olmaz".

Nazir narazıdır: “Həkim olmaq istəməyənlər həkim, həkim olmaq istəyən müəllim olur”

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərlə bağlı dəyişikliyə ehtiyac olduğunu söyləyib. Nazir qeyd edib ki, orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər iş tapmaqda çətinliklərlə üzləşirlər: “Kollec təhsili əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də, qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var. Ümumiyyətlə, ali təhsil alanların iş tapmasında çətinliklər mövcuddur, amma kollec məzunlarında bu problem daha dərindir.

Nazir vurğulayıb ki, universitetlərə qəbul sistemində də problem mövcuddur: “Söhbət əsasən, ixtisas seçimindən gedir. Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Məsələn, həkim olmaq istəməyənlər həkim, həkim olmaq istəyən müəllim olur. Yaxud da, bizim tarixçilərin əksəriyyəti hüquqşünas ola bilməyənlərdir. Bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir".

“Qanun elə yazılmalıdır ki, arzuları deyil, gerçəkləşə biləcək müddəalar olsun. Qanunun əsas müddəalarının müəyyən edilməsi və hökumət tərəfindən çevik icra mexanizmlərinin yaradılmasının tərəfdarıdırlar. Ümid edirəm ki, bu qanunun qəbulu ali təhsil sahəsində həlledici faktor olacaq", - deyə nazir vurğulayıb.

Əmrullayev Milli Məclisdə idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsinin doğru olacağını bildirib. Bunun üçün ildə 400-600 tələbəni ali məktəblərə qəbul edə biləcəklərini diqqətə çatdırıb.

Deputatdan etiraz: “İndi həmin şəxslərə şərait yaradaq?”

Deputat Ceyhun Məmmədov çıxışı zamanı idmançıların müsabiqədənkənar universitetlərə qəbuluna narazı olduğunu deyib. Millət vəkili bu təklifi doğru hesab etmədiyini söyləyib.

“Hər il mənə müxtəlif şəxslər övladlarının qəbul olması üçün rektorlarla görüşməyimi xahiş edirlər. Təbii ki, mən bunu etmirəm. İndi həmin şəxslərə şərait yaradaq? Sizi əmin edirəm ki, Azərbaycan reallığında bunu müsabiqədənkənar etsəniz, nəticəsini ala bilməyəcəksiniz".

"Biz bu qanunun qəbulunda azı 1 il gecikmişik. Bu gün universitetlərimiz elmlər doktorları tapıb elmi şuralar təşkil edə bilmirlər. Müraciət edənlər olmur. Xaricdə təhsil alanların bir çoxunun diplomları tanınmır. Bununla bağlı çoxsaylı müraciətlər var. İşimiz təkcə diplomun tanınıb-tanınmaması olmamalıdır. Bunun bir həll yolu tapılmalıdır", - deputat bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib ki, universitetlərimiz rəqabətə davamlı olmalıdırlar: “Hesab edirəm ki, bizim universitetlərin reytinqlərdə geri qalmasının səbəbi zəifliyimizin əlaməti deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir".

“Hüquqa 75 nəfər qəbul olur, 100 nəfər bitirir, dünyanın heç yerində belə hal yoxdur ”

Deputat Musa Qasımlı da dinləmələr zamanı təhsildəki, xüsusilə də universitetlərə qəbuldakı problemləri dilə gətirib. Millət vəkili qeyd edib ki, bu gün bir universitetin hüquq fakültəsinə məsələn, 75 nəfər qəbul olunur, amma 100 nəfər bitirir: “Bu hal dünyanın heç bir yerində mövcud deyil. Biz bununla kimi aldadırıq? Belə hallar aradan qaldırılmalıdır”.

"Biz düşünməliyik, necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Bununla yanaşı, universitetlər keyfiyyətli kadr hazırlamalıdırlar. İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq, başqa yol yoxdur. Əvvəlcə müəyyənləşdirməliyik ki, bizə diplomu olub, bacarığı, səriştəsi olmayanlar lazımdırmı? Bu gün tələbə müəllim ixtisası üzrə ali məktəbi bitirir, amma dərs deyə bilmir. Ya da mühəndis universiteti bitirir, lakin çalışa bilməsi üçün bəzi ehtiyacları olur”, - M.Qasımlı əlavə edib.

Deputat xaricdə təhsil alınması məsələsindən də danışıb: “Xaricdə təhsilin bəzi məqamları var ki, buna milli təhlükəsizlik baxımından çox diqqətlə yanaşmalıyıq. Çünki tələbə xaricə gedib qayıdanda bir sıra siyasi problemlər də ortaya çıxır. Eyni zamanda, xaricdə oxuyub gələn bəzi şəxslərin diplomu tanınmır. Valideynlər də məhkəmələrə üz tuturlar, məhkəmə binalarında qalırlar. Hesab edirəm ki, bunun çıxış yolu universitetləri gücləndirməkdən keçir. Digər tərəfdən ali məktəblərimizin yataqxana problemi var. Hesab edirəm ki, ali təhsilimiz üçün yataqxana sistemi yaradılmalıdır".

Rektor: “Qanunda ali təhsilin məqsədinin nə olmasına aydınlıq gətirilməyib”

Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə hesab edir ki, qanun layihəsində ali təhsilin məqsədinin nə olmasına aydınlıq gətirilməyib. Rektor xatırladıb ki, bu gün təhsilin inkişafına dair strategiya var: "Təklif edirən ki, strategiyada nəzərdə tutulmuş məsələlər qanunda öz əksini tapsın. Yaxud da, həmin strategiyaya dəyişiklik edilsin”.

“Qanunda elmi dərəcələrin verilməsinə də aydınlıq gətirilməyib. Köhnə qaydalar zərərlidir və universitetlərin inkişafı baxımından ciddi maneədir. Düşünürəm ki, ali təhsil sahəsində vahid baxışa imkan yaratmayan ciddi bir təhlükə var. Belə ki, 70-ə yaxına bənddə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən nəsə edilməlidir hissəsi yazılıb. Hesab edirəm ki, qurum dəqiq qeyd olunmalıdır”, - Ə.Muradov vurğulayıb.

Rektor eyni zamanda, qanunda gənc tədqiqatçıların dövlət tərəfindən dəstəklənməsi ilə bağlı ayrıca bir müddəaya ehtiyac olduğunu söyləyib: “Həmçinin elmin maliyyələşdirilməsinə aydınlıq gətirilməlidir. Ən minimal məsələ distant təhsildə kredit məsələsinin neçə olacağıdır. Amma bu da qanunda yoxdur. Təhsilin mərkəzləşdirilmiş idarə sistemi adı altında bir maddə yaradılmalıdır və hamı da bilməlidir ki, bu sistem hansı işləri görməlidir".

“Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”

“Müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali təhsil məsələsində çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir”, - deyə Ə.Muradov əlavə edib.

Rektor qeyd edib ki, "Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb: "Ali təhsilin qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir. Ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik. Qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb”.

“Belə olan halda hansı elmdən söhbət gedə bilər?” - Rektor

Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı isə çıxışında qeyd edib ki, qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var: "2011-ci ildən heç bir universitet bir manat da olsa, maliyyə almayıb. Belə olan halda hansı elmdən söhbət gedə bilər? Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq? Yenə də alimlərin özünün fədakarlığı hesabına, yaxud da təhsildən əldə edilən vəsait hesabına olur”.

“Yadıma gəlir ki, ADNSU “Universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin”, - deyə babanlı əlavə edib.

Rektor vurğulayıb ki, müəssisələr universitetlərlərdən pulsuz kadrlar alırlar: "Bu kadrlar müəssisələrə külli miqdarda gəlir gətirir. Müəssisələrin gəlirlərinin 1 faizi universitetlərin maliyyələşdirilməsinə yönəlməlidir. Sovet dövründə bu, 5 faiz idi".

Nazir: “Yalançı diplom verməklə vəziyyət düzəlməz”

Nazir E.Əmrullayev distant təhsillə bağlı məsələdən danışaraq bildirib ki, bu ilin may ayında distant təhsildə PİRLS-ın nəticələri öyrəniləcək: “Nəticələrin kəskin şəkildə aşağı olacağını gözləyirik. Bu bizə göstərəcək ki, təhsil distant olanda öyrənmə tempi nə qədər itir. Hesab edirəm ki, birdən-birə distant təhsilə keçmək böyük problemlər yarada bilər. Bu gün əyani təhsil alan tələbələrin 90 faizindən çoxu universiteti bitirir. Lakin işə qəbulda görürük ki, pedaqoji diplom almış şəxs minimal bal toplayır".

“Bu gün ali məktəbə daxil olanların 90 faizdən çoxu universiteti bitirir. Narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz. Ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin. Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”, - Əmrullayev narazılığını bildirib.

“Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?”

Nazir yenə də müəllimlərin imtahanı məsələsindən danışıb: “Biz işə qəbulda görürük ki, pedoqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik? Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Vətəndaşın dövlətdən narazı qalmaması səbəbindən ona havayı diplom verəndə, bunun axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Biz nə vaxtsa həmin şəxsə yox deməliyik axı”.

Qanunun ictimai dinləməsi təhsil adamlarının, deputatların səsləndirdiyi fikirlərlə davam edib.

Müəllif: Anar Bayramoğlu