FDA-nın COVID-19 peyvəndini təsdiqləyəcəyi gözlənilir
“ABŞ yaxın bir neçə həftə ərzində ən az 2 peyvənd üzərindəki çalışmaların bitdiyini bəyan edəcək”.
AYNA xəbər verir ki, bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bu peyvəndlərdən birinin Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənəcəyi gözlənilir.
“Dünyada COVID-19 peyvənd çalışmalarındakı son durum belədir: (Üzərində intensiv iş aparılan peyvənd sayı və hansı fazada olmaları) I faza – 27, II faza – 14, III faza – 9.
Məhdud istifadə olunan peyvənd – 5, təsdiq edilmiş – 0. Türkiyədə 13 milli peyvənd çalışması içində I fazaya keçən hələ ki, yoxdur.
“AstraZeneca” 2 günlük fasilədən sonra könüllülər üzərindəki test çalışmalarına təkrar başladı. Dünya Oxford peyvəndi olaraq da bilinən ingilis-isveç əməkdaşlığına böyük ümidlər bəsləyir.
Bəzi təxminlərə görə, Amerika yaxın bir neçə həftə ərzində ən az 2 peyvənd üzərindəki çalışmaların bitdiyini bəyan edəcək. Ən az birinin FDA tərəfindən təsdiq olunacağı gözlənilir.
FDA standartlarına görə, peyvəndin ən az 50% könüllüdə effektiv olması müşahidə olunmalıdır”, - deyə o qeyd edib.
İ.Nəbioğlu bildirib ki, bu çalışmalar içərisində rusların "Sputnik V" peyvəndi çox az insan üzərində (təxminən 70 nəfər) sınandığı üçün dünya tərəfindən qəbul edilmir. İngiltərə və ABŞ peyvəndləri 40-70 min könüllüyə vurulur.