Diplomat istintaq təcridxanasında jurnalist Qerşkoviçə baş çəkib
ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Lefortovo istintaq təcridxanasında casusluqda ittiham olunan Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri, jurnalist Evan Qerşkoviçə baş çəkib. AYNA “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyindən bildirilib.
“ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Lin Treysi istintaq təcridxanasında günahsız yerə saxlanılan müxbir Evan Qerşkoviçə baş çəkib. Evan möhkəmdir, dostlarının, ailəsinin və tərəfdarlarının dəstəyinə görə minnətdardır. Biz Evanın dərhal azad edilməsinə çağırış etməyə davam edirik”, - diplomatik nümayəndəlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton amerikalılar Qerşkoviç və Pol Uilanın Rusiyadan qaytarılması üzərində çox fəal işləyir.