“ABŞ-ın məqsədi Paşinyanı qorumaqdır, Qarabağı deyil”

Siyasət

23.10.2020 - 17:20

Toğrul İsmayıl: “Laçın dəhlizinə nəzarət müharibənin taleyini həll edəcək”

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 21-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Moskvada ikinci dəfə görüşdü. Görüşdə Qarabağda atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunsa da, görüşdən sonra hər hansı bəyanat səslənmədi.

 

Bununla yanaşı, elə oktyabrın 21-də NATO-nun Baş katibi Jens Stoltenberq Qarabağ münaqişəsində heç bir tərəfin yanında olmadıqları barədə bəyanat yaydı. O, həm Ermənistanın, həm də Azərbaycanın NATO-nun ortaqları olduqlarını vurğulayaraq, bölgədəki qarşıdurmaların səbəb olduğu insan itkisinə görə üzüldüklərini bildirdi.

 

Bu gün isə Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşür.

 

AYNA-nın mövzu üzrə suallarını Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin (KSİU) professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Toğrul İsmayıl cavablandırıb:

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

- Rusiyada baş tutan görüşlər əvvəlcə hamıda narahatlıq yaratmışdı. Çünki görüşün həm uzun çəkməsi, həm də görüşdən sonra anlaşılmayan bəyanatlar Rusiyanın prosesə diqtə etmək istəyindən xəbər verirdi. Amma Azərbaycan müqavimət göstərərək buna imkan vermədi. İkinci görüşə zəmin yaradan isə birinci görüşdə imzalanan atəşkəsin pozulması idi ki, atəşkəsi də elə Ermənistan pozmuşdu. Təbii ki, Rusiya istəsəydi, Ermənistana xəbərdarlıq edə bilərdi, lakin bunu da etmədi. İkinci görüşdə də yenə atəşkəsin pozulması müzakirə edildi. Amma heç bir nəticənin olmaması göstərdi ki, Azərbaycan cəbhədə qazandığı üstünlüklərini masada da qorumağa çalışır.

 

Burada Vladimir Putinin dünən Valday Forumunda səsləndirdiyi fikirlərə də diqqət çəkmək istəyirəm. Çünki Putinin çıxışı, əslində, Rusiyanın mövqeyini dolayı yolla bildirməsi idi. Lakin bu da Azərbaycan üçün müsbət amil idi. Təbii ki, bu məsələdə Türkiyənin diplomatik səyləri və siyasi rəhbərliyinin qəti mövqeyi də öz təsirini göstərir. Əlbəttə ki, Azərbaycan rəhbərliyinin açıqlamaları da əvvəlkinə nisbətən daha açıq şəkildə nümayiş olunmağa başlayır və Azərbaycan öz istəyini qəti şəkildə ortaya qoyur. Azərbaycan rəhbərliyi cəbhədə üstünlük əldə edərək, müharibəni uğurlu şəkildə apararaq, eyni zamanda diplomatiyada da status-kvonu tamamən dəyişərək Dağlıq Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilməsi məsələsini də gündəmə gətirib.

 

O ki qaldı Amerikanın mövqeyinə, Amerikanın tərəfsiz açıqlaması bir növ Azərbaycan üçün müsbət amildir. Amerika siyasi rəhbərliyi ölkədəki erməni disaporunun dəstəyini almaq istəsə də, həm də münaqişənin həll olunmasını istəyir. Azərbaycanın da cəbhədə tamamilə üstünlük qazanması sülh danışıqlarında üstünlük qazandıracaq. Ki, bundan da maksimum dərəcədə faydalanamq lazımdır. Bir sözlə, cəbhədə əldə edilən üstünlük masada da üstünlük qazandıracaq.

 

- Bugünkü görüş, Azərbaycanın anti-terror əməliyyatına başladıqdan sonra tərəflərin ABŞ-da reallaşan ilk görüşüdür. Bunu necə xarakterizə etmək olar?

 

- Bunu Amerikanın proseslərə nəzarəti ələ almaq cəhdi kimi də dəyərləndirmək olar. Yəni, Rusiya proseslərə nəzarəti ələ ala bilmədi, amma Amerika bunu bacararaq bölgədə var olduğunu, həmçinin əsas güc olduğunu göstərməyə çalışır. Düşünürəm ki, bu görüşlər daha uzun çəkə bilər. Çünki ilk görüşdən hansısa yekun nəticənin əldə edilməsi imkansız görünür. Azərbaycanın cəbhə xəttində strateji yerləri azad etməsi problemin həlli ilə nəticələnəcək. Daha dəqiq desək, Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ keçirsə, Ermənistan tərəfi iflic vəziyyətə düşəcək. Ola bilsin ki, ermənilər təslim olmayıb müqavimət göstərməyə çalışsınlar. Çünki Paşinyanın müharibə xarakterli verdiyi açıqlamalar bunu deməyə əsas verir. Amma Laçın dəhlizinə nəzarətin tam təmin edilməsindən sonra Azərbaycan ritorikanı tamamilə dəyişəcək.

 

- ABŞ-da planlaşdırılan görüşü Amerikanın nəzarəti ələ almaq istəyi kimi qiymətləndirdiniz. Digər tərəfdən, Paşinyanı hakimiyyətə gətirən də Qərb dairələridir. Paşinyan bu siyasi xətlə həm də Rusiyanın təsirini Ermənistanda azaltmaq istəyir. Belə gedişat Azərbaycan üçün mənfi nəticələr doğura bilər?

 

- Azərbayacan üçün burada heç bir problem yoxdur. Çox güman ki, Amerika Paşinyan iqtidarını Ermənistanda qorumağa çalışır. Amma bunu unutmaq olmaz ki, Qarabağın beynəlxalq müstəvidə Azərbaycana aid olması faktı var. Azərbaycan da öz torpaqları içində hər zaman anti-terror əməliyyatları apara bilər. Bunun üçün də uyğun zaman lazım idi ki, bu gün həmin zaman gəlib və Azərbaycan hakimiyyəti bu əməliyyatı gerçəkləşdirir. Yəni, dünyanın başı pandemiyaya qarışıb, Türkiyənin bölgədə gücü artıb, Rusiyanın problemləri çoxalıb, Amerika seçkilərlə məşğuldur, Avropa yenə də pandemiya ilə mübarizə aparır və s. kimi məsələlər olduğu üçün heç kim bu əməliyyatlarla bir o qədər də maraqlanmır. Ona görə də münaqişəyə baxışda ilk günlərin eyforiyası artıq yoxdur.

 

Təbii ki, ermənilər qədər güclü olmasa da Azərbaycan diasporu da artıq öz işini görməyə başlayır. Yəni, hər kəs anlamağa başlayıb ki, bu, Azərbaycan üçün Vətən müharibəsidir və azərbaycanlılar sona qədər bu məsələnin həllinə nail olmağa çalışacaqlar. Beynəlxalq hüquqla da Azərbaycanın öz torpaqları daxilində əməliyyatlar apara bilməsi təsdiqlənir və buna heç kim qarışa bilməz. Əməliyyatlar da məntiqlə və düzgün şəkildə aparılır. Yaşayış yerləri hədəfə alınmır, mülki əhali qətlə yetirilmir. Ermənilər nə qədər Xankəndinin vurulması ilə bağlı çığırıb-bağırsalar da, ciddi ölüm-itim və zərər-ziyanın olması ilə bağlı məlumat yoxdur. Çünki Azərbaycan Ordusu öz işini çox yaxşı görür. Lakin ermənilər Gəncə başda olmaqla, Azərbaycanın rayonlarına, dinc əhaliyə, mülki obyektlərə atəş açmaqla özlərini biabır etdilər.

 

- Dinc əhalini bombalaması Ermənistanın beynəlxalq aləmdə mövqelərinə zərbə vurdu?

 

- Əlbəttə. Düzdür, müharibə zamanı mülki ərazilərə bomba düşməsi, atəş açılması beynəlxalq hüquqla tam qəbul edilməsə də, təsadüf olaraq hərdən qəbul edilə bilər. Yəni, mülki ərazilərə bir, yaxud iki mərmi düşə bilər. Amma döyüş bölgəsindən uzaq olan bir ərazini hədəf almaq, ballistik raketlərlə vurmaq aydındır ki, planlı davranışdır və ermənilər də bununla nə qədər aqressiv və terrorçu olduqlarını dünyaya göstərdilər. Belə olan halda, ABŞ-ın əsas məqsədi sadəcə Ermənistanda Paşinyan iqtidarını qorumaqdan ibarətdir, Qarabağ münaqişəsinin həlli yox. Ermənistan Xarici İşlər nazirinin Amerikaya dəvət edilməsi də Paşinyan hakimiyyətinin legitmliyini tanımaq anlamına gəlir. Azərbaycan isə onsuz da tanınırdı. Yəni, ABŞ üçün Ermənistanın daxilindəki balansın dəyişməsi vacibdir, Qarabağ problemi yox. Rusiya istəyir ki, Paşinyanı Ermənistanda devirib, onun yerinə Moskvaya yaxın olan birini gətirsin, Amerika isə buna qarşılıq olaraq küçədən hakimiyyətə gətirdiyi adamı qorumağa çalışır.

 

- Sizcə, münaqişə masada həll olunacaq, yoxsa meydanda?

 

- Qarabağ münaqişəsinin taleyi meydanda həll olunacaq, danışıqlar masasında yox. O da həll olunmaq üzrədir. Təzyiqlər olmasına rəğmən Azərbaycan düzgün siyasət yeridir. Məlumdur ki, biz mühairbə tərəfdarı deyilik, amma düşməni sülhə məcbur etmək də vacibdir. Bəzən qarşı tərəf səni başa düşmək istəmirsə, onu güc yolu ilə sülhə məcbur edirsən. Azərbaycanın da etdiyi budur. Ərazisini anti-terror əməliyyatı ilə separatçılardan təmizləyir. Bunu edərkən də Ermənistanı kapitulyasiyaya məcbur edir. Bunu beynəlxalq hüquq da qəbul edir. Heç kim də buna etiraz edə bilməz.

 

- Proseslərin gedişatı artıq bəzi planların, həmçinin 5+2 planının mahiyyətini itirdiyini göstərdi. İndiki halda, masada hansı formata yer var?

 

- İstənilən müharibənin, münaqişənin sonu masada həll edilir. Yəni, münaqişəni bitirmək üçün sülh danışıqları lazımdır. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyətindədir. Çünki, əks halda ərazilərimiz hər zaman təhdid altında olacaq. Digər tərəfdən, 5+2, yaxud digər formatların artıq heç bir önəmi yoxur. Çünki bu formatları Minsk Qrupu çərçivəsində elə Ermənistan özü dağıdıb. Paşinyanın açıqlamaları da bunu göstərir. İlham Əliyev də Dağlıq Qarabağda yaşayan ermənilərə milli muxtariyyət veriləcəyini bildirib ki, bu da normaldır. Çünki Azərbaycan multikultural ölkədir. Hələ 1992-ci ildə Əbülfəz Elçibəy Prezident olanda milli azlıqlar haqqında qanun qəbul edilmişdi. Həmin qanuna görə, ölkədə yaşayan milli azlıqların bütün haqları tanınmalı idi. Eyni ilə ermənilərin də haqları tanınacaq. Nəhayət, ən önəmlisi - vasitəçi kim olursa olsun, Azərbayacanın tələbinə uyğun olaraq masada Türkiyə də olacaq. Sülh danışıqları isə Azərbaycan və Ermənistan arasında baş tutacaq. Digər dövlətlər sadəcə təminatçı xarakteri daşıyacaq. Başqa cür mümkün də deyil.

Müəllif: Mərahim Nəsib