Yuxusuzluğun mükafatı

Mədəniyyət

27.11.2025 - 11:37

Sən necə möhtəşəm rəssamsan

Bu gecə də yuxudan pay almadım. Olsun, ilk dəfə deyil. Dərd eləmirəm, əksinə, nədənsə xoşbəxtəm. Saat 6-ya 17 dəqiqə işləyir. Hava işıqlanmağa başlayıb. Quşlar binaların bir başından o biri başına uçuşur.

Eyvandan dəniz görünür. Görəsən, o da yuxusuzdur?

Əvvəl açıq bozumtul olan su, yuxarıya qalxdıqca tünd boza çevrilir. Elə bil, o zolaq qara karandaşla xüsusi vurğulanıb. Necə heyran olmayasan. Sonra yenidən açıq tonlar görünür, bir az yüksəldikcə çəhrayının isti çalarları özünü göstərir. Lap yuxarıda isə səma ağarmağa başlayır. İlahi, göylər necə gözəldir! Sən nə möhtəşəm rəssamsan!

Yavaş-yavaş görünməyə başlayan təyyarə məni rənglərin palitrasından qoparıb uşaqlığıma aparır. O vaxt hər təyyarə görəndə sevincək qışqırardıq: “Eeeeyyy, təyyarəəə, bax burdayıııq, bizi də apaaaaar!” Onun səsimizi eşidib göydən enəcəyinə ürəkdən inanırdıq. İndi o qışqırıqları pıçıltılar əvəz edib… Başqa heç nə dəyişməyib.

İki binanın arasından dənizi görmək, üstündə uçan quşları izləmək başqa cür gözəldir. Sanki orta əsr rəssamlarının çəkdiyi tabloları canlı görürsən. Quşların cıvıltısı yaşamağa ilham verir. Aradan bir qarğanın qarıltısı da gəlir. Görəsən, o, nə demək istəyir? Dünyada qarğa olmaq necə hissdir?

Bu səhnənin fonunda isə “Spotify”da adını bilmədiyim, amma hər notu ilə ruhuma toxunan musiqi çalınır.

Dənizin üstündə ilıqlayan çəhrayı soyuq mavi tonlara keçir. Durğun görünür, amma rəngləri coşğun bir ahənglə əvəzləyir. Uzaqdan yavaş-yavaş görünməyə başlayan bu gəmi hara gedir bəs? Deyəsən, yük gəmisidir. Kaş səyahət gəmisi olaydı… Mən də içində. Gözlərimi yumub bütün dəniz havasını ciyərlərimə çəkib “Minnətdaram” deyərdim, yəqin. Uzaqdan hərəkətsiz görünür, amma binanın bir başından o biri başına keçdikcə onun sakit-sakit yol aldığını duyursan.

Dəniz, quşlar, səma, musiqi, mixəkli çay, duyğularını sözə tökə bilmək, rahatlıq, anı yaşamaq. Xoşbəxtlik əslində çox sadədir.

Saat 06:11-dir. Gəmi artıq görünmür. Yeni bədirlənmiş Ay yuxarı qalxıb solmağa doğru gedir. Göy bütövlüklə maviyə bürünüb. Günəşin şəfəqləri binaların üstündən görünməyə başlayır. Deyirəm, ən üst mərtəbədə yaşayanlar nə xoşbəxtdir. Günəş pəncərədən ilk onları salamlayır. Bəs, onda pərdələr nə üçündür?

Bəlkə, Ay Günəşə görə qəsdən ləngiyir. Görüb sonra getsin. Cazibəsindən aldığı sevgi nurunu o görünməyəndə şövqlə yerə ələsin.

Uşaqlıqda onun günəş sevgisi barədə həm kitablardan, həm də böyüklərdən çoxlu şeylər eşidərdim. Hamısına da inanardım. Demə, hər şeyə tez inanmaq o vaxtdan adətim imiş.

Ayın Günəşə məhəbbəti yadıma 8-ci sinifi saldı. Əlimə haradansa Həsən Seyidbəylinin “Cəbhədən-cəbhəyə” əsəri keçmişdi. Orada Seymur Cahangirli obrazına vurulmuşdum. Amma müəllifin təsvir etdiyi üz cizgilərini bəyənməyib, o vaxtlar televiziyada musiqi yarışmasında iştirak edən eyni adlı oğlanın simasını onun yerinə qoymuşdum. Axıra yaxın ölüm səhnəsi mütəəssir etmişdi. İstəyirdim əsərin içinə girim, hamıdan onun əfvini diləyim, bəraət alım. Özlüyümdə onu qoruyardım. Bəlkə də, onda yaşayardı. O vaxt bu hissimi heç kimə deyə bilməmişdim. Görünür, qismət bu günün imiş.

Bəzi az bilinən elmlərdə Ay qadın, Günəş kişi enerjisi kimi təsvir olunur. Səninlə nə qədər ortaq nöqtəmiz var imiş:

Özünü çətinə salmaq, mümkünsüzü istəmək, uzaqdan sevmək. Sadəcə varlığı ilə qane olmaq. Ah, xoş halına sənin, ay Ay!

Gəmi yenə görünür. Bu dəfə geri qayıdır. Bu sakit sürətlə nələr görüb, haralara gedib gəldi görəsən?!

Müəllif: Pərvanə Elcan

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş