Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalına start verildi

Mədəniyyət

25.10.2019 - 20:15

Namizədliyi yenidən irəli sürüləcəyi təqdirdə Firəngiz Əlizadə növbəti dəfə də ABİ sədri olacaq

 

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş Musiqi Festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib.

 

AYNA xəbər verir ki, mətbuat konfransında ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə jurnalistlərə açıqlama verib.

 

F.Əlizadə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bir sıra konsertlər təşkil etdiklərini deyib.

 

"Bizdən soruşurlar ki, nə üçün Nəsimi ilinə həsr olunmuş ən böyük proqram Sami Yusifə həvalə olunub. Onlara demək istəyirəm ki, biz həm ölkə daxilində, həm də ölkə xaricində Nəsimiyə həsr olunmuş bir sıra konertlər təşkil etmişik", - ABİ sədri bildirib.

 

F.Əlizadə ABİ-nin fəaliyyətinə də toxunub: "Kifayət qədər işlər görürük. Gənclər ittifaqa cəlb olunur. Sadəcə bizim qaydalarımız çox sərtdir. Bu baxımdan ittifaqa hər adamı qəbul etmirik. Dünyanın bir sıra ölkələrində proqramlqr təşkil etmişik”.

Xalq artisti onu da bildirib ki, namizədliyi yenidən irəli sürüləcəyi təqdirdə növbəti dəfə ABİ sədri olacaq.

 

Qeyd edək ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş Musiqi Festivalına start verilib. Festivalın bağlanış mərasimi oktyabrın 28-də Heydər Əliyev adına Respublika Sarayında baş tutacaq.

Müəllif: Mərahim Nəsib