Avropa “Media Azadlığı Aktı”, biz “Media haqqında” qanun hazırladıq - Nə dəyişəcək?

Cəmiyyət

01.12.2021 - 10:28

Zeynal Məmmədli: “Media müstəqil deyilsə, atılan istənilən addım əks effekt verəcək”

Qulu Məhərrəmli: “Mətbuatda ən ciddi problem şəffaf maliyyə qaynaqlarının olmaması ilə bağlıdır”

Bəhruz Quliyev: “Yeni qanunun qəbulu ölkə mətbuatının qarşısında geniş imkanlar açacaq”

Avropa İttifaqı rəsmisi Tierri Breton təmsil etdiyi qurumun “Media Azadlığı Aktı” təklifini təqdim edəcək. Media sektorunun bütövlüyü və müstəqilliyini təmin etmək üçün gələn ildən tətbiq ediləcək Aktın bütün avropalı dövlətlər tərəfindən dəstəkləndiyi söylənilir.

Breton media şirkətlərinin fəaliyyətlərinə hər hansı əsassız müdaxiləyə qarşı tədbir görmək istədiklərini bildirib: “Qanun xarici aktorların Avropada media sektoruna müdaxilələrinin qarşısını alacaq. Rəqəmsal dövrə uyğun inklüziv media siyasəti qurulacaq. Komissiya yeni qanunu qəbul etməzdən əvvəl media nümayəndələri və digər üçüncü tərəflərlə məsləhətləşəcək”.

Avropa İttifaqının qanun layihəsi media azadlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu arada, Azərbaycanda da “Media haqqında” yeni qanun layihəsi hazırlanır. Bəs görəsən, “Media haqqında” qanunda hansı yeniliklər öz əksini tapıb və bu dəyişikliklər ölkə mətbuatının inkişafına hansı töhfələr verəcək?

Tanınmış media eksperti Zeynal Məmmədli AYNA-ya açıqlamasında bildirib ki, medianın müstəqilliyi ilk növbədə maliyyə mənbələrinin şəffaf olmasından keçir: “Bütün dünyada qəbul olunmuş qaydalar var. Biz bundan kənara çıxa bilmərik. Əgər mətbuatın inkişafından danışmaq istəyiriksə, ilk növbədə medianın müstəqilliyini təmin etməliyik. Bu isə öz növbəsində ilk növbədə maliyyə mənbələrinin şəffaf olmasından keçir. Bu gün bizdə statistika yoxdur ki, Azərbaycanda il ərzində reklam bazarından nə qədər gəlir əldə olunub? Bu statistikada dünyanın əksər ölkələrində, qonşu Gürcüstanda və Ermənistanda var, bizdə isə yoxdur”.

Ekspert qeyd edir ki, bu baş vermədiyinə görə medianın müstəqilliyindən danışmaq mənasızdır: “Son dövrlər vahid jurnalist vəsiqələrinin paylanılması, yeni qanunun qəbulu, mediada müəyyən addımların atılması nəzərdə tutulur. İlk baxışdan normal addımlardır. Lakin müstəqil və maliyyə qaynaqları şəffaf olmadığına görə istənilən addım əks effekt verəcək. Bu mənada mənim gözləntilərim yüksək deyil. Avropada “Media Azadlığı Aktı” ona görə qəbul edilir ki, KİV-lər daha sərbəst fəaliyyət göstərsinlər. Çünki onlarda media müstəqildir, reklam bazarı hesabına ayaqdadırlar, hesabatlılıq var. Bizdə isə bunlar yoxdur və ona görə, müqayisə özü qüsurludur”.

AYNA-ya danışan media eksperti, professor Qulu Məhərrəmli qeyd edib ki, Avropada qəbul edilən “Media Azadlığı Aktı”nın əsas məqsədi KİV-ləri kənar müdaxilələrdən qorumaqdır: “Bizdə isə vəziyyət bir qədər fərqlidir. Çünki mövcud şərait mətbuata yeni baxışı şərtləndirir və yeni qanunun qəbulu da məhz bununla əlaqəlidir. Media Agentliyinin əsas vəzifələrindən biri medianın rolunu artırmaqdan ibarətdir. Yeni qanunda nəzərdə tutulan bir çox müddəalar da məhz bu məqsədə xidmət edir”.

“Lakin buna nə dərəcə nail olunacaq, KİV-lərə qarşı yönələn hücumların qarşısını almaq məqsədilə hansı addımlar atılacaq, xüsusən müstəqil medianı qorumaq üçün nələr nəzərdə tutulacaq, bütün bu suallara qanunun müzakirəsi zamanı aydınlıq gələcək. Aydındır ki, ölkədə senzura yoxdur, mətbuatın nisbi müstəqilliyi mövcuddur, internet azaddır və s. Bu gün ölkə mediasının ən ciddi problemi şəffaf maliyyə qaynaqlarının olmaması ilə bağlıdır. Məhz elə bu səbəbdən də mətbuatımız bəzən maraqlı qüvvələrin təsiri altına düşürlər” – professor bildirir.

Ekspert qeyd edir ki, qanunun müzakirəsi zamanı bir çox mətləblərə aydınlıq gələcək: “İndidən bu barədə danışmaq isə tezdir”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev AYNA-ya şərhində deyib ki, ölkədə KİV-lərə baxışın dəyişməsi müsbət hadisədir: “Təbii ki, dünya müasirləşir və yeni trendlər meydana gəlir. Belə bir şəraitdə Azərbaycanda da yenilənmələr həyata keçirilir. Bütün bunlar alqışlanmalı və təqdir olunmalıdır. Media Agentliyinin hazırladığı və Milli Məclisdə müzakirə olunacaq yeni qanun layihəsi, bu qanunda bir çox müsbət məqamların əks olunması ölkə mətbuatının qarşısında geniş imkanlar açacaq”.

O bildirir ki, təkcə media sahəsində deyil, digər sahələrdə də geniş islahatlar aparılır: “Son illər Azərbaycanda bütün sahələrdə dərin islahatlar aparılır. Bu islahatların mahiyyətində ölkə vətəndaşlarının rifah halını yüksəltmək, müasir dövrün tələbləri ilə ayaqlaşmaq, peşəkar idarəetmə fəlsəfəsini dövlət idarəçiliyinə gətirmək dayanır. Təbii ki, media sahəsində həyata keçirilən islahatlar bu qəbildəndir. Bizim bu qanundan gözləntilərimiz çox yüksəkdir” – deyə Quliyev vurğulayır.

Müəllif: Azər Niftiyev