Regionlarda inkişaf layihəsinin qurbanı olan kənd: <font color=red> Lələ köçüb, yurdu qalıb...</font>

Cəmiyyət

21.10.2019 - 15:59

Arzu Qazıyeva: "Hər il dövlət büdcəsindən rayona ayrılan vəsaitin bir hissəsini Sarıbaşa körpü çəkdirməyə sərf etmək bu qədərmi çətindir?"

 

Bu yaxınlarda jurnalist Arzu Qazıyeva, rejissor Nazim Məmmədov və operator Sahib Səfərov “Evimə sarı” adlanan sənədli-bədii film ərsəyə gətiriblər. Film Qax rayonunun böyük bir tarixə şahidlik etmiş Sarıbaş kəndinə və fədakar sarıbaşlılara həsr olunub.

 

Əvvəlcədən qeyd edim ki, 1394-cü ildə Əmir Teymurun yolu, Böyük Qafqaz dağ silsiləsində yerləşən Sarıbaş kəndindən düşüb. Həmçinin XVIII əsrdə Dağıstanı fəth etməyə gedən Nadir şah da məhz Sarıbaşdan keçib. Bundan sonra da neçə-neçə tarixi hadisələrdə Sarıbaşın əhəmiyyətli rolu olub. Yəni Sarıbaş kəndi, sözün əsl mənasında, tariximizin bir parçasıdır.

 

Təəsüflər olsun ki, bu gün Sarıbaşda lələ köçüb, yurdu qalıb. Xruşşovun XX əsrin 60-cı illərində həyata keçirdiyi "regionlarda inkişaf layihəsi"nin qurbanı olan Sarıbaş kəndində, demək olar ki, bu gün kimsə qalmayıb. Kənddə hazırda yaşayan bir neçə ailə də torpağa qovuşandan sonra, Xruşşovun özü görməsə belə, yeni tarix yazmaq naminə köhnə tarixi silmək cəhdi müvəffəqiyyətlə tamamlanacaq. Çünki həyat şərtlərinin ağırlığı, sonradan böyüyən nəsli Sarıbaşdan birdəfəlik qaçaq salıb, kənd artıq tarixə qovuşmaq astanasındadır.

 

Elə Arzu Qazıyeva da “Evimə sarı” filmində bundan bəhs edir. Film jurnalistin, sanki harayıdır. Biz də qərara gəldik ki, Arzu xanımla həmsöhbət olaq, Sarıbaşın hazırkı durumuna bərabər AYNA tutaq.

Rumiyyə Miraslan