Yarımçıq-2

Cəmiyyət

08.03.2020 - 18:00

Övladlığa uşaq götürmək istəyirsinizsə....

Azərbaycanda hər il onlarla valideyn himayəsindən məhrum olmuş uşaq övladlığa verilir. Çətin və bütün tərəflərdən səbr  tələb edən bu prosesin yeni qaydaları işə düşüb. Ölkə rəhbərinin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”qüvvəyə minən qaydalar prosedurun bir qədər asanlaşmasını vəd edir.

AYNA yeni qaydalarla bağlı  DOST Agentliyinin  Övladlığa götürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin direktoru  Cavid  Şahmalıyevlə müsahibəni təqdim edir.

-Yeni qaydaların hansı üstünlükləri var?

-Hər şeydən əvvəl valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi prosesi artıq bütünlüklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə(ƏƏSMN) verilib.  Bu övladlığa verilmə missiyasının bir qurum tərəfindən keçirilməsinin daha doğru olmasıdır. Əvvəllər 0-3 yaş uşaqlar Səhiyyə Nazirliyi,  3 yaş yuxarı uşaqlar Təhsil Nazirliyi, əcnəbilərə uşaqların verilməsi əcnəbilər iş üzrə dövlət komitəsinin səlahiyyətində, ərazi üzrə İcra hakimiyyəti orqanlarının müvafiq şöbələri baxırdı. İndi bu barədə bütün məsələlərə cavabdeh orqan ƏƏSMN-dir. Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd “ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur.

Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.

Növbəti mərhələdə Nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir.

Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Yeni qaydalara görə, vətəndaş namizədlər ayrı-ayrı qurumlardan ayrılqda sənəd almayacaq.Bu həm zaman, həm maliyyə cəhətdən vətəndaşın xeyirənədir.

- Yeni qaydalar beynəlxalq təcrübə əsasında hazırlanıbmı?

-Bəli, bu qaydalar tam beynəlxalq təcrübə əsasında hazırlanıb və mükəmməl hesab oluna bilər. Bütün müraciət edən hər kəsin işinə baxılır. Vətəndaş namizədlərin müraciətləri zamanı uçot təsdiqləndikdən sonra ƏƏSMN tabeliyində olan qurum tərəfindən 10 gün iş günündə valideyn namizədlrin evində araşdırma aparılır. Məqsəd övlada götürmək istəyənin sosial vəziyyətini qiymətləndirməkdir. Xüsusi işçi qrupu ailələrə səfərlər edirlər, valideyn namizədlərin motivasiyası, aildaxili münasibətləri öyrənirlər. Bu işi xüsusi təlimatlanmış sosial işçilər edir. Qiymətləndirmə komissiyası iki istiqamətdə həm namizəd valideynlərlə, həm də övlad kimi götürləcək uşaqlarla işləyir. Burada uşağın mənafeyini öyrənən qrupun işi daha məsuliyyətlidir. Əgər  qiymətləndirmə mərhələsi qənatbəxş olarsa, valideyn namizədlər xüsusi təlimlərə cəlb olunacaq. Onlara motivasiyanı inkişaf etdirmək, uşaqla yaşamaq, özünəinam,davranış kimi məsələlər aşınılacaq. Həm də övladlığa götürməyin necə bir nəcib iş olduğu da təlim yolu ilə öyrədiləcək. Onlara motivasiyanı inkişaf etdirmək, uşaqla yaşamaq, davranış kimi məsələlər aşınılacaq. Həm də övladlığa götürməyin necə bir nəcib iş olduğu da təlim yolu ilə öyrədiləcək.  

-Azərbaycanda övladlıq üçün istənilən uşaqlar əsasən 0-3 yaş arası, xüsusən də körpələr olur. Daha böyük yaşlı uşaqların da ailələrə verilməsi şansları varmı?

-Bəli, təəssüf ki bu çox halda belədir. Bu səbəbdən bizim qarşımızda olan məsələlərdən biri bütün yaş qruplarında olan uşaqların istənilməsini maarifləndirməkdir. Çoxu elə bilir ki, böyük yaşda uşaqlarla çətin olar. Uşaqla davranma, uyğunlaşmadan çəkinirlər. Amma vaideyn namizədlər bilməlidir ki, əgər övladlığa uşaq götürürlərsə, bütün yaşlarda uşağa sahib olmaq eyni gücü tələb edir.

- Uşaqla valideyn namizəd uyğunluğu necə təmin olunur? Axı söhbət hər iki tərəfin insan seçimindən gedir.

-Uşaqların istəklərinin  öyrənilməsi çox vacibdir. Valideyn - namizəddən qabaq uşaq ailəni seçir. Uyğun namizəd uşağa təklif olunur. Əgər valideyn namizəd razılıq verərsə, əyani yox, uşağın videosu yolu ilə namizədlər uşaqla tanış olurlar. Valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur.. Uğurlu seçim olarsa, 3 ay ərzində uşaq yeni ailəsinə gətirilir. Bu müddət ərzində  uyğunlaşma baş tutarsa, artıq hüquqi prosedur üçün məhkəməyə müraciət olunur, rəy təqdim olunur. Uşaq məhkəmənin qərarı ilə övladlığa verilir. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.

- Əgər uşaq bir müddət sonra ailədə uyğunlaşa bilməsə, necə olur?

- Əslində, indiyə qədər olan sadəcə bir proses idi. Əsil məsələ uşağın ailəyə tam verilməsindən sonra başlayır.Bu heç də asan iş deyil. İki tərəfin də adaptasiyası vacib amma səbir tələb edir. Bu zaman ərzində valideyn namizədlərə psixoloji dəstək, psixoloqların köməyi də tətbiq olunur. Əgər bu müddət ərzində iki tərəf arasında anlaşılmazlıq olarsa, uşaq “ev”inə qayıdır. Uşaq evində  uşağın reablitasiyası prosesi başlanılır.

-Kimlər valideyn namizədliyə uyğun deyil?

-Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.

- Ən çox valideyn namizədləri maraqlandıran məsələ prosesin nə qədər müddət çəkməsidir.

-Bu qaydalarla proses bir ilə qədər çəkə bilər. Bu prosesdə iştirak edən hər kəs üçün səbr, diqqət tələb edən prosesdir. Övladlığa götürmək istəyən çoxdur. Amma çoxu başa düşmür ki, valideyn hmayəsindən məhrum olmuş uşaqların hamısı axı övladılığa verilmək üçün uyğun deyil. Bu gün uyğun uşaqlarımız çox azdır. Çünki valideyn himayəsindən məhrum olmuş uşaq gərək məhkəmə qərarı ilə öz bioloji valideyni tərəfindən qanuni rədd edilsin.  Ya belə uşaqlar ata, ana tərəfindən imtina edilməli və ya valideynləri ölməlidir. Uşaqların mənafeyini bu hallarda üstün tutmasaq, BMT-nın uşaq hüquqları haqqında konvensiyasının tələblərini pozmuş olarıq. Bu gün uşaqlarıın uşaq evlərinə düşməməsi, bioloji aləysinə qaytarılması  üçün bütün səyləri cəmləyirik. Bu cəhdlər alınmadıqda, uşağın mənafeyi nəzərə alınaraq ona uyğun yeni ailəyə verilməsi barədə düşünmək olar. Əlbəttə ki, bu da xeyli zaman tələb edir. Hər il 800-900 uşaq  övladlığa verilir, yalnız onlar arasında 30-40 uşaq müəsisələrdən götürülür. Çox uşaq yaxın qohumlarına verilir. Bir də axı himayə edilmə ilə övladlığa verilmə ayrı-ayrı məslələdir. Birinci halda ailə bağları, qohumluq əlaqələri daha çox olur. Bu səbəbdən yad bir uşağın övladlığa götürülməsi həm həssas, həm istək, həm də böyük ürək, mənəviyyat tələb işdir.

Raminə Eyvazqızı

Müəllif: Raminə Eyvazqızı