Xocalı haqqında film beynəlxalq festivallarda uğurlar qazanıb

Mədəniyyət

23.06.2020 - 20:11

Həkimlər Klinikalar SEO Xidməti

Filmin ABŞ və Avropa ölkələrində də nüfuzlu mükafatlar qazanacağı gözlənilir

 

Azərbaycan Televiziyasının (AzTV) istehsalı olan və Xocalı faciəsinə həsr edilən “26.02.92” adlı qısametrajlı film bir sıra nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülüb. AYNA-nın xəbərinə görə, ekran işi “Ən yaxşı baş rolun ifaçısı”, “Rəssam işi”, “Qrim”, “Qadın” haqqında ən yaxşı film və sair nominasiyalarda uğurlar qazanıb.

 

Türkiyədə bir neçə nominasiya üzrə, həmçinin Hindistanda “Crown Wood” beynəlxalq film festivalında yüksək qiymətə layiq görülən filmin ABŞ və Avropa ölkələrində də nüfuzlu mükafatlar qazanacağı gözlənilir. “Andromeda” və Hollivud müstəqil kinematoqrafçılarının festivalları da bu qəbildəndir.

 

Filmin rejissoru Elvin Əhmədoğlunun sözlərinə görə, bu cür festivallarda iştirak etmək Azərbaycanı beynəlxalq aləmdə başqa bir rakursdan tanıtmaqla yanaşı, erməni vəhşiliyi və yalanları haqqında daha çox insana düzgün məlumat çatdırmaq nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir.

 

Baş rolun ifaçısı Münəvvər Əliyeva verdiyi açıqlamada filmin texniki və yaradıcı heyətinin mükəmməl olduğunu və bu komanda ilə çalışmaqdan böyük zövq aldığını bildirdi. Aktrisa Azərbaycan Televiziyasının istehsalı olan və erməni dilində də yayımlanan bu filmdə yaratdıgı obrazın öz daxili dünyasına yaxın olduğunu, doğmalarının Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşdüyünü və Xocalı ağrısını dərindən hiss etdiyini vurğuladı. O, bu filmi sənətə qiymət verənlərin birgə əməyi kimi dəyərləndirdi və qazanılan mükafatları da məhz bunun nəticəsi olduğunu bildirdi.

 

Filmin ssenari müəllifi və rejissoru Elvin Əhmədoğlu, rəssamı Fəridbəy Kərimov, qrim ustası Eldar İsrafilov, montaj edəni Əhməd Qasımov, vizual qrafika işlərini görən Rövşən Abiyev, rejissor assistenti Novruz Məmmədov, icraçı prodüseri Zamiq Əlövsətoğlu, layihə rəhbəri isə Ranar Musayevdir.

Müəllif: Ayna.az